Onlayn ictimai-siyasi qəzet
Həkimin yanına niyə gedərlər? – Sual ritorikdir və cavabı özündədir; mən də illər öncə bir həkimin yanına niyə gedərlərsə, ona görə getmişdim. Çox sağ olsun – ilk zəng etdiyimdən istiqanlılığı, doğma danışığı və məni tanıdığını vurğulamasından ürəkləndim, belə bir ovqatla o vaxtkı iş yerinə getdim. Rəhmətlik atamla getmişdim. Düşünürdüm ki, mümkün olduğunca tez qəbula düşüb, müayinədən keçək, ilk tədavi bitər-bitməz evə dönək. Seyfəddin həkim bizi elə doğmalıqla qarşıladı, elə geniş vaxt ayırdı, elə məhəbbət göstərdi, həkimin otağında nə qədər qaldığımızı unutduq... Müayinəni də, müalicəni də şəxsən özü etdi – iltifat göstərdi. Əslində, əməkdaşlardan kiməsə etibar edə bilərdi və bu bizimçün yetərliydi, zatən növbədə gözləyənlər vardı.
Həkimin dərin bilgili, necə deyərlər, elmli və helmli olduğunu, el yaddaşından süzlüb gələnləri yaddaşında topladığını, öz danışığında o yaddaşdan bəhrələndiyini – amma özündən qatqılar edərək danışdığını gördüm. Əlbəttə, bilgili, dərin müşahidə və təhlil yetənəyi olan insanla danışmaq, daha doğrusu mükalimə etmək o qədər də asan deyil; zatən söhbət birtərəfli gedərsə və hər deyilənə “bəli”, “elədir” cavabı verilsə, uzun çəkə bilməz (uzun çəkməməlidir). Məzmunsuz mübahisə də uzun çəkməz, adamın hövsələsi daralar. Həkimlə bizim söhbətimiz bu iki “kateqoriya”nın heç birinə aid deyildi – biz (belə demək olarsa) mükalimə edirdik. Və çox xoş idi!
Seyfəddin həkimlə söhbət həmişə xoşdur – dedikləri ilə razılaşsan da, razılaşmasan da... O, qarşısındakı doğma bildiyi insansa onu çətinə salmamaqçün ya uhulət-suhulətlə susar ya da səsinə bir az nəvaziş qataraq “mən onu demirdim” deyər. Əgər illa da gərgin keçən bir söhbət olubsa və həkimi haytalandırmışsınızsa, “mən başqa şeydən danışırdım” cümləsini qurar və gərginliyi tez ötürməkçün mövzu üzrə etnoyaddaşdan, hətta öz kəndindən parlaq bir misal çəkər, sözü tatlıya bağlamağa çalışar. O, bunu elə ustalıqla edər, elə ustalıqla edər ki, mexaniki alınmaz, parlaq bir keçid olar. Həkim bütün hallarda – canlı yayında, ekranda-efirdə, gərgin debatda, konfransda... öyrədicidir, hazırcavablığı, sinədəftərliyi var və bu keyfiyyətləri yaşının, bilgilərinin gərəkdirdiyi salğarda-sanbadadır.
Mən Seyfəddin həkimi özünə sayğılı, el-obasına sayğılı, millətinə, dövlətinə sayğılı, peşəsinə və bunlardan bəlkə daha artıq dərəcədə həqiqətə sayğılı bir aydınımız kimi tanıdım, onu qardaş məhəbbəti ilə sevdim. Sizi əmin edirəm, hər hansı əməli çalışma sahəsi, ixtisas sahibi olursunuzsa olun, həkimin sizinlə danışmağa mövzusu, sizi maraqlandırmağa bilgisi və yararlanacağınız özünəxas təcrübəsi vardır.
Seyfəddin həkim çətin situasiyalardan mümkün olduğunca az itki ilə çıxmağın yollarını həkimanə bilir. Məncə, onun ən üstün cəhəti, ən usta tərəfi həkimliyin ən ülvi, insani və Hippokrat andına dayalı məqamlarını digər əməli çalışma sahələrinə yansıda bilməsindədir. Zatən, bir insan ömrü qədər həkimlik təcrübəsi olan aydınımız analizlərdən, ultrasəs müayinələrindən öncə, həmin o analizlərdən, ultrasəsdən əldə ediləcək bilgilərə yaxın rəyə sahib olur. Bu, qədim dönəmlərdəki (texnolojiləröncəsi) həkimlərə xas özəllikdir. O, xeyirxahdır, gözü-könlü toxdur – qədim həkimlər kimi... Seyfəddin həkim qabaqcıl insandır, gələcəyə baxan aydındır, ancaq eyni məhəbbətlə (və tarazlıqla) həkimliyi də, insanlığı da qədimlərə, dada-duza çəkən yönü vardır... Və yəqin o da təsadüfi deyil ki, Seyfəddin həkim məhz ürək həkimi (ürəkli həkim!) kimi ün qazanıb, sonra isə təbii müalicə üsulları üzrə ixtisaslaşıb, öyrənib-öyrədib. Əlbəttə, istənilən orqan üzrə ixtisaslaşmaq, insana istənilən tibbi köməyi göstərmək, xəstəni istənilən üsul-vasitə ilə sağaltmaq gözəldir, alqışa, sayğıya layiqdir lakin mənim tanıdığım Seyfəddin həkim məhz ürək həkimi olmalıymış və bundan sonra da məhz təbii üsullarla müalicənin özünəxas Azərbaycan brendini yaratmalıymış! Gəlin bu yerdə, Mahatma Qandiyə aid edilən, ümumən XX yüzil hind qabaqcıl fikir adamlarının dünyagörüşünü ifadə edən sözləri xatırlayaq: “duyğularınıza diqqət edin, düşüncənizə çevrilir; düşüncənizə diqqət edin fikrinizə çevrilir; fikrinizə diqqət edin hərəkətinizə çevrilir; hərəkətinizə diqqət edin xarakterinizə çevrilir və... xarakterinizə diqqət edin – o sizin taleyinizə çevrilir”...
Ağır oturub-batman götürən, sazlı-sözlü Tovuz elində doğulan, Sovetlərin II Dünya müharibəsindən sonrakı gəlişmələrini də, soyuq müharibə əsintilərini də, müstəqilliyin ilk illərindəki sıcaq öncəbhəni də görmüş-götürmüş bir milli aydınımızdan danışırıq. O, Qaraxanlıdan Tovuza, Tovuzdan Azərbaycana, Azərbaycandan Türk dünyasına uzanan qollara və yollara sahibdir. Onun qolu qucaqlayıcı, yolu ilk növbədə könül yoludur... – Yolların ən gözəli... Bir yol ki, könül yoludur, bir süfrə ki könül süfrəsidir orada xeyir var, bərəkət var, dad-duz var, çiçəklənmə var. Ümumən bu dünyada yox yoxdur, var var. Bax, Seyfəddin həkimlə söhbətlərdən əxz edəcəyiniz gözəlliklərdən biri də budur: “yox” yoxdur, bu gün “var” demiriksə, o demək deyil ki yoxdur, yalnız hələ vaxtı deyil – illa da olacaqdır.
Var olun, əziz Seyfəddin həkim!
Yubileyiniz qutlu, canınız sağ, işləriniz avand, bayrağınız uca olsun!
Salam-sayğılarla!
18 Noyabr 2024
12 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
28 Oktyabr 2024
25 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
15 Oktyabr 2024
09 Oktyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
20 Sentyabr 2024
16 Sentyabr 2024
31 Avqust 2024
26 Avqust 2024
25 Avqust 2024
20 Avqust 2024
16 Avqust 2024
08 Avqust 2024
02 Avqust 2024
30 Iyul 2024
28 Iyul 2024
21 Iyul 2024
18 Iyul 2024
13 Iyul 2024
12 Iyul 2024
08 Iyul 2024
05 Iyul 2024
26 Iyun 2024
ŞƏRHLƏRŞƏRH YAZ