Onlayn ictimai-siyasi qəzet
Keçən həftə Bakıda İsrail və Türkiyə nümayəndələri arasında görüş keçirilib. İsrail mediasının məlumatına görə, Bakı toplantısının ilk raundu nəticəsiz başa çatıb. Ancaq tərəflər razılaşıblar ki, müzakirələr yəhudilərin Pasxa bayramı başa çatdıqdan sonra – yəni aprelin 19-dan etibarən davam etdirilsin.
Yeri gəlmişkən, bazar günü Antalya Diplomatiya Forumunda jurnalistlərin suallarını cavablandıran xarici işlər naziri Hakan Fidan bildirib ki, Bakı görüşü daha çox texniki məsələlərin müzakirəsinə həsr olunub.
Xatırladaq ki, Suriyada sonuncu İsrail-Türkiyə gərginliyi aprelin 2-də İsrail aviasiyasının Türkiyənin hərbi baza qurmağa hazırlaşdığı obyektləri bombalaması ilə yüksəlib. Türkiyə mediasının məlumatına görə, T-4 hərbi bazası bombalananda orada olan bir neçə türk mühəndis də ölüb. T-4 bazası ilə yanaşı, Dəməşq beynəlxalq hava limanı və Hama şəhərindəki hərbi hava bazası da hədəfə alınıb.
İsrail hökuməti Türkiyənin Suriyada hərbi baza yaratmasını özünün təhlükəsizliyi üçün təhdid olaraq görür və bombardmanları Ankaraya xəbərdarlıq kimi dəyərləndirib. Bu hadisələr İsrail-Türkiyə münasibətlərində gərginliyin yeni mərhələsini başladıb. Xarici işlər naziri Hakan Fidan isə Türkiyənin Suriyada İsraillə toqquşmaq niyyətində olmadığını bildirib.
Eyni zamanda, sonrakı günlərdə Vaşinqtona səfər edən İsrailin Baş naziri Benyamin Netanyahu da Türkiyə ilə müharibə etmək istəmədiklərini, lakin Ankaranın Suriyadakı fəaliyyətindən narahat olduqlarını açıqlayıb. Məlumata görə, Netanyahu bu məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampdan dəstək istəyib.
Tramp isə cavabında, Ərdoğanla danışa biləcəyini bildirib və Netanyahuya daha “makul” yanaşma təlqin edib. Bu da onu göstərir ki, Vaşinqton Türkiyənin Suriyada rol almasını dəstəkləyir və bu fəaliyyətlər müəyyən razılaşdırılmış çərçivədə həyata keçirilir.
Ankara ABŞ-ın mandatı ilə Suriyada müəyyən funksiyaları yerinə yetirir – ölkənin yenidən qurulması, sanksiyaların yüngülləşdirilməsi, ordu quruculuğu və təhlükəsizlik təminatı daxil olmaqla bir sıra sahələrdə “qəyyum” funksiyasını üzərinə götürüb. Lakin İsrail bu vəziyyətdən narahatdır. Təl-Əviv Suriyanın güclənməsini, birləşməsini istəmir. 1967-ci ildən işğal etdiyi Colan yüksəklikləri ilə yanaşı, son illər Dəməşq yaxınlığında daha 600 kv.km əraziyə nəzarəti gücləndirib. Bu işğal prosesi davam edir.
Türkiyənin Suriya ərazisində, xüsusən də Dəməşq ətrafında hava hücumundan müdafiə sistemləri yerləşdirməsi və orduya təlim keçməsi İsrailin qıcıq və narahatlığına səbəb olub.
Netanyahunun Vaşinqton səfərindən sonra CNN Türk kanalına müsahibə verən Hakan Fidan bildirib ki, İsraillə Türkiyə arasında qarşıdurmanın qarşısını almaq üçün xüsusi mexanizm üzərində danışıqlar aparılır. Belə bir mexanizm daha əvvəl Türkiyə ilə Rusiya, eləcə də ABŞ arasında qurulub.
Söhbət konkret olaraq qarşılıqlı məlumatlandırma, təsir zonalarının müəyyənləşdirilməsi və toqquşmanın qarşısını alan təhlükəsizlik prosedurlarından gedir. Suriyada bu mexanizm tərəflərin hərbi fəaliyyətlərə dair əvvəlcədən məlumat paylaşmasını və əməliyyatların müəyyən zonalarla məhdudlaşdırılmasını nəzərdə tutur.
İsrail açıq şəkildə Suriyada özünə qarşı təhlükə yarada biləcək hər hansı qüvvənin formalaşmasını istəmir. Ancaq görünən odur ki, bu mövqe nə Türkiyənin, nə də ABŞ və Qərbin maraqları ilə üst-üstə düşür. Qərb Suriyada İran və Rusiyadan uzaq, Qərbə yaxın güclü bir hakimiyyətin qurulmasını istəyir. Bunun üçün isə Türkiyənin bölgədə rolu kritik əhəmiyyət daşıyır.
Əks halda Suriyada yeni bir xaos və vətəndaş müharibəsinin alovlanması ehtimalı yüksəlir. Son günlər Dəra vilayətində baş verən toqquşmalar, xüsusilə də BƏƏ və Rusiya ilə yaxınlığı olan Əhməd əl-Avdaya bağlı silahlı dəstələrin Dəməşqə tabe olmayan hərəkətləri bu riskin real olduğunu göstərir.
Bu səbəbdən Vaşinqton İsrailin narazılığına baxmayaraq, Türkiyənin Suriyada mövcudluğunu dəstəkləyir. Məhz buna görə də Suriyada həm İsrailin, həm də Türkiyənin maraqlarını nəzərə alacaq “toqquşmasızlıq mexanizmi” qurulması istiqamətində Bakı danışıqları baş tutub.
İlk raund nəticəsiz başa çatsa da, tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəlib. Gözləntilər odur ki, Pasxadan sonra bu danışıqlar yeni mərhələyə keçəcək və bölgədəki risklərin minimuma endirilməsi məqsədilə konkret mexanizm üzərində razılaşma əldə olunacaq.
16 Aprel 2025
13 Aprel 2025
11 Aprel 2025
09 Aprel 2025
07 Aprel 2025
14 Yanvar 2025
29 Oktyabr 2024
21 Oktyabr 2024
18 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
07 Oktyabr 2024
04 Oktyabr 2024
20:23 İsrail-İran gərginliyi zirvədə: İsrail İranı gözlənilməz cavabla hədələyir, İran meydan oxuyur
30 Sentyabr 2024
01 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
27 Iyul 2024
17 Iyul 2024
05 Iyul 2024
27 Iyun 2024
16 Iyun 2024
27 Mart 2024
29 Sentyabr 2023
ŞƏRHLƏRŞƏRH YAZ