İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüstəm bəyin üsyanı – “Müharibə üçün resurslarımız tükənib”

Həftələr öncə Rusiyanın Ukraynaya qarşı apardığı və “xüsusi hərbi əməliyyat” adı qoyduğu, əslində isə 1945-ci ildən bəri Avropada ən böyük dağıntı və tələfata səbəb olan müharibəyə dair yazdığımız bir detalın gerçəkliyi bu günlərdə yüksək mənsəbli siyasətçi tərəfindən təsdiqlənib.

Yazmışdıq ki, Kreml Ukrayna ilə müharibənin əsas ağırlığını muxtar respublika və dairələrin üzərinə yükləyib və onların insan resursunu, eləcə də maliyyə qaynaqlarını sürətlə tükədir.

Bu günlərdə Tatarıstanın rəhbəri Rüstəm Minnixanov bu barədə danışaraq deyib: “Tatarıstan xüsusi hərbi əməliyyat üçün öz insan və pul resursunu, demək olar ki, tükədib. Biz müqavilə ilə döyüşənlərə ödənişləri 3 dəfə azaltmağa məcbur olmuşuq. Müdafiə Nazirliyinin rəhbərliyinə müraciət edirəm, diqqətinizi ölkənin daha varlı və əhalisi sıx olan yerlərinə, məsələn, Moskva və Sankt-Peterburqa yönəldin”.

Əslində, bu üsyan deməkdir. Dilə gələn federasiyanın ən sanballı, ən böyük respublikası olan Tatarıstanın rəhbəridir, amma bunun Başqırdıstan, Dağıstan, Xantı-Mansı, Çuvaşiya, İnquşetiya, Çeçeinstan, Kabardin-Balkar və onlarca başqa respublika və muxtar dairələri var. Yəqin ki, onlar da dilə gələcəklər.

Rusiyada 60-da çox etnik qrup var, onların çoxu muxtar dairələrdə kompakt halda yaşayır. “Xüsusi hərbi əməliyyat” başlayandan bəri bu etnik qrupların kişi cinsindən olan gənc və sağlam fərdləri ya hərbi çağırışla, ya da şirnikləndirilərək, bəzən isə nəyə görəsə məcbur qoyularaq döyüşən ordunun sıralarına cəlb edilirlər. Onları arxa cəbhədə, ehtiyat hərbi hissələrdə çox da ləngitmədən ön cəbhəyə göndərir, güllənin, mərminin qabağına verirlər.

Bu üzdən Rusiya ordusunun itkiləri həddindən çoxdur, güman və etiraf edildiyindən daha çox, Ukrayna tərəfinin iddia etdiyinə daha yaxın.

Rusiyanın indiki generalları əsgər ölümləri məsələsinə sovet dövründəki sələfləri kimi yanaşırlar. II dünya müharibəsində Jukov, Konev, Çuykov, Rokossovski, Malinevski, Baqramyan kimi marşal və generallar milyonlara sovet əsgərini qabağa verib “uf” demədən qırdırdığı kimi, indiki generallarda döyüşlərdə mənasız yerə qırılan əsgər və aşağı rütbəli zabitlər üçün heç bir vicdan əzabı çəkmirlər. Kremldə düşünürlər ki, Rusiya Federasiyasındakı etnik azlıqlar arasında doğum nisbəti onsuz da artıqdır, nə qədər qırılsalar da, yox olmayacaqlar.

Minnixanovun RF-nin Müdafiə Nazirliyinin rəhbərliyini Moskva və Sankt-Peterburq kimi varlı və əhalisi çox olan yerlərə diqqət yetirməyə çağırması dolayısı ilə də yox, birbaşa o deməkdir ki, meqapolislərdə yaşayan rus gənclər də vətənin müdafiəsinə cəlb edilməlidir.

Gerçəkdən də bu şəhərlərdə yaşayan həmvətənlərimizin sözlərinə görə, Rusiyanın adları çəkilən və çəkilməyən iri şəhərlərinin kafe-barlarında, digər əyləncə məkanlarında hər gecə on minlərlə gənc rus ölkədə müharibə-filan yoxmuş kimi asudə bir mühitdə əylənir, kef edirlər. Onları nə çağırış vərəqi ilə, nə də müqavilə imzalamaqla döyüşən orduya aparan yoxdur.

Aydın məsələdir ki, bu şəhərlər federasiyanın ən varlı şəhərləridir, büdcələrində milyardlar var. Onlar müqavilə ilə döyüşən əsgərlərə daha çox pul ödəyə bilərlər, daha Tatarıstan kimi döyüşənlərin maaşını, ölənlərin ailəsinə verilən kompensasiyası 3 dəfə azaltmazlar.

Tatarıstan liderinin müraciəti həm də onu göstərir ki, Rusiya özünü nə qədər sarsılmaz göstərsə də, hələ uzun illər müharibə aparmağa qadir olduğunu iddia etsə də, gerçəklik elə deyil. Federasiyanın hərbi itkiləri böyükdür və əsgər çatışmazlığı ilə üzləşib. Onların yerini doldurmaq asan deyil.

Məhz buna görədir ki, Rusiya Ukrayna müharibəsi üçün xaricdən muzdlu döyüşçülər cəlb etməyə çalışır. Şimali Koreyadan gətirilən hərbi kontingentlər də bu sıradandır. Koreyalılar arasında böyük itkilərin olduğu artıq KXDR rəhbərliyi səviyyəsində təsdiq olunub.

Kreml postsovet ölkələrdən, eləcə də bizim ölkədən də bir xeyli könüllünün müqavilə əsasında öz ordusuna cəlb edib. Onları arxa cəbhədə işləyəcəkləri, aşpaz olacaqları, təchizat işlərinə baxacaqları, hücum əməliyyatlarında iştirak etməyəcəkləri vədləri ilə aldadıb aparıblar, bir neçə aydan sonra isə ön xəttə çıxarıblar. Ona görə də pula şirniklənmiş həmvətənlərimiz arasında həlak olanların sayı artmaqdadır. Real say isə hərbi əməliyyatlar dayandırıldıqdan sonra ortaya çıxacaq.

Bir sözlə, Rusiya-Ukrayna müharibəsi təkcə bu iki ölkənin bəlası deyil, eyni zamanda Rusiyada yaşayan etnik azlıqların qırılıb-çatıldığı, bütün Avropa ölkələrinin ziyana düşdüyü, keçmiş sovet ölkələrindən olan miqrantları təhdid edən qanlı savaşdır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR