İnsanlara hürriyət, millətlərə istiqlal!

“Milli Janna d`Ark” ətrafında birləşənlər... – Dəstəkçilər qrupuna “bahadır” lazımdır

 

Bu köçkün-möçkün söhbəti niyə bu qədər uzandı, biri çıxsın, ağlabatan izahat versin.

Bu isterika ötən ayın üçüncü ongünlüyündə başlanıb, bir həftə də davam etsə, 1 ay olacaq ki, ölkənin gündəmində bu mövzu var.

İndiyədək belə olurdu ki, istənilən mövzunun müzakirəsi mətbuatda və sosial şəbəkədə 3 gün davam edirdi, uzağı bir-iki gün də “after-şok”ları olurdu.

25 günə yaxındır ki, kimlərsə bu mövzunu gündəmdən düşməyə qoymurlar.

Bunun süni şəkildə körükləndiyi yüz faizdir. Hansısa məkrli dairələr bu mövzunu Azərbaycan xalqının həssas yeri, zəif damarı hesab edir və ortaya mahal bölücülüyü salır.

Jurnalist Səidə Bəkirqızı, deyəsən, özü də bilmədən bir bölücülük hərəkatının təməlini qoyub.

Ona dəstək verənlər arasında özünü Rusiyaya yamayan, “baxın, yana-yana qalın, lap belə mən Kremlin agentiyəm” deyə biləcək adamlar var.

Onlar indiyədək çəkinmədən Rusiyanın təcavüzkarlığına haqq qazandırır, hər gün bu xüsusda status yazırdılar və başqa bir şey yazmırdılar. İndi Bəkirqızını dəstəkləyirlər, “haqlıdır” yazırlar.

Bir onlar deyil, xanımı Janna d`Ark səviyyəsinə qaldıranlar, şəninə şeir qoşanlar var. Bu gedişlə yazın günlərdə ona mahnı, romans da həsr olunacaq.

“Halal olsun, kişi qızısan”, “sənin kimi cürətli jurnalistlərə eşq olsun”, “həqiqəti deyən dilin var olsun”, “Yaşasın Səidə Bəkirqızı” və sair bu kimi yüzlərlə epitet səslənir, yazılır.

Bilməyən hesab edər ki, Səidə korrupsioner məmurlarla, inhisarçı oliqarxlarla, nazirlərlə, komitə sədrləri ilə, rəislərlə amansız mübarizə aparır, geri çəkilmir.

Heç vaxtilə ölkədəki neqativ hallardan yazan, buna görə tutulan, döyülən, təqib-təzyiqə məruz qalan jurnalistlər Səidənin 5 faizi qədər dəstəklənmirdi. Niyə? Çünki onların mübarizə apardıqları şəxslər güclü adamlar idi, əllərində mənsəb və sərvət vardı, döyüşkən jurnalistə qahmar çıxmaq onlarla savaşa girmək demək idi. Buna isə hər adamın hünəri çatmırdı, ürəkləri jim-jim edirdi.

Haliyədə isə Səidənin hücum etdiyi insan qrupu binəsib köçkünlərdir. Əlləri hara çatır? Uzağı, əli qələm tutanları saytlarda nəsə etiraz dolu bir şey yazacaqlar, qalanları da sosial şəbəkədə söyüb-söylənəcəklər. Vəssalam.

O isə 3-5 haramxora görə 500 mindən çox heç bir günahı, təqsiri olmayan insanlar kateqoriyasını bütöv bir xalqla üz-üzə qoyur, dilə-dişə salır, ölkədə faktiki vətəndaş qarşıdurması yaradır. Həm də çox pis bir presedentin əsasını qoyur. İndi bir az populyarlıq və pul qazanmaq istəyən növcavan jurnalistlər qılınclarını siyirib qaçqın-köçkünün və ya başqa insan qruplarının üstünə düşəcək, onlardan sərt təpki görəcək, öz adlarının hallanmasına nail olacaqlar. (Bəzi gənc şair-yazıçılar bu fənddən uğurla istifadə etdilər, indi hamısı məşhurdur).

Heç demə, bu ölkədə də minlərlə insanın ayrı-ayrı məcburi köçkünlərlə söz-söhbəti, problemi varmış. Hazırda onlar “milli Janna d`Ark”ın ətrafında birləşiblər və intriqada olduqları bir-iki nəfərə görə bütöv rayonların əhalisinə qarşı kin qusurlar.

Keçən dəfə yazdıq, rəqəmlərlə, arqumentlərlə göstərdik: nəinki Bakıda, ümumiyyətlə, bütün ölkədə başqasının mənzilinə girən və hələ də çıxmayan köçkünlərin faiz əmsalı 0-la başlayır, iki-üç 0-dan sonra bir rəqəmlə ehtiva olunur.

Yəni köçkünlərin 99,99 faizi heç kimin evinə girməyib, böyük əksəriyyəti çadır şəhərciklərində, tələbə yataqxanalarında, uşaq bağçalarında, sanatoriyalarda, vaqonlarda, sonradan tikilən fin qəsəbələrində, köçkün şəhərciklərində yaşayıblar.

Bir fəlakət idi, ermənilər demişkən, “Meds Yaqern” idi, Qarabağ mahalının insanlarının başına gəldi, uzun iztirablardan sonra dövlətin dəstəyi ilə birtəhər vəziyyətdən çıxdılar. İndi geriyə köç başlayıb. İşğaldan azad olunmuş ərazilərdə yaşayış massivləri tikildikcə, köç də intensivləşir.

Ona görə də yaxın gələcəkdə paytaxtda məcburi köçkünlər azalacaq, “könüllü köçkünlər” (ölkənin 74 rayonundan Bakıya axışanlar) isə artacaq. Bu heç, bu urbanizasiya prosesidir.

Ancaq bu mövzunu inkişaf etdirərək, böyütmək, insanları təhqir etmək, düşmən saymaq olduqca qəbahət hərəkətdir, xalqa qarşı düşmənçilikdir.

Təsadüfi deyil ki, artıq İrəvanda ermənilər də ölkəmizdəki bu polemikanı ləzzət içində seyr və müzakirə edir, “azərbaycanlı Janna”ya dəstək verirlər.

Bir də öz ölkəmizdə isə xroniki “qəhrəman” axtarışında olan bir dəstə adam var, vaxtaşırı kimisə tapır, poh-pohlayıb qızışdırır, qabağa verirlər. Daha sonra “bahadır” elan edilmiş adam reallığı dərk edib öz məcraslna qayıdanda “dəstəkçilər qrupu” umsuq olur, başqa “qəhrəman” axtarırlar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR