Onlayn ictimai-siyasi qəzet
Rusiyada “Ərim məni döyərsə, nə etməliyəm?” adlı broşur peyda olub. Tövsiyələr özünü psixoloji təhsil və təkmilləşdirmə mərkəzi kimi təqdim edən “Ünsiyyət Akademiyası” tərəfindən hazırlanıb. Hərbi qulluqçuların arvadları üçün nəzərdə tutulan sənəddə şok “məsləhətlər” yer alır. Qadınlara aşağıdakılar tövsiyə olunur:
“Stress” yaşayan ərlərinə haqq qazandırmaq; “onun karyerasını korlamamaq” üçün məsələni ictimailəşdirməmək; həyati təhlükəsi yoxdursa, zorakılığa dözmək; zədə izlərini makiyajla maskalamaq; “aqressiyaya səbəb olmamaq üçün” parlaq paltar və makiyajdan qaçmaq; öz davranışlarını təhlil etmək və döyülmə səbəblərini özündə axtarmaq; ərindən bağışlanma diləmək.
Beləcə, “təlimatlar” günahı təcavüzkardan qurbanın üzərinə keçirir və qadınları zorakılığa dözməyə çağırır, bunu da “döyüş stressi” ilə əsaslandırır.
Bu nə məsləhətlərdir belə? Rusiya cəmiyyəti hara yuvarlanır? Ər arvadını döyürsə, qadın ilk növbədə nə etməlidir?
Psixoloqlar hesab edirlər ki, bu kimi yanaşmalar qadınları ciddi təhlükə qarşısında qoyur. İnsan hansı şəraitdə olursa-olsun, zorakılığa haqq qazandırmaq olmaz. Döyüş meydanında yaşanan travmaların evə daşınması, qadın və uşaqların “emosional boşaltma obyekti” kimi seçilməsi ailə institutunu dağıdır.
Bundan başqa, ekspertlər qeyd edir ki, Rusiya hakimiyyəti üçün hazırda ən həssas təbəqə cəbhədən qayıdan və ya hərbi xidmətə göndərilən ailələrdir. Cəmiyyətdə yığılan narazılığı yönləndirmək və ictimai təzyiqi azaltmaq üçün hökumət “döyüş stressi” anlayışını legitimləşdirir. Qadınlara verilən bu “məsləhətlər” əslində dövlətin öz məsuliyyətini ailələrin üzərinə atması deməkdir.
Əslində hərbçilərin ailələrinə psixoloji və sosial dəstək göstərmək, zorakılığın qarşısını almaq dövlətin borcudur. Amma bu borcu yerinə yetirmək əvəzinə, “zərbəni yumşaltmaq” üçün qadınlardan susmaq, dözmək, üzr istəmək tələb olunur. Bu, siyasi manipulyasiyanın bir formasıdır: cəmiyyətin real problemləri üzə çıxmasın, döyüşün ağır nəticələri ictimailəşməsin, narazılıq dövlət strukturlarına yönəlməsin.
Beləliklə, “broşura” həm psixoloji baxımdan insanları zorakılığa öyrəşdirir, həm də siyasi baxımdan Kremlin “daxili sabitliyi qorumaq” siyasətinə xidmət edir.
Rövşən Nəcəfov
Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Yeni Müsavat”a bildirib ki, döyüş stressi bütün hallarda həm fizioloji, həm də psixoloji travmalara səbəb olur: “Onun fəsadlarını isə yaxın gələcəkdə istər fərdi olaraq insanlar, istərsə də cəmiyyət bütövlükdə görəcək. Heç bir halda, istər qadına, istərsə də kişiyə qarşı şiddəti dəstəkləmək olmaz. Döyüş meydanı yalnız döyüşçülərə məxsusdur. Sosial və ictimai həyatımızda isə biz "döyüşməyi" normal hal kimi qəbul edə bilmərik. Hazırda Rusiya cəmiyyətində “döyüş stresi” anlayışının ictimailəşməsi əslində yaranmış vəziyyətin idarə olunması üçün atılan addımdır.
Lakin bu, yalnız “kosmetik düzəlişlər” səviyyəsindədir. Kosmetik olaraq dəyişdirilən düşüncə insanın sağlam təfəkkürünü ifadə edə bilməz. Cəmiyyəti xəstə təfəkkürə alışdırmaq olmaz. İnsanların düşüncəsi komfort zonaya düşəndə onlar hər şeyə adaptasiya ola bilirlər. Amma gələcəkdə bu adaptasiya olunmuş vəziyyətin mütləq mənfi nəticələri ortaya çıxacaq. Əslində yaranmış avtomatik düşüncələr reallıqla uyğun gəlmir və bu, mütləq sorğulanmalıdır. Onların yerinə müsbət, sağlam alternativ düşüncələr formalaşdırılmalıdır. Reallığa uyğun gəlməyən davranış və fikirlər sağlam düşüncə yaratmır. Cəmiyyəti mənfi inanclar üzərindən idarə etmək olmaz".
Psixoloq qeyd edib ki, əgər ər arvadını və ya arvad ərini döyürsə, yəni istər fiziki, istərsə də psixoloji zorakılıq mövcuddursa, bu, hüquqi müstəvidə həll olunmalıdır: “Psixologiyanın sərhədi hüquqla bitir. Əgər qadın həyat yoldaşı tərəfindən şiddətə məruz qalırsa, o, həmin münasibətdən ayrılmalı və aidiyyəti dövlət qurumlarına müraciət etməlidir. İnsanın ən böyük haqqı yaşamaqdır. Heç bir şəraitdə bu haqqa qəsd olunmasına haqq qazandırmaq olmaz”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ