İnsanlara hürriyət, millətlərə istiqlal!

260 manat aliment ödəməyənə cəza, 350 min manatı verməyən sabiq səfirin dostuna “molodes”?

Azərbaycanda bir ata 2 azyaşlı övladı üçün təyin edilmiş cəmi 260 manatlıq alimenti ödəmədiyinə görə 1 il müddətinə azadlıqdan məhrum edilib. Amma sabiq səfir, keçmiş deputat Elmira Axundovanın yaxını, milyonlarla manat mənimsəməkdə ittiham olunan Elnur İbrahimov məhkəmə qərarını illərlə yerinə yetirmir, hətta qərarda adı keçməyən şəxs Həbib Axundova 55 min  manat pul ödəyir və cəzasız qalır.

Əgər alimentə görə həbs mümkündürsə, 350 min manatlıq məhkəmə qərarını yerinə yetirməyənə qarşı niyə tədbir görülmür?

1993-cü il təvəllüdlü Təbriz adlı bir gənc ailəsindən ayrıldıqdan sonra iki uşağı üçün təyin olunmuş alimenti ödəmədiyinə görə 3-cü dəfə məhkəmə qarşısına çıxarılır. Əvvəllər inzibati məsuliyyətə cəlb olunub, bu dəfə isə 1 il müddətinə həbs cəzası alıb. Məhkəmə təyin olunmuş 260 manatlıq aylıq alimentin 7800 manata çatdığını, buna baxmayaraq Təbrizin illərlə bu öhdəliyə məhəl qoymadığını əsas kimi götürüb.

Təbriz məhkəmədə deyir ki, alimenti ödəyə bilmir: “Maddi imkanım yoxdur, amma çalışıb ödəyəcəm.”

Lakin uşaqlarının anası onun işlədiyini, sadəcə alkoqola və şəxsi ehtiyaclarına pul xərclədiyini deyir. Məhkəmə isə Təbrizin ödəmə qabiliyyətinin olmasını əsas tutub, onu azadlıqdan məhrum edib.

Bura qədər hər şey qanunidir, ədalətlidir.

Bəs Təbrizə qanunun sərt üzünü göstərən dövlət niyə Elnur İbrahimova qarşı bu dərəcədə loyaldır?

Əgər bir ata aliment ödəmədiyinə görə həbs olunursa, onda məhkəmə hökmü ilə zərərçəkmiş Fərman Məmmədova 350 min manat ödəməli olan Elnur İbrahimov 1 manat ödəmədən cavabdehlikdən necə yayına bilir?

Məhkəmə icraçılarının hərəkətsizliyinə niyə biganə yanaşılır? 

Fərman Məmmədovun mülki iddiası üzrə icra sənədi Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə təqdim olunub. Amma 6 ildir yerinə yetirilmir. Əvəzində nə baş verir? Elnur İbrahimov 2023-cü ildə, artıq məhkum olduğu bir vaxtda sabiq deputat Elmira Axundovanın oğlu Həbib Axundova 55 min manat ödəyir. Bu ödənişin rəsmi hüquqi qərara əsaslanmadığı, daha çox gizli razılaşma çərçivəsində baş verdiyi iddia olunur.  Deməli, Elnur İbrahimovda pul var imiş. Sadəcə kimə veriləcəyi seçilir.

Sabunçu rayon məhkəməsi icra məmurunun fəaliyyətsizliyini qanunsuz sayır, bu barədə 2024-cü ildə qərar verir. Amma yenə də nəticə yoxdur. İcra məmuru məhkəməyə çağırılır, gəlmir.

Zərərçəkmiş Fərman Məmmədovun hüquqları pozulur, heç kim reaksiya vermir. Bu ayrı-seçkiliyə məruz qalmanın arxasında kimlər dayanır?

Elmira Axundovanın “ağsaqqalım” adlandırdığı Ramiz Mehdiyevmi? Onun illər öncə verdiyi qanundan kənar göstərişi hələ də qanun sayan kimlərdir?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov məsələyə aydın hüquqi şərh verib. O, Musavat.com-a deyib ki, əgər bir şəxs bilərəkdən məhkəmə qərarını icra etmirsə, bu, Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə məsuliyyət yaradır:

“Əgər Elnur İbrahimov Həbib Axundova 55 min manat ödəyə bilirsə, deməli Fərman Məmmədova olan borcu da ödəyə bilərdi. Ödəməyibsə, məsələ artıq hüquqi deyil, sistem problemidir. Əgər Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə qərarları yerinə yetirilmirsə, bu halda qanunlar və ədalət sistemi kağız üzərində qalır. Əgər bir şəxs sistemin müəyyən simalarına qarşı öhdəliklərini yerinə yetirir, amma dövlətin qərarına məhəl qoymur, bu artıq hüquqi deyil, şəxsi münasibətlərin qanundan üstün tutulmasıdır”.

Natiq Ələsgərov deyib ki, Elnur İbrahimov barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi başlanmalıdır: “İcra məmuru barəsində xidməti yoxlama aparılmalı, intizam və hüquqi məsuliyyət tətbiq edilməlidir .Zərərçəkmişə dəymiş ziyan dövlət büdcəsi hesabına ödənilməli, sonra Elnur İbrahimovdan regress qaydasında alınmalıdır. Qanun hamı üçün olmalıdır. Elnur İbrahimova “gözün üstə qaşın var” deyilmirsə, onda Təbrizi niyə həbs ediblər?”

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR