İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal gücün aşınması: Ağ Ev müttəfiqləri üçün problemə çevrilir

Yaddaşlardan hələ də silinməyib. ABŞ prezidenti 28 fevral günü Oval kabinetdə vitse prezident Venslə birlikdə dünyanın gözü qarşısında Ukrayna prezidenti Zelenski ilə söz döyüşünə girib onu açıq təhqir etdi. Bundan dərhal sonra Vaşinqton Müharibə Tədqiqi İnstitutu ABŞ-ın Kiyevə dəstəyinə mümkün son qoyulmasının Ukrayna ilə müharibədə “Rusiyanın qələbəsi ehtimalını” artıracağını göstərən təhlil dərc etmişdi.

İnstitutun ekspertlərinin fikrincə, Kiyevin müdafiəsizliyi Putinin digər keçmiş sovet respublikaları, o cümlədən Avropa İttifaqı və NATO üzvləri olan Estoniya, Latviya və Litva üzərində nəzarət yaratmaq kimi strateji məqsədini gücləndirə bilər. İnstitutun yekun qənaəti isə belə idi: belə olduqda ABŞ dünyada nüfuzunu itirəcək. Həmin vaxtdan 7 ay keçib və Vaşinqton təhlilçilərin proqnozu doğru çıxıb. Bu müddət ərzində ABŞ tamamilə beynəlxalq nüfuzunu itirmiş oldu və artıq ABŞ-nin qlobal güc olmadığı şübhə doğurmur.

Tramp seçki ittihamlarına dair federal məhkəmə qarşısına çıxır -  Globalinfo.az

Seçicilərini “Amerika hər şeydən öndədir”, “Amerikanı yenidən böyük edəcəyik” şüarları ilə manipulyasiya edən Tramp, hazırda Amerikanı gülüş hədəfinə çevirib, bu gülüşün içərisində qəhqəhə çəkənlər isə Çin, Rusiya, Şimali Koreya kimi avtoritar, totalitar rejimlər və onların sahibləridir. Pekin paradı göstərdi ki, artıq bu sistemlər üçün ABŞ problem deyil, onunla hesablaşmağa gərək yoxdur, əksinə, Ağ Ev ənənəvi müttəfiqləri üçün problemə çevrilib. Pekin paradından sonra Avropa liderlərinin həyəcanla təcili Parisdə toplanmasına saymazyana yanaşaraq, diplomatiyanın əlifbasını öyrənməyə çalışan uğursuz xüsusi nümayəndəsi Stiv Uitkofu göndərməsi, onun da görüşdə cəmi 45 dəqiqə iştirak etməsi bir daha göstərdi ki, Donald Trampı Avropanın təhlükəsizliyi maraqlandırmır. Müttəfiqlərinə Alyaskadan başlanan sayqısızlığı, Paris görüşünə münasibətdə də antihəmrəylik nümayiş etdirməsi ilə başa çatdı. Mənasız tarif mübarizəsinin mənfi tərəflərini hesablaya bilməyən, nəzərə almayan siyasətin nəticəsində illərdir bir-birinə rəqib kimi baxan Hindistan və Çin də yaxınlaşıb birlikdə olmaq siyasətinin əsasını qoydular.

ABŞ sülh, Avropa müharibə istəyir – Zelenski hansı yolu SEÇƏCƏK?

Burada Avropa da astagəlliyinə və Trampın qarşısında bu qədər dözümlü və aciz qaldığına görə tənqid olunmalıdı. Zelenski də avropalılarla görüş üçün Parisə getdi. Artıq neçənci görüş olduğunu dəqiq bilməsəm də, demək olar ki, yenə eyni görüş oldu, yenə nəticəsiz müzakirələrdən və faydasız görüşlərdən biri oldu.

“Yeddi müharibə bitirmişəm” deyən Tramp Rusiya -Ukrayna müharibəsinin qızışması üçün Putinə loyal, hətta tərifli münasibətilə stimul verdi. “Yeddi müharibə” də yalandır. Kənddə qonşuların davası səviyyəsinə bərabər “yeddi müharibə” Ukrayna müharibəsinin heç 7 saatı ilə müqayisə oluna bilməz. Uşaq oyuncaq istəyəndə böyükləri bezdirdiyi kimi, Nobel sülh mükafatını almaq istədiyini açıq söyləyən, hətta bunu Putinin də istədiyini Makronun qulağına pıçıldayan Trampın şəxsi maraqları bəşəri maraqlardan üstün tutduğuna sübutdur.

Ümumiyyətlə, ABŞ Ukrayna müharibəsində hansı statusla ortadadır? Vasitəçi rolundadırsa, bu çox aşağı ranqdır. Vasitəçi təzyiq edə bilməz. Yox, əgər təhlükəsizlik zəmanətini verməyə iddialıdırsa – hazırda ABŞ o statusda təqdim olunur- razı olmayana, yəni Putinə təzyiq etmək lazımdır. Və bunun üçün müharibənin davam etməsinə icazə verməməli, ciddi təzyiqlər göstərib, qarşı tərəfi çəkindirən qətiyyətli qərarlar qəbul olunmalıdır.

Tramp-Zelenski görüşü başladı - VİDEO | sfera.az

Dünyada baş verənlər göstərdi ki, 80 ildən sonra yeni dünya düzəni ABŞ-nin iştirakı olmadan yaradılır. ABŞ özünə çəkilir, uzaqbaşı Venesuelanı hədələyə bilir və hətta bu məsələdə də qətiyyətli görsənmir. Ukrayna müharibəsinə ABŞ-nin münasibəti yalnız Trampın şəxsi uğursuzluğu deyil, həm də Amerikanın xarici siyasətinin ağır məğlubiyyətidir və Pekin paradı bunun əyani sübutu oldu.

Bütün bu prosesləri müşahidə edəndə indiyədək “Amerika dərin dövlət” prinsipləri haqqında deyilənlərin illuziya olduğu qənaətinə gəlmək mümkündür. Belə çıxır ki, Amerikanın strateji idarətmə prinsiplərinə prezidentlərdən çox “beyin mərkəzlərinin”, Mərkəzi Kəşfiyyat İdarəsinin, digər xüsusi xidmət orqanlarının nəzarət etməsi barədə deyilənlər, nümayiş olunan Hollivud filmləri sadəcə təxəyyül imiş. Kennedinin öldürülməsi, Niksonun istefasının arxa tərəfi barədə təqdim olunanlar da fərziyyələrdən o yana deyilmiş. ABŞ siyasi sisteminin gözü qarşısında böyük bir gücün aşınma prosesi baş verir.

Beyin mərkəzləri bir tərəfə, Tramp komandası da adamda yalnız mütəəssirlik yaradır. Qeyri-peşəkar bir heyəti ətrafına toplaması və onların yalnız Trampı tərifləməklə məşğul olmaları göstərir ki, ABŞ -dən ummağa dəyməz.
P.S. Amma, Trampın uğurları da var. Bir neçə gün əvvəl Tramp və ailəsinin sərvəti cəmi bir gündə 5 milyard dollardan çox artıb. Sentyabrın 1-də kriptovalyuta birjalarında Tramp ailəsi mütləq qalib oldu. Bunun biznes, yoxsa siyasi korrupsiya olduğunu Amerika orqanları yəqin nə vaxtsa araşdıracaq.

İLHAM İSMAYIL,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2025

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR