İnsanlara hürriyət, millətlərə istiqlal!

El yolu dəhliz statusu alırsa... – arada yolkəsənlər var

O, hələ abadan olmamış Mehri (ermənilər Mığri deyir) iki Azərbaycan torpağı arasına hana pazı kimi pərçim edilmiş yerdir. Haradan baxsan (istər Zəngilandan Ordubada tərəf, istərsə də Ordubaddan Zəngilana sarı), əzəli Azərbaycan torpağıdır. Ancaq zamanın gərdişi elə olub ki, o 40 kilometrik zolaq Ermənistan dövlətinin ixtiyarına verilib və Ordubadla Zəngilanın arası kəsilib.

Tərs kimi, o zolağın dirəndiyi Araz çayının o üzündəki qədim torpaqlarımız da başqa bir dövlətin yurisdiksiyasındadır. Beləcə, Naxçıvan mahalı materik Azərbaycandan aralı qalıb.

Düzdür, dünyada bu cür anklavlar, eksklavlar çoxdur, amma bizimkinin dərdi başqadır. Çünki 40 kilometrlik zolaqdan bizə “qonşu yolu” vermirlər.

2623 kilometr o yandakı Moskvanın umacağı budur ki, o zolaqdan keçəcək yola özü nəzarət etsin. Təyyarə ilə 20 saatlıq uzaqlıqda olan ABŞ isə “Zəngəzur dəhlizi” adlanan keçidi öz nəzarətinə götürmək istəyir.

Mehridən 777 kilometr aralıda olan Tehran o zolaqdan bizə keçid verilməməsi üçün Koroğlunun dəlilərinin (7777) sayı qədər sərbazı səfərbər edib ora göndərmək niyyətindədir.

O tərəfdən Çin də gözünü Zəngəzur yoluna dikib, oradan fayda götürmək istəyir.

Faydaya qalsa, o yolun açılmasından ən çox mənfəət əldə edən birinci ölkə Ermənistanın özü, ikinci biz olacağıq. Daha sonra o biri ölkələr, eləcə də Orta Asiya, Yaxın Şərq və Balkan ölkələri yararlanacaqlar.

Həmişəki kimi ermənilərin ən azı yarısının bəsirət gözü bağlıdır, özlərini dünyanın 3-5 ağıllı qövmündən biri saya-saya sabahı görmürlər, ya da qara görürlər. Ona görə də ölkə əhalisinin bəlkə də yarısından çoxu maddi faydadan çox, Azərbaycana acıq olsun, Naxçıvan mühasirədə qalsın deyə “Zəngəzur dəhlizi”nə qarsıdırlar.

Bu məsələnin bir tərəfidir. Əsas diqqət yetirilməli məqam odur ki, böyük dövlətlər bizi (Ermənistan və Azərbaycanı) nə qədər bir-birinə yovuşmaz (eləcə də zəif) hesab edirlər ki, dünyanın o başından gəlib Zəngəzurda ağsaqqallıq etmək, dəhlizi nəzarətə almaq, burada söz yiyəsi olmaq istəyirlər.

Halbuki 40 kilometrlik Mehri yolunun əsas iki ölkəyə dəxli var. Bu ərazi bizim qədim, ermənilərin isə de-yure ərazisidir.

Ataların məşhur “qonşu mərdiməzar olmasa, bağ çəpəri neylər” kəlamını perefraz edib bu məsələyə toxusaq, belə alınar: “Qonşu mərdiməzar olmasa, yola dəhliz statusu lazım olmaz”.

İndi rusiyalı deputat Konstantin Zatulin öz “iti ağlı” ilə düşünüb tapıb ki, ABŞ səfirinin Zəngəzur dəhlizinin icarəyə götürülməsi ideyası barədə dediyi sözlərin arxasında “bugünkü Ermənistan və Azərbaycan rəhbərliyinin belə bir varianta razılığı dayanır”.

Əlbəttə, elədir. Neçə vaxtdır danışıqlar gedir, mövqelər yaxınlaşdırılır, tərəflər yavaş-yavaş ortaq məxrəcə gəlirlər.

Ancaq Zatulin Rusiya-Ermənistan və Rusiya-Azərbaycan münasibətlərindəki son gərginliklərin süni şəkildə yaradıldığını deyərkən yalnız onda haqlıdır ki, bəli, belə gərginliklər süni şəkildə yaradılıb, amma bunu Rusiya yaradıb. (Yekaterinburq hadisələri təbii olaylar deyildi).

Dünyada Ermənistanla Azərbaycanın əbədi düşmən kimi qalmasını istəyən iki dövlət varsa, biri məhz Rusiyadır. O biri də uzaqda deyil. O ölkə də eynilə Rusiya kimi həmişə öz imperiya maraqlarından çıxış edir.

Zatulin “regionun yeni sahibləri” kimi bir ifadə də işlədib. Əslində bu ifadə də böyük dövlətlərin öz imperiya ambisiyalarını 21-ci əsrin bu vədəsində də sürdürdüyü göstərir.

Bunlar belədirlər, nə etsinlər, necə etsinlər, öz milli dövlətçiliyi olan kiçik dövlətləri müstəqil yaşamağa qoymasınlar, onları yarımvassala çevirsinlər, özlərindən asılı vəziyyətə salsınlar, sərvətlərini maksimum ucuz qiymətə əldə etsinlər və sair və ilaxır.

Ermənistanı idarə edənlər vaxtilə daha ağıllı olsaydılar, qonşuya xəyanət etməsəydilər, “qonşu qonşunun külünə möhtacdır” prinsipindən çıxış etsəydilər, indi Rusiyanın, İranın, Amerikanın Zəngəzurda nə işi vardı? Onlar sahəni boş, yiyəsiz görüb ortaya çıxıblar.

Yəqin ki, bu durum Ermənistanda da minlərlə adamın qüruruna toxunur ki, uzaqlardan gələn yadellilər sırf öz maraqları naminə iki xalqın arasında arbitrlik edirlər və bu zaman düşmənləri barışdırmaqdan çox, öz iqtisadi maraqları düşündürür.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR