İnsanlara hürriyət, millətlərə istiqlal!

Karuselə necə son qoyuldu

Keçən yazımda bəzi icra başçılarının yağış yağdırmaq qabiliyyətini qeyd etmişdim, bunu təsdiq üçün Cəlilabaddan Elnur Abdullayev poçtuma link yollamışdır. Orada təxminən 2 il qabaq qışda rayon ərazisində baş vermiş hadisədən bəhs edilir. Daha dəqiqi, bir yerli məmur televiziyaya intervü verir: “Hal-hazırda Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq müəllimin göstərişi ilə qar yağmışdır” və sairə.

Fantastikadır. Deməli icra hakimiyyəti nəinki yağış, hətta qar da yağdıra bilir. Bu rayona Mirzə Cəlilin adı havayı yerə verilməmişdir.

Ümumiyyətlə, qədim dini kitablarda göstərilən təbii fəlakət və faciələrin çoxunu yaşayırıq. Üç gün qabaq ərazidəki parkda gedirdim, bir də gördüm balaca, ipəkqurduna oxşayan həşəratlar sürü ilə cığırdan  keçirlər. (Tərslikdən parkda palma-zad da əkilib, yaxında piramida da var, elə zənn  edirsən qədim Misirdir, Musa peyğəmbər gəlib böcək lənətindən bizi qurtarmalıdır). Ağacların yarpağını tamamən yeyirlər, bitirəndə başqa ağaca yönlənirlər. Bütün Bakıda hazırda belə fantasmaqorik zərərverici basqını yaşanır. Əlaqədar orqanlar hara baxır soruşsanız, “maşın yarışı və iqlim konfransına başları qarışıb” deyərəm. Həşəratları öldürmək də sərçələrin ümidinə qalıb. Onlar isə çatdırmır, çünki daha öncə sərçələrin kökünü kəsmişik.

Ancaq, əlbəttə, tədbirlər görülür. Səhərisi gün parkı bağlayıb dezinfeksiya etdilər. Əməkdaşlardan biri isə guya yarızarafat söylədi ki, bu cücülər deputat seçkisində səs verməyə gecikən vətəndaşlardır. Ya da təzə deputatımızın elektoratıdır - dəqiq yadımda qalmadı.

Əslində parkların seçkilərlə əlaqələndirilməsi təzə hadisə deyil. Dünən hansısa saytda belə xəbər gördüm, deyir təzə açılan, remont olunan parklarımızda uşaqlar üçün əyləncə yerləri, attraksionlar, karusellər sıfır qədərdir. Nəticədə parka gələn böyüklər skamyada oturub tum çırtlayır, balacalar isə darıxır, parkları ictimai məkan olaraq qüssəli, cansıxıcı yer kimi yadda saxlayırlar.

Doğrudan belədir. Mənim yaxşı yadımdadır, hətta o kasıb 90-cı illərdə parklarımız uşaq əyləncə yerləriylə dolu olardı. İndi isə bəzək-düzək, ot-mot var, uşaqları isə yada salmayıblar. Ən yekə yer bulvardır, orda heç zad qalmayıb. Nərimanov metrosunun üstündəki balaca parkda uşaq qatarından cürbəcür karusellərə qədər uşaqların əylənəcəyi hər şey var idi. Uzun illər təmirə bağlandı, təzəlikcə açılıb, içində uşaq oyun yeri sıfır.

Sonra deyirlər niyə uşaqlar azalır... Azalacaq da. Bir nəfər uşaq bağçası açmışdı, onu deputat seçdilər, indi deyir bağçanı satıram. Ümid edirik uşaqlarla birgə satmaz. (Uşaqların azalması geniş temadır, yaxın günlərdə üzərinə qayıdarıq).

Bax, yenə söhbət fırlanıb seçkiyə gəldi. Mənim qənaətimə görə parklarda attraksionların yoxa çıxması məmurların izah elədiyi kimi köhnəlmə, aşınma, təhlükəsizliklə bağlı deyil. Köhnəlib, təzəsini gətirin, nə problem var ki? Bəlkə pulunuz yoxdur? Təhlükəsizlik də gülməli arqumentdir, çünki oyun, əyləncə yerləri olmayan uşaqlar daha təhlükəli məkanlara və müstəvilərə cəlb edilir və ya bunun ehtimalı artır.

Çox düşünmədən səbəbi tapdım. Bizdə köhnə vaxtlar “seçki karuseli” adlı termin populyar idi. Bu, bir dəstə adamı çoxlu məntəqəyə aparıb saxta səsvermə təşkil etməyə deyilirdi. Xalq, əcnəbi müşahidəçilər buna etiraz etdilər, hökumətimiz də nəinki seçki karuselinə, ümumiyyətlə bütün karusellərə son qoydu!

Gözəl addımdır. İndi elə iş olsa necə ad qoyacaqsan? Karusel yoxdur axı. Adını tapmasan, deməli hadisə də yoxdur. Vəssalam. Bütün dedi-qodu, umu-küsü bu yolla sona çatır. 

Beləcə, bir saxtakarlığın da sonuna gəldik. Təbriklərimi qəbul edin. Sonda icra başçımıza qurdlarla mübarizədə uğurlar diləyirəm. İnanıram ki, o, qurbağaların və milçəklərin hücumuna, o cümlədən Binəqədi qır gölünün qanla dolmasına yol verməyəcəkdir! 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR