Onlayn ictimai-siyasi qəzet
Gürcüstanda yaşayan dostum oradan xəbər göndərib, deyir, Batumda yay teatrının binasını 162 min dollara təmir eləyib qurtarıblar. “Yay teatrı” deyəndə ağlınıza hansısa çölün düzündə, plyajda-zadda iki cüt bir tək skameyka və səhnə gəlməsin, Batum yay teatrı 1200 nəfərlik salonu olan unikal memarlıq abidəsidir. Təmir, rekonstruksiya işləri isə tək binanın xarici görkəmini yox, interyerini, səs, işıqlandırma sistemlərini əhatə etmiş, yanğın təhlükəsizliyi qurğuları qurulmuşdur (teatr bir dəfə yanıb, ondan dərs alırlar).
Dostum deyir, gürcülər ağılsızdır, çox az pulla işi görüb qurtarıblar. Həqiqətən. Bir teatr ki minimum 3-4 milyon dolların “arxasına”, mədəni dildə yazsaq, pərdə arxasına keçmədi, o nə teatrdır? Gürcü rejissoru Tengiz Abuladzenin 1984-cü ildə çəkdiyi “Tövbə” filmində belə söhbət var: “Əgər yol məbədə aparmırsa, o kimə lazımdır?” Bizdə də mədəniyyət məbədlərinin təmirinə və tikintisinə ayrılan vəsait şişirdilib, oğurlanmırsa, camaata ləzzət eləmir. Heç kim düzgün tikilmiş teatrda tamaşaya baxmaq istəmir. Korrupsiyasız əmələ gələn konsert salonunda bayquşlar ulayır. Vallah. Neçə yerdə belə salonlar görmüşəm. Bakının özündə “Kristal Hall”ı yeyintisiz tikdik, “Evrovızyon”dan sonra orada oxuyan yoxdur. (Bunu zarafat üçün yazdım, bulvarda yeyintisiz nəsə tikmək olar? Dəniz üstümüzə qalxar, batarıq. Belə şeyi Allah götürməz).
168 min dollar... Tfu... Gör nə qədər ucuzluq, hörmətsizlik, Qafqazın adını batıran hərəkətdir. Bizdə 168 min dollara heç icra başçıları balaca gədəsinə maşın almır. Nəinki icra başçısı, o cümlədən teatrlarımızın xalq artistləri, əməkdar rejissorları, nə bilim, əsərləri səhnəyə qoyulan xalq dramaturqları da 168 min dollara gözünün ucuyla baxmaz, yerdə görsələr əyilib götürməzlər. Özünə hörmət qoyan millət teatrı elə remont etməli, projeni elə şişirdib dağ başına qoymalıdır ki, onun yeyintisi ilə bütöv nəsli saxlamaq mümkün olsun, yuxarıdan gələn komissiyaların, reket qəzetçilərin, nə bilim, Hesablama Palatasının-zadın - hamının ağzını yuma biləsən.
Əlbəttə, Gürcüstan kasıb ölkədir, neft yox, qaz yox... Qəpiyi qəpiyə calayırlar, birtəhər yaşayırlar. Biz növbəli prinsiplə hamıya şərait yaradırıq, neft gəlirlərini basmarlayırlar. Məsələn, ingilis parlamenti ilə dostluq qrupunun şefi olan deputatımız var, bir-iki ay qabaq bunun Londonda adı pis çıxdı. Dedilər nəsə qanunsuz ev-zad alıb, korrupsiya eləyib. Biz indi onun yerinə ingilislərlə dostluğa ayrı deputatı göndərmək qərarına gəlmişik. Allah qoysa, növbə ilə hamımız Londona gedib orada ev alacağıq. Mən hesablamışam, 3-cü minilliyin ortalarına Binəqədi rayonunun növbəsi çatmalıdır, darıxmayın.
Yoxsa gül kimi kadrları niyə cəzalandıraq? Ona qalsa, ləğv edilmiş MTN-də məmə yeyəndən pəpə deyənə, süpürgəçidən nazir müavininə qədər hamını tutub türməyə basdıq, bala-bala yolub buraxırıq, bircə nazir Eldar müəllimə dəymədik. Nəyə görə? Bəlkə yaxşı videokaset kolleksiyası olduğu üçün? Belə deyirlər Eldar müəllim kino həvəskarıdır, onda Kann, Venesiya, Oskar, Berlin, Kinotavr, Qızıl ərik, Şərq-qərb, nə bilim, Altın portağal (yəni qızıl portağal - festivalın adıdır, yoxsa bizim xüsusi xidmətlər heç kəsin altına baxmaz) mükafatlarını almış bütün filmlərin bazası, diskləri var. Lakin səbəb bu deyil. Eldar müəllimi ona görə istintaqa cəlb etmədik ki, hakimlərin, prokurorların onun həyat və yaradıcılığına böyük heyranlığı var. Pərəstiş ediləsi adamdır. Qısa müddətdə o cür reket sistemini kim qura bilib?
Sözümü Sabirin misraları ilə bitirirəm, bu mənim dostuma yüz il qabaqdan yazılan müraciətdir:
“Yatmısan, Molla əmu, gürcülər içrə hələ sən!
Nə olur ta bu müsəlmanlığa da bir gələsən,
Bakudə bir neçə gün rahət edib dincələsən,
Hacılarla olasan hər gecə həmməşğələ sən,
Görəsən bir para yerlərdə nə canlar var, əmu!
Necə kef çəkməyə xəlvətcə məkanlar var, əmu!"
21 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ