İnsanlara hürriyət, millətlərə istiqlal!

110 yaşlı Hayriyə nənənin uzun yaşam sirri: ən çox yediyi 3 qida - FOTO

Qardaş Türkiyənin Ordu vilayətində yaşayan və 110 yaşına baxmayaraq hələ də öz ayağı ilə tarlaya gedən, evində toxuculuqla məşğul olan Hayriyə Aybastı təkcə uzun ömrü ilə deyil, həm də yaşadığı həyat fəlsəfəsi ilə hər kəsə nümunə olur.

Musavat.com xəbər verir ki, 25 iyun 1916-cı il tarixində dünyaya gəlmiş Hayriyə Aybastı Altınordu rayonunda yaşayır. Hava şəraitindən asılı olaraq, vaxtının bir qismini Perşənbə kəndindəki bağ evində keçirir, burada öz əli ilə tərəvəz əkir, otları təmizləyir, gündəlik kənd həyatına uyğun işlər görür. Hayriyə nənə deyir ki, boş dayanmaq, heç bir işlə məşğul olmamaq onun üçün qəbulolunmazdır:

“Əlimin gücü çatdığı müddətcə torpaqla məşğul oluram, bacardığım qədər çalışıram. Örgü də toxuyuram, çünki vaxtı dəyərləndirmək, beyni işlətmək lazımdır” – deyə o bildirir.

Hayriyə Aybastı ömrü boyu sadəcə ailəsinə deyil, ətrafına da dayaq olub. Eri vəfat etdikdən sonra üç övladını təkbaşına böyüdüb, həm analıq, həm atalıq vəzifələrini yerinə yetirib. Bu gün onun altı nəvəsi var və nəsli böyüməyə davam edir. O, ailə dəyərlərinə sadiq, zəhmətkeş, prinsipial bir ömür sürüb.

Ordu Böyükşəhər Bələdiyyə Başçısı Mehmet Hilmi Güler Analar Günü münasibətilə Hayriyə nənəni evində ziyarət edib, ona gül və hədiyyə təqdim edib. Ziyarət zamanı bələdiyyə başçısı onun həyatına heyranlığını ifadə edib:

“Hayriyə Aybastı kimi qadınlar bizim üçün canlı tarixdir. Onun 110 illik ömrü təkcə illərin sayı deyil, həm də zəhmətin, təmkinin və əsl ana sevgisinin göstəricisidir. O, övladlarını böyüdüb, evinə sahib çıxıb, cəmiyyət üçün nümunə olub. Onun həyatından öyrənəcəyimiz çox şey var”, – deyə Güler bildirib.

Sağlam qalmanın sirri: Təbii qida və hərəkət

Hayriyə nənə uzun ömrünün sirlərini də açıq şəkildə bölüşür. Onun sözlərinə görə, bu yaşda belə sağlam qalmasının əsas səbəbi təbii və yerli məhsullarla qidalanma və hərəkətli həyat tərzidir.
O deyir:

“Yumurta, süd və qatıq əsas qidamdır. Hələ uşaqlıqda keçi südünü çox içirdim. Çayı az, ayranı çox içirəm. Su və qatığa xüsusi bağlılığım var. Öz bağımda yetişdirdiyim tərəvəzləri yeməyə üstünlük verirəm. Hazır yeməkləri sevmirəm, təbiilik mənim üçün əsasdır.”


Hayriyə Aybastı yalnız fiziki baxımdan deyil, mənəvi cəhətdən də güclü bir qadındır. Onun fikrincə, insanın uzun və mənalı yaşaması üçün əsas şərtlərdən biri də sevgi və sayqıdır:

“Mən anayam, eyni zamanda atayam. Uşaqlarımı həm sevgiylə böyütdüm, həm də onlara güc oldum. Məncə, insanın daxilində sevgi varsa, ömrü də uzun olur, həyatı da dəyərli. Ana-ata sevgisi, evlad sevgisi insanı yaşadır. Məni unutmayan hər kəsə təşəkkür edirəm”, – deyə o əlavə edir.

Hayriyə nənənin bu sözləri və həyat tərzi, xüsusilə bu günün sürətli və stressli həyat şəraitində yaşayan insanlar üçün mühüm mesajlar verir: sakit, zəhmətlə dolu, sevgi və təbiətə bağlı bir həyat həm uzunömürlü, həm də mənalı ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

12 May 2025

BÜTÜN XƏBƏRLƏR