İnsanlara hürriyət, millətlərə istiqlal!

25 milyard dollar və 30 il... - Qarabağın minalardan təmizlənməsinə Qərb niyə laqeyddir?

“İkili standart” siyasətinin növbəti təzahürünə Bakıdan sərt reaksiyalar; “Təəssüf ki, yenə siyasi əxlaqsızlıq nümayiş etdirir, riyakar mövqe sərgiləyirlər...”

“Qarabağda mina problemini həll etmək üçün Azərbaycana təxminən 30 il və 25 milyard dollar lazımdır”.

Bunu oktyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı sammitində çıxışı zamanı deyib.

“Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan Azərbaycan ərazisinə bir milyondan çox mina basdırıb. Beynəlxalq ekspertlərin fikrincə, mina problemini həll etmək üçün Azərbaycana təxminən 30 il və 25 milyard dollar lazım olacaq”, - İlham Əliyev qeyd edib.

Dövlət başçısı xatırladıb ki, Qarabağda müharibənin başa çatmasından keçən iki il ərzində mina partlayışları nəticəsində 250-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.

Artıq o da məlumdur ki, Ermənistan hətta 44 günlük müharibədən sonra da Azərbaycan ərazilərində mina basdırmağa davam edib. Ümumilikdə torpaqlarımızda basdırılan minaların sayı 1 milyondan çoxdur. Bu, kifayət qədər böyük rəqəmdir. Əfsus ki, Azərbaycan bu problemin öhdəsindən təkbaşına və qısa müddətdə gəlmək imkanında deyil. Bu da məcburi köçkünlərin öz yurd yerlərinə qayıdışının ləngiməsi deməkdir.

Bəs Ermənistanla sülh müqaviləsi imzalanandan sonra tutaq ki, Avropa Birliyinin, digər Qərb maliyyə qurumlarının Bakıya minalarla bağlı ciddi maliyyə köməyinin edilməsi mümkünmü? Ümumiyyətlə, Qarabağı minalardan təmizləməyə Qərb niyə laqeyddir?

Azər Badamov: Qeyri-neft sənayesinin sürətli inkişafı ölkə iqtisadiyyatının  dünyadakı mənfi tendensiyalardan qorunmasına imkan verir - AZƏRTAC

Azər Badamov

YAP-çı deputat Azər Badamov fikirlərində Makronun sayıqlamalarına da diqqət ayırdı: “Azərbaycan BMT TŞ-nin qətnamələrini özü öz gücü ilə icra etdi. Qərb 27 ildə səssiz qaldı və işğalçıya heç bir təzyiq göstərmədi. İndi isə iki ildir ki, Azərbaycan Ermənistanın 30 ildə dağıdıb məhv etdiyi yaşayış məntəqələri heç bir xarici dəstək almadan öz gücü ilə bərpa edir. O cümlədən minalanmış ərazilərin təmizlənməsi işini də öz gücü ilə görür. Xarici ekspertlərin hesablamalarına görə, ərazilərimizin minalardan təmizlənməsi üçün  ölkəmizə 30 il və 25 milyard dollar vəsait lazımdır. Halbuki belə proseslərdə müəyyən beynəlxalq təşkilatlar və ölkələr yardımlar edirlər ki, işğala məruz qalmış ölkə müharibənin nəticələrini qısa zaman kəsiyində aradan qaldıra bilsin.

Təəssüf ki, bəzi ölkələrə yanaşmada Qərb ümumən həm müharibədə qalib gəlməsi, həm də müharibədən sonrakı bərpa prosesində səfərbər olunurlar və milyardlarla dollar yardımlar edirlər. Amma Qərbdə Fransanın prezidenti Makron kimilər ədalətdən uzaq olaraq hərbi cinayətlər törətmiş erməni toplumuna dəstək olur və tarixi ədaləti bərpa edən ölkəmizə qarşı ittihamlar səsləndirirlər.

Təbii ki, dünyada belə “ikili standartlar” davam etdikcə müharibələr və qırğınlar da davam edəcək. Düzdür, haqq-ədalət həmişə qalib gəlir. Necə ki, 30 ildən sonra torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etmişik. Ölkəmizin kifayət qədər gücü var ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq bərpa işləri həyata keçirərək Böyük Qayıdışı davam etdirsin, həm də ölkəmizə qarşı yönəlmiş düşmən qüvvələrinə qarşı qəhrəmancasına dayansın".

Elxan Şahinoğlu - Bioqrafiya.com

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “İkinci Qarabağ müharibəsindən iki il keçib və bu müddətdə minaların partlaması nəticəsində 250-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Buna baxmayaraq, Ermənistan 44 günlük müharibədən sonra da Azərbaycan ərazilərində mina basdırmağa davam edib. Prezident İlham Əliyev etiraf edib ki, Azərbaycan bu problemin öhdəsindən təkbaşına və qısa müddətdə gəlmək imkanında deyil. Bu da məcburi köçkünlərin öz yurd yerlərinə qayıdışının ləngiməsi deməkdir. Beynəlxalq təşkilatlar və bir qrup dövlət Azərbaycan ərazisində basdırılan minalarla bağlı məlumatlıdırlar. Azərbaycana minaların təmizlənməsi üçün dəstək verən dövlətlər də var. Ancaq bu məsələ Qərbdə geniş əks-səda doğurmayıb. ABŞ-da və Fransada daha çox Ermənistanın mövqeyi dəstəklənir. Azərbaycana qarşı müxtəlif ittihamlar səsləndirilir. Ancaq bu ittihamları səsləndirənlərin heç biri minalardan danışmır, Birinci Qarabağ müharibəsində itkin düşən 4 min azərbaycanlı barədə sual vermir və ya Azərbaycan torpaqlarının 27 illik işğalı dövründə şəhər və qəsəbələrin dağıdılmasına toxunmur. Çünki həmin şəxslər və qruplar ədalətli deyillər.

Azərbaycan diplomatiyasının, səfirliklərinin və xarici ölkələrdəki diasporunun üzərinə mühüm vəzifə düşür. Onlar çalışdıqları və yaşadıqları ölkənin rəsmilərini, deputatlarını və ictimaiyyətini məlumatlandırmalı, birtərəfli yanaşmadan çəkindirməlidirlər. Fəallıq olmasa keçmişdə olduğu kimi, daima ermənipərəst açıqlama və ittihamlarla üzləşəcəyik. Misal üçün, xarici ölkələrdə “Azərbaycan torpaqlarını minalardan azad edək” kampaniyasına başlamaq olar. Bununla həm ianə toplanar, həm də diqqət Ermənistanın və Qarabağ separatçılarının mina basdırmaq təxribatına yönələr".

Ermənistanın KTMT hikkəsi - İrəvandan “Rusiyaya təpik, Qərbə qucaq” mesajı

Mətləb Aslanov

AĞ Partiya başqanının köməkçisi, siyasi ekspert Mətləb Aslanov bildirdi ki, bu laqeyd qalmada təəccüblənəsi bir şey yoxdur: “Qərb dünyasının ermənipərəst mövqeyinin hər zaman şahidi olmuşuq. 30 il bir işğala susan bu dünyadan hansı ədaləti gözləyək? Bir də Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT Minsk Qrupunun üç həmsədr ölkəsindən ikisinin - Amerika və Fransanın təmsilçisi olduğu Qərb dünyasından bundan artığını gözləməyin özü absurd olardı. Artıq elə bir dünyada yaşayırıq ki, özümüz-özümüzə güvənməliyik.

Cənab prezidentin açıqladığı rəqəm təbii ki, böyükdür. Amma getdikcə iqtisadi cəhətdən durmadan güclənən Azərbaycan dövlətinin bunun öhdəsindən gələcəyinə əminik. Zatən ərazilərimiz azad ediləndə hər kəs minaların əsas problemə çevriləcəyini bilirdi. 30 il məcburi köçkünlərimiz, bizlər dözmüşük, daha 30 il də dözərik. Əsası odur ki, sonunda Qarabağa qayıdış tam şəkildə olsun. Azərbaycan hökuməti də buna çalışır. Qərb ölkələri tez-tez Ermənistana yardımlar edir. Qarabağda təmir-bərpa, quruculuq işləri üçün bizə də yüksək məbləğdə yardım edə bilərdilər. Çünki dünyanın çox yerlərində belə dağıntılar olanda bu cür yardımların az şahidi olmamışıq. Sadəcə, nə edək ki, “ikili standartlar”dan çıxış edən bir dünya üz-üzəyik".

Ramil Məmmədli: “Orta hesabla erməni silahlı qüvvələrinin əsgər itkisi 10  min nəfərdən çoxdur” - Azinforum.az İnformasiya Portalı

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli bu münasibətin kökündə ən çox da Azərbaycanın güclənməsini, iqtisadiyyatının durmadan inkişafını görür: “Ümumiyyətlə, Qərbin Azərbaycana münasibəti, müvafiq təsisatlarının, qurumlarının Qarabağ münaqişəsinə, Ermənistan-Azərbaycan münaqişəsinə, yaxud Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi məsələsinə münasibəti birmənalı deyil. Hətta deyərdim ki, anti-Azərbaycan mövqeyindən çıxış edirlər. Ölkəmizə bu istiqamətdə dəstəyin göstərilməməsinin, laqeyd münasibət sərgilənməsinin əsas səbəblərindən biri də Qərbin Azərbaycana olan münasibətindən irəli gəlir. Yəni Qərb ərazi bütövlüyümüzü təmin etmək üçün müharibə aparmağımızla barışa bilmədi, bu gün də barışa bilmir. Qərbin, xüsusilə Fransanın bu istiqamətdə atdığı addımların, ölkəmizə qarşı təzyiqlərin, təhdidlərin əsasında dayanan da budur.

Müqayisə üçün deyim ki, Ukraynada minalanmış ərazilərin təmizlənməsi istiqamətində artıq bəzi Avropa ölkələri hərəkətə keçiblər. Buna müvafiq qurumlar, humanitar təşkilatlar tərəfindən maliyyə yardımı da ayrılıb. Azərbaycana isə bu istiqamətdə hər hansı bir dəstək nümayiş etdirilməyib. Heç texnika da verilməyib. Azərbaycan öz maliyyə imkanlarına hesabına silahları alır. Ölkə başçısı dəfələrlə bu və ya digər məsələlərə toxunub. İnanın ki, Ermənistanın başına belə bir iş gəlsəydi, yəni təcavüzkar ölkə minalanmış ərazilərlə qarşı-qarşıya qalsaydı, artıq Amerika başda olmaqla Avropa ölkələri ona yardım etmək üçün növbəyə durardılar.

Təəssüf ki, Qərb növbəti dəfə siyasi əxlaqsızlıq nümayiş etdirir, riyakar mövqe sərgiləyir, Azərbaycanın tutduğu düzgün mövqeyi, ərazi bütövlüyünün qorunması istiqamətində atdığı addımları qəbullana bilmir. Ölkəmizin güclənməsini, inkişafını istəmirlər. Burada elə əsas səbəblər bu qeyd etdiklərimizdir. Düşünürəm ki, Qərb hansısa kiçik bir məbləğdə ola bilsin ki, Azərbaycana yardım etsin. Bütün bunlar sülh müqaviləsi imzalanandan sonra baş verə bilər. Amma bu, ümumi prosesin dəyişməsinə səbəb olmayacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR