Onlayn ictimai-siyasi qəzet
100-120 il əvvəlin hadisələrindən bəhs edən filmlərə baxanda, o dövrdə yazılan bədii, publisistik əsərləri oxuyanda xalqımızın cəhalət və nadanlıq girdabında çabaladığını, kütləvi bisavadlığın nə qədər geniş yayıldığını görürsən.
Poçt qutusuna atdığı məktubun qarovulunu çəkən və axırda poçt işçisi ilə dalaşan Novruzəli, pristava bir parça ərizəni Mirzə Səfərə yazdıran kasıblar, “oğul mənimdir əgər, oxutmuram, əl çəkin” deyən nadanlar, şagirdə iki hərfi öyrətmək üçün ayağını falaqqaya keçirib çibiqlayan mollalar, oxuyub adam olmaq üçün Parisə getmək istəyən Şahbaz bəyə cadu-piti ilə mane olmaq istəyən qadınlar... Bir deyil, iki deyil. Keçmişimiz cəhalətlə, nadanlıqla, təhsilsizliklə doludur.
Danmaq olmaz, biz millət olaraq o zülmətdən rusiyalı bolşeviklərin Azərbaycanı yenidən işğal etməsi hesabına çıxmışıq. Çar Nikolay da neft və milyonlar səltənətində universitet açmamışdı.
Düzdür, ilk universiteti öz milli hökumətimiz 1919-cu ildə təsis edib, amma həmin ali məktəbdə dərs deməyə müəllim çatışmayıb, professor-müəllim heyəti əsasən başqa millətlərdən olub. O vaxt ölkədə ali təhsilli milli kadrların sayı 60 civarında imiş. Onların da bəziləri əyalətlərdə yaşayan varlı bəylərin övladlarıydı.
Sovet-bolşevik işğalının ilk illərində rusca “likbez” (“likvidiatsiya bezqramotnosti”), ana dilmizdə “savadsızlığın ləğvi” adlandırılan proses başlamasaydı və sonradan təhsilə diqqət ümümxalq vüsəti almasaydı, biz xalq olaraq bədbəxt olub qalacaqdıq. Yaxşı ki, ötən əsrin 30-cu illərində millətimiz anlayıb ki, oxumaq, savadlanmaq lazımdır.
Heç bu proses də rəvan getməyib. Əmin olun ki, erməni Levon Mirzəyanın Azərbaycanın rəhbəri (ölkə kompartiyasının I katibi) olduğu 1926-1929-cu illərdə vətənimizdə ana dilimizin sıxışdırılması, həmin il Bakı Dövlət Universitetinin azərbaycanlı rektoru, yazıçı Tağı Şahbazinin vəzifədən götürülərək repressiya olunması, Vladimir Yelpatyevskinin təyin edilməsi, bir il sonra isə universitetin 4 illik bağlanması məkrli qonşuların başının altından çıxıb. Onlar azərbaycanlıların savadlanmasının qarşısını almaq istəyiblər.
Elə savadlı kadr çatışmazlığı üzündən 1920-ci ildən 1933-cü ilə, Mircəfər Bağırovun rəhbər gəlməsinə qədər Azərbaycana başçılıq edən kommunistlərin cəmi ikisi Azərbaycn türkü (Mirzə Davud Hüseynov və Ruhulla Axundov) olub, qalan hamısı başqa millətlərin nümayəndələri idi (iki rus, iki erməni, iki gürcü, iki yəhudi, bir ukraynalı). Ermənistanda isə o dövrdə və ondan sonra heç vaxt başqa millətin oğlu erməni xalqına liderlik etməyib.
Çünki onların həm oxumuş, yaxşı təhsil almış, fəal kadrları çox olub, həm də “yadelli” kadrları heç vəchlə qəbul etməyib, bu cür təklifləri daim ciddi etirazla qarşılayıblar.
Uzun sözün kəsəsi, savadlı millət özünü idarə edir, öz içindən layiqli kadrlar, rəhbər şəxslər yetişdirməyi bacarır.
Budur, müstəqillik qazanandan bəri təhsil məsələsində nə qədər geri getmişiksə, artıq oxuyub-yazmağı ümumiyyətlə bacarmayan şagirdlərin statistikası əmələ gəlib.
“Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib ki, 2022-ci ilin nəticələrinə görə, 9-cu sinif şagirdləri arasında 21 nəfər, 11-ci sinif şagirdləri arasında 2 nəfər oxuyub-yazmağı bacarmayıb.
Düzdür, bu, o qədər də dəhşətli göstərici deyil, bunları anadangəlmə kütbeyin olanların qrupuna aid etmək olar. Amma bunların üstünə höccələyə-höccələyə oxuyan, hərfləri zorla yan-yana və yanlış-yanlış düzən yüzlərlə, oxuduğunu anlamayan minlərlə, adi, primitiv şeyləri bilməyən on minlərlə şagirdi də gələndə ümumi mənzərənin ürəkaçan olmadığı qənaətinə gəlmək olar.
İllər öncə belə şey yox idi, ən intizamsız, biliksiz şagird belə üzündən oxumağı pis-yaxşı bacarırdı, sonra 8-ci sinifdən çıxıb peşə məktəbinə gedir, bir sənət öyrənir, bir işin qulpundan yapışırdı.
Hamının ali təhsil alması vacib deyil, amma hamının azdan-çoxdan savadlı olması, yəni oxuma-yazma bilməsi vacibdir. Üzündən oxuya bilməyənlər ildən-ilə artsa, necə səs verəcəklər, öz övladlarını necə oxudacaqlar, müasir dünyanın işlərindən necə baş çıxaracaqlar?
Yenə adam ona ümid edir ki, həmin şagirdlər heç olmasa telefonun ekranına gələn hansısa xəbərdarlıq və mesajları, ən azı zəng edənin kimliyini oxuya bilirlər.
Mat qalmalı işdir, bizdən böyüklər, ata-babalar danışırdı ki, yolların bərbad olduğu, nəqliyyatın olmadığı illərdə (1940-50) 5-6, bəzən 10 kim uzaqda olan məktəblərə qışda-qarda, palçıqda piyada gedirmişlər, təhsil alırmışlar. (Ucqar rayonlarda hələ də qışda qonşu kəndlərə dərsə gedənlər var - şəkildə). İndi məktəblərin evin 5 addımlığında yerləşdiyi, hər cür kitabların bol, kompüter və telefonlarda istənilən bilgini almağın asan olduğu günlərdə bu qədər savadsız və oxumaq istəməyən yeniyetmə və gənc var.
İnsanların əvəzindən ərizə yazan "ASAN xidmət" könüllüləri
Bu üzdəndir ki, ölkədə adi bir ərizəni yaza bilməyən milyonlarla insan var. İnanmayanlar "ASAN xidmət"də çalışan və insanlara ərizə yazmağa kömək edən, onu onların əvəzindən yazan könüllülərdən soruşsunlar. Mirzə Səfərin dövrünə qayıdırıq.
Ölkəmizdə təhsilə qarşı ciddi kampaniya var və onun əsas arqumentləri belədir: “Əşi, oxumağa nə verirlər”; “Oxuyanları görürük də, diplomları qalıb evdə, kafel-metlax qoyurlar”; “Adam tanıyıram, ömründə kitab arası açmayıb, amma milyonçudur” və s. Bu ifadələr hər gün hər yerdə səslənir.
Məşhur zarafatda deyildiyi kimi, uzağa getməyək, Yaponiya və Cənubi Koreyanı götürək. O ölkələrin əhalisinin yaratdığı texnolji xariqələr məhz çox oxumalarının, savadlı olmalarının nəticəsidir. Biz isə ən azı o texnolji cihazların təlimatını oxuya bilmək üçün savadlı olmalıyıq. Yoxsa ütü əlmizdə partlayar və zamanın ütüsündən salamat çıxmarıq.
23 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ