Onlayn ictimai-siyasi qəzet
Novruz (Yenigün) – oyanışın, yeni başlanğıcın, torpağın canlanmasının bayramıdır. Ancaq o, təkcə torpaqla, Yerlə deyil, Göylərlə də sıx bağlıdır. Yerin-Göyün nizamını, kainatın harmoniyasını, insan-doğa düzənini özündə barındıran bu bayramın ruhunda həm də ulusal yaddaş və gələcəyə açılan inam qapısı var. Qarabağın yazı, Yenigünü isə özəl bir simvolikaya malikdir.
Öz ömrünün yeni dönəmini yaşayan Qarabağın adı, tarixi dirçəliş dastanını, ondan irəli epopeyanı, bir başqa deyilişlə, monumental əsəri ifadə edir. Məhz bu əziz bayram günlərində - Novruzla Ramazanın qovşağında dövlət başçısı və xanımının Qarabağa səfəri, sanki bu torpaqlara yeni fəslin gəlişi qədər dərin anlam daşıyır.
Prezidentin bayram günlərində Qarabağa səfəri yalnız dövlət başçısının rəsmi proqramı deyil; bəli, bu, həm də bir simvoldur: dostu sevindirən, dost ola bilməyənləri kədərə boğan!.. Çünki Qarabağ, sadəcə coğrafi bir məkan olmaqda qalmayıb, habelə bir ruh təcallası, kimlik qüruru, tarix səciyyəsi və böyük gələcək vədi deməkdir. Və indi bu torpaqlarda ulusal yenidənqurmaya, köklü bərpa işlərinə tanıq oluruq. Özü də, ötən yüzilliyin 80-ci illərində Qorbaçın sayəsində urvatdan düşmüş yenidənqurma sözünün əsl anlam haqqı özünə qayıdır. - Sanki təkcə tikililər deyil, həm də zamanın öz axarı yenidən qurulur...
Şuşada tarixi Çöl Qala məscidinin və bulağın bərpadan sonra açılışı – yalnız abidələrin yenilənməsi kimi xarakterizə olunsa, sözümüz kəm qalar, o, həm də mənəvi yaddaşın öz yerinə qayıtmasıdır! Bir vaxtlar səsləri susdurulmuş, divarları köhnə qadağaların tor-tozuna bürünmüş məkanların yenidən nəfəs almasından danışırıq. O bulaqdan su içən hər kəs bilsin ki, bu su, eləcə torpaqdan yox, həm də tarixin bağrından süzülüb gəlir…
Ağdamın Sarıcalı kəndində isə başqa bir səhifə açıldı. Bu kənd, işğal illərində viran edilmişdi, amma budur - indi oraya həyat qayıdır, həyat!.. Dəyişən təkcə fiziki mühit deyil, eləcə də insan taleləridir. Bir zamanlar məcburi köçkün adlandırılan soydaşlarımız indi öz yurdlarına qayıdır. Belə olunca, biz bir açılış törənindən söz açmış olmuruq, bir ulusun öz evinə dönməsinin gerçək görüntüsündən bəhs etmiş oluruq. Bu günlərə şükür!
Prezidentin bu səfəri ilə Qarabağın Yenigünü daha da anlamlı oldu. Çünki bu, sadəcə bayram coşqusunun nümayişi deyil; bu səfər, Qarabağın hər daşında, hər küçəsində, hər ocağında bayramın bir gün, iki gün deyil, bir ömür sürəcəyinə dair verilmiş sözdür. -“Sözümüz imzamız qədər keşərlidir”!
Qarabağda yanan bayram tonqalı yalnız yazın yox, eləcə də bərpanın, qayıdışın və inamın işığıdır! - O işıq sönməyəcək!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
31 Mart 2025
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ