İnsanlara hürriyət, millətlərə istiqlal!

Təsbeh məhbusları

Müdriklərdən kimsə deyibdir, cəmiyyət iki halda pozulur - bir cinayət olub cəza olmayanda, bir də cinayət olmadan cəza veriləndə.  Yanvar ayında “İçərişəhər” metrosunun qabağında Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı olmuş, əhvalatın elə səhəri gün ölkə mənəvi şok yaşamışdı. Kimlərsə Tağıyevin heykəlinə zərər vurmuşdular. Kişinin sözün əsl mənasında təsbehini qırmışdılar.

Millət çox qəzəblənmişdi, yaxşı yadıma gəlir. Neçə nəfər etiraz aksiyası keçirdi, paytaxt dağılırdı, bir neçə siyasi partiya bəyanat verdi, bəzi şairlər şeir yazdılar, musiqi bəstələndi, keçmiş zabitlər dedilər ki, heykəli qıranı tutsalar doğrayacaqlar.

Əlaqədar orqanlar dərhal hərəkətə keçdi, təsbeh qıran 2 nəfər, 1991 və 1996 doğumlu kişi xeylaqları aşkar edilib saxlandı. Bunların bambılı bir deputatımıza məxsus saxta elektron şirkətdə satıcı işlədiyi bilindi, əhali bir dəfə də o dükanlara hücum çəkdi, neçə telefon ayaq altında qaldı, vitrinlər cırıq-cırıq, televizorlar qırıq-qırıq, dükanın müdiri mırıq-mırıq edildi.

Heykəlin müəllifi, Mikelancelonun əlindən su, Rodenin bardağından şərab içmiş hörmətli xalq rəssamı gecə yatmadı, təsbehi təzədən qayırdı. Bu dəfə təsbehi növbəti qorxunc vandalizm əməllərindən hifz etmək üçün onu Hacının əlinə kosmik texnologiya ilə qaynaq etdilər. Təsbehin danələrinə nanokameralar yerləşdirildi, ətrafında dərin xəndəklər qazıldı, heykəlin perimetri boyunca hərəkətli bombalar, yuxarıdan dron-kamikadzelər yerləşdirildi. O cümlədən xüsusi heykəl mühafizə alayı ayrıldı.

Bütün bunları təzədən niyə yazıb hörmətli oxucuların baş-beynini ağrıdır, qanını qaraldıram? O səbəbə ki, dünən xəbər çıxmışdır: heykəli zədələyən həmin 2 nəfər bədbəxtin cinayət işi Səbayel məhkəməsinə göndərilib, mayın 13-də hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaqdır.

Vah-vah... Dəhşətdir. Birincisi, mən elə bilirdim o 2 gəncin qulağını azca dartıb buraxıblar, Tağıyev sağ olsa, o da bir mənasız təsbehə görə gənclərin həyatının qaralmasını istəməzdi. Heykəltəraşda da günah çoxdur, təsbehi gərək bərk qayıraydı.

İkincisi, sən demə, bu gənclər 5 aya yaxındır həbsdə saxlanıb istintaqın aparıldığını gözləyirmiş! Guya orada araşdırılası çox şey varmış. 5 ay... Təsəvvür elə. Heç hansısa jurnalistin, siyasətçinin mitili atılanda o qədər istintaq getmir. Burada isə heykəlin təsbehinə görə istintaq və məhkəmə qurulur. Əlbəttə, bizdə heykəllər canlı insanlardan vacibdir. Mədəniyyətimizdir. Daş yaddaşımızdır. Daş düşsün başımıza (sözgəlişi yazdım, bunu istəmirəm).

Üçüncüsü, belə xırda hüquq pozuntularına görə uzağı maddi cəzalar kəsmək olar. Dəyən ziyanı ödəsinlər, çıxıb getsinlər. İnsan həyatıyla belə oynamaq olmaz axı. Hələ ayın 13-də məhkəmə qurulacaq, dəxi bunlara cəza kəsiləcəkdir. Ayıb deyilmi? Utanmırıqmı? Utanmırıq.

Bugünlərdə Bakıda tramvay-trolleybusun bərpası teması açılıb. Hətta dəmir yolunun müdiri Cavid müəllimin adından açıqlama yayılmışdı: “Vaxtilə Bakıda mövcud olmuş tramvay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Bu səbəbdən xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır”.

Lap gözəl. Bəs bu ziyan vuranın adının Hacıbala Abutalıbov olduğunu niyə deməyək? Necə ola bilər ki, Bakının memarlığına, qədim binalarına, küçələrinə, nəqliyyatına milyonlarla manat ziyan vurmuş birisi kef çəkir, balaca təsbehi qırmış iki cavan isə bədbəxt edilir? Ədalət budurmu? Bu heç müğənni Ədalət də deyil.

Dördüncüsü, mən belə sistemdə işlərə çox ciddi yanaşmaq tərəfdarı deyiləm, ona görə həmin iki yetimə işlərinə baxan hakimə etiraz vəsatəti qaldırmaq üçün səbəb göstərirəm: hakimin soyadı Tağıyevdir, bəlkə o, Hacı Zeynalabdinin qohumudur? Maraqlar toqquşmasıdır. Hakim gənclərə qəsdən ağır cəza verər.

Hakimin Tağıyevlə qahım olub-olmadığını araşdırmaq üçün bizə azı 5 ay vaxt lazımdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024