İnsanlara hürriyət, millətlərə istiqlal!

Zərdüşt belə deyirdi: “Prezident seçilsəm...”  - Gələn il o sözü başqaları deyəcək

Seçilmək şansı olmayan siyasətçilərin prezident seçkilərində namizədliklərini irəli sürməsi ənənəsinin təməlini ölkəmizdə sosial-demokrat Zərdüşt Əlizadə qoyub.

Bu hadisə 1991-cı ilin sentyabrında olub. O zamana qədər Z.Əlizadə liderlərindən biri olduğu AXC-dən istefa vermiş, Azərbaycan Sosial-Demokrat Partiyasını təsis etmişdi.

1991-ci ilin sentyabrında ölkədə ilk dəfə prezident seçkiləri keçiriləcəkdi. Prezidentliyə 1 nömrəli namizəd Ayaz Mütəllibov idi. Həmin vaxt o, artıq 1 il 4 ay idi ki, prezident postunu tuturdu. 1990-cı ilin mayında A.Mütəllibov yeni təsis olunmuş bu posta Ali Sovet tərəfindən seçilmişdi. Ondan əvvəl, 1990-cı ilin qanlı yanvar günlərində isə o, Moskva tərəfindən yerli kompartiyanın 1-ci katibi təyin edilmişdi və faktiki olaraq Azərbaycana rəhbərlik edirdi.

1991-ci ilin sentyabrında keçirilən seçki, sadəcə, Mütəllibovun prezidentliyini legitimləşdirməliydi, onu parlament tərəfindən seçilən prezidentdən qaldırıb, “xalq tərəfindən seçilən prezident”ə çevirməiydi.

AXC seçkidə heç bir namizədlə iştirak etmək istəməyincə Zərdüşt Əlizadə bu fürsətdən yararlandı, namizədliyini irəli sürüb Mütəllibova alternativ oldu.

AXC isə seçkidə ona görə iştirak etmirdi ki, 20 Yanvar faciəsindən yaralı çıxmışdı, siyasi rəqiblər təşkilatı “xalqı qırğına vermək”də suçlayır, aramsız qara piar aparırdılar. Üstəlik, Moskva ölkəni tam nəzarətə götürmüşdü, ölkədə qeyri-rəsmi olaraq fövqəladə vəziyyət rejimi hökm sürürdü. Bu mühitdə müxalifətin qalib gəlmək şansı yox idi. Ona görə də AXC bu əlverişsiz situasiyada seçki yarışına qatılaraq uduzmaq, Mütəllibovun seçilməsinə legitimlik qazandırmaq istəmirdi.

Z.Əlizadənin isə elə bir problemi yoxdu, ona görə də o, seçkidə namizəd kimi iştirak etdi, dövlət televiziyasında ona ayrılan pulsuz efir vaxtından yararlandı, özünün və partiyasının piarını apardı. Düzdür, axırda yenə Mütəllibov qalib gəldi, amma Zərdüşt Əlizadə də ölkədə xeyli tanındı. Yalnız bu populyarlıq ona nə həmin il, nə də sonralar heç bir ciddi siyasi dividend gətirmədi. Sadəcə, qardaşı və partiyadaşı olan Araz Əlizadə deputat mandatı qazandı. A.Əlizadənin sonrakı vaxtlarda qatı mütəllibovçuya çevrilməsi isə göstərdi ki, Əlizadə qardaşları ilə Mütəllibovun komandası arasında razılaşma olub – təxminən bu cür: “Bizə bir mandat verin, sizə alternativ olaq”.

Eçibəyin prezident seçildiyi 1992-ci il (7 iyun) seçkisi isə alternativ namizədlər baxımından daha sanballı və zəngin idi. Prezident olmaq istəyənlər arasında keçmiş baş prokuror, o zamankı ədliyyə naziri İlyas İsmayılov, parlament sədri vəzifəsindən yenicə istefa vermiş Yaqub Məmmədov, xalq hərəkatının liderlərindən olan Etibar Məmmədov, parlamentin sədr müavini olan Tamerlan Qarayev, populist çıxışları ilə 1-2 ayın içində böyük şöhrət qazanmış və akademik kimi təqdim olunan Nizami Süleymanov vardı. Namizədlər arasında yalnız Rafiq Turabxanoğlu zəif bənd kimi görünürdü. Qalanları tanınmış simalar idi və Elçibəy ssəsvermə gününə 10 gün qalmış namizədliyini geri götürsə, kimin prezident olacağını təxmin etmək mümkün olmazdı.

Ondan sonrakı prezident seçkilərində də bir xeyli seçilmək şansı 0-a bərabər olan şəxslər iştirak edib. Bu 1993-cü, 1998-ci, 2003-cü illərdə keçirilən seçkilərdə də olub. Sadəcə, 1998 və 2003-cü illərdə keçirilən seçkilərdə mübarizə əsasən iki real namizəd arasında gedib. Bu seçkilər gərginlikləri, ajiotajları, kəskin mübarizə ovqatı ilə keçib. Daha sonrakı seçkilər isə seçilənin kim olacağının çox öncədən bilinməsi, seçki yarışına seçilmək şansı olmayanların daha çox qatılması ilə əlamətdar olub.

Demək olar ki, yenə də elədir. 7 fevral seçkisində də hansı namizədin qalib gələcəyi öncədən bəllidir. Hətta seçkiyə 100 namizəd qatılsa belə, nəticə dəyişməyəcək. Ona görə də aparıcı müxalifət partiyaları seçkidə iştirak etmək istəmirlər və bu, özlüyündə düzgün addımdır. Çünki olmayacaq bir işə partiyanın olan-qalan resurslarını tükətmək mənasızdır.

Bununla belə, namizəd olaraq seçki yarışına qatılanlar arasında vaxtilə xalq hərəkatının fəalı olmuş, siyasətdə bişmiş, təcrübəli şəxslər də var.

Əlbəttə, onlar özləri də seçkidə həlledici uğur qazana bilməyəcəklərini bilirlər, amma orası da var ki, təcrübələri, populyarlıqları, tərəfdarları artacaq və bu, sonrakı vaxtlarda onlar üçün faydalı olacaq - məsələn, parlament seçkilərində.

Müxalifət düşərgəsinin fəalları isə indidən bu şəxslərin adlarını halladırır, tənqid edir, istehza, rişxənd hədəfinə çevirri, onların namizədliklərinə dodaq büzürlər.

Bu, o halda effektiv olardı ki, əsas müxalifət partiyalarının liderləri də seçkidə iştirak edəydilər. O zaman protest elektoratın təmsilçiləri seçilmək şansı olmayan namizədlərə o qədər də əhəmiyyət verməz, enerjilərini öz namizədlərinin təbliğatına yönəldərdilər.

İndiki halda isə bekarçılıqdır, ona görə də 7 fevral seçkisindəki alternativ namizədlərin adı daha çox hallanacaq.

Bəs, bütün səslənən tənqidlər, onlara qarşı irəli sürülən iradlar, ittihamlar o namizədlərin vecinə olacaqmı? Olmayacaq. Adamların qarşısında öz konkret hədəfləri var və onlar öz əsas məqsədlərinə çatacaqlar.

Ancaq Zərdüşt Əlizadə aradan keçən bu 33 ildə bir daha prezidentliyə namizəd olmadı...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024