İnsanlara hürriyət, millətlərə istiqlal!

4 ildir həbsdə olan Polad bəraət ala biləcək? - Qan nümunəsi onun deyil

Kirayə qaldığı evin sahibəsini öldürməkdə təqsirli bilinərək 11 il həbs cəzası verilmiş 50 yaşlı Polad İsmayılovun işi yenidən araşdırılır.

Bir müddət əvvəl Ali Məhkəmə 4 ildir həbsdə olan P.İsmayılovla bağlı qərarı ləğv edib.

Məhkəmə belə qənaətə gəlib ki, məhkum şəxsin cinayət işinə düzgün baxılmayıb. Bu səbəbdən iş yenidən apellyasiya baxışına qaytarılıb.

İttihamda deyilir ki, yük maşını sürücüsü işləyən P.İsmayılov Zaqatala rayonunda 61 yaşlı Seyran Əyyubovanın evində kirayə qalıb. Hadisədən bir gün əvvəl ev sahibəsi İsmayılova istədiyi çarpayıda yatmağa icazə verməyib. O, bundan əsəbiləşərək səhəri gün günorta işdən çıxaraq evə gəlib, qisas məqsədilə S.Eyyubovanı qətlə yetirib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.İsmayılov qəsdən adam öldürməkdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.

Hazırda işə Şəki Apellyasiya Məhkəməsində hakim Rövşən Rəfiyevin sədrlik etdiyi hakimlər heyəti baxır.

P.İsmayılov özünü təqsirli bilmir, cinayətin hədə-qorxu və digər vasitələrlə onun üzərinə qoyulduğunu deyir.

Prosesdə 4 il əvvəl iş üzrə rəy vermiş ekspert polkovnik-leytenant Gündüz Cəbrayılov şahid qismində dindirilib.

G.Cəbrayılov ona görə məhkəməyə çağırılıb ki, zərərçəkmiş Seyran Əyyubova öldürülən vaxt hadisə yerindən başqa şəxsə məxsus 3-cü qrup qan nümunəsi tapılıb. Ekspert isə rəydə göstərib ki, Polad İsmayılovun qanı ilə hadisə yerindən tapılan qan eyni şəxsə məxsusdur. Maraqlıdır ki, P.İsmayılovun qanı 1-ci qrupdur.

Bu vaxt təqsirləndirilən şəxsin vəkili Zabil Qəhrəmanov şahidin ifadə verməsinə etiraz edib. Vəkil deyib ki, polis və prokurorluq işdə maraqlı tərəflərdir: “Hüquq-mühafizə orqanlarının ekspert qismində rəy verməsi, ümumiyyətlə, doğru deyil. İstintaq və təhqiqat orqanına tabe olan şəxs ümumiyyətlə, ekspert ola bilməz”.

Ekspert ifadəsində deyib ki, ona üstündə “Polad İsmayılov” yazılmış şüşənin içində qan təqdim olunub. Bundan başqa, bir tənzifin üstündə də qan ləkəsi olub. O da həmin nümunələr əsasında rəy verib: “Qan və tənzifin haradan və necə götürüldüyünü bilmirəm. Tənzifdə olan qanın az bir hissəsini tədqiqat məqsədilə istifadə edib, qalanını təhvil vermişəm”.

Ekspert ifadəsi əsnasında məhkəməyə sənədlərin fotolarını təqdim edib. Sənədlərə baxış zamanı möhürlərin rəngi hakimlərin diqqətini cəlb edib. Möhürlərin rəngi bir neçə il əvvəl vurulana bənzəmədiyi üçün sənədlər iş materiallarına əlavə olunub.

Prosesdə hadisə yerində çəkilmiş videogörüntülərə də baxılıb. Görüntülərdə Polad İsmayılov müstəntiqin iştirakıyla videoçəkilişlə ifadə verib, Seyran Əyyubovanı necə öldürdüyünü danışıb.

Vəkil Zabil Qəhrəmanov görüntülərdə bir məqama xüsusi diqqət etməyi xahiş edib.

Vəkil deyib ki, ittiham aktında S. Əyyubovanı öldürən şəxsin daha sonra bıçağı mətbəxdəki kranın altına atıb getdiyi göstərilib. Çünki hadisədən sonra oradan qanlı bıçaq tapılıb. Amma videoda Polad İsmayılov deyir ki, “mən onu öldürdüyüm bıçağı yolda çaya atdım”.

İclasda P.İsmayılovun tanışı, hadisəyə qədər Zaqatalada bazar yeməkxanasında işləyən Nazim Şahmərdanov da dindirilib. Şahidin sözlərinə görə, Polad hər gün onun yeməkxanasında yemək yeyib. O, cinayəti onun törətdiyinə inanmadığını deyib.

Məhkəmə baxışının yekunlaşacağı gözlənilsə də, prokuror son anda vaxt istəyib. (Qafqazinfo)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR