Onlayn ictimai-siyasi qəzet
Bu günlərdə bir qrup həmkar bir məclisdə oturub söhbət edirdik, söz fırlanıb dinlərin üzərinə gəldi. Həmkarlarımızdan biri dini fanatizmin xalqımızdan uzaq olduğunu, məmləkətimizdə ayrı-ayrı din və məzhəblərə fanatikcəsinə etiqad edənlərin çox olmadığını, ümumiyyətlə, vətəndaşlarımıznı sekulyar və tolerant olduğunu qeyd etdi.
Başqa bir həmkarımız isə bizim adət-ənənələrimizdə şamanizmin, atəşpərəstliyin, iudaizmin, xristianlığın və islamın ayin və inanclarının çulğaşdığını dedi və pirləri, ocaqları ziyarət etməyimizi, oda, işığa ad içərək, tonqalı müqəddəs saymağımızı, qədim yəhudilərdən qalma Qurban bayramını yaşatmağımızı, evlənəndə xristian adətlərindən yararlanmağımızı, yas mərasimlərində ərəbcə dua etməyimizi misal göstərdi.
Üçüncü həmkarımız isə baltanı kökündən vurdu, dedi ki, tarix boyunca bu coğrafiyaya müxtəlif dinlərə etiqad edən yadelli işğalçılar gəlib, əcdadlarımız da onların hamısıyla birtəhər dil tapıb uyğunlaşıb, bir növ hamısını yola veriblər.
Bu, bəlli bir ölçüdə zarafatla deyilmiş fikir idi, amma həqiqət payı da az deyildi.
Aydın məsələdir ki, tarixən güclü və işğalçı qüvvələr bir ölkədə öz hakimiyyətlərini qurmaq, möhkəmlətmək üçün silahla yanaşı, ideoloji sahəyə də önəm verib, aborigen xalqlara öz mədəniyyətlərini, adət-ənənələrini, dini ehkamlarını sırıyıblar.
Ərəb istilasından əvvəl bu coğrafiyada yaşayan xalqların başqa dini etiqadları olub, ərəblər gəlib onu dəyişdiriblər. 105 il əvvəl isə rus bolşevikləri tədrici assimilyasiya yolu ilə hazırkı dinimizi dəyişməyi hədəfləmişdilər və bu istiqamətdə çox irəli getmişdilər. O cür davam etsəydi, daha bir 100 ildən sonra Azərbaycanda islama etiqad edənlər azlıq təşkil edəcəkdi.
Ötən əsrin 90-cı illərinin ictimai-siyasi həyatına bələd olanlar xatırlayar, müstəqilliyin ilk illərində ölkəmizdə dini missionerlər qarışqa kimi qaynaşırdı. Başqa dinlərə mənsub olan sektaların, təriqətlərin davamçıları Bakı, Gəncə, Sumqayıt kimi şəhərlərə axışmış, özlərinə müəyyən auditoriya toplamışdılar. Krişnaçılar, “Yəhova şahidləri”, baptislər, adventistlər, lüteryanlar, sələfilər, nurçular vətəndaşlar arasında ədəbiyyat yayır, təbliğat aparırdılar.
Hətta “Yəhova şahidləri”nin Gəncədə təxminən 500 nəfərin qatıldığı toplantı təşkil edərək dini ayinlər icra etdiklərini əks etdirən fotolar yayılmışdı.
Sonra bu sahədəki hərc-mərcliyə son qoyuldu, yadelli missionerlər “müqəddəs kitablar”ını da götürüb ölkədən getdilər. Çünki kiçik bir ölkə üçün o qədər “müqəddəs kitab” və bir-birini inkar edən dini ideologiyalar çox idi. Onların hamısı insanları öz dinindən döndərmək niyyətində idilər, hətta ateistlərə belə “ən doğru din”in onlarınkı olduğunu deyir, onlara “dinə gəlməyi” tövsiyə edirdilər. Missionerlərin fəaliyyəti artıq milli təhlükəsizliyə təhdid səciyyəsi almışdı.
Bu cür mürtəce təriqətlərin fəaliyyəti sonrakı illərdə öz bəhrəsini verdi: yüzlərlə azərbaycanlı gənc (aralarında ən prestijli universitetlərin tələbələri də vardı) öz üzərinə hərbi komissarlıq funksiyası götürmüş dini sektanın vasitəçiliyi ilə Əfqanıstan, Suriya və İraq kimi ölkələrə “cihad”a göndərildilər və çoxu orada öldürüldü. Sağ qalanlar isə ya ölkə xaricində, ya da ölkə daxilində həbsxanadadırlar.
Ailə-uşaqları ilə “cihad”a gedərək din yolunda ölənlərin övladlarının bir hissəsini yüz bir əziyyətlə ölkəyə gətirmək mümkün olub, ancaq ərləri öldükdən sonra bir neçə dəfə başqa döyüşçülərə ərə verilmiş gənc qadınlar hələ də əsirlikdədirlər. İraq dövləti onları ərləri ilə birlikdə terror təşkilatına üzv olmaqda ittiham və mühakimə edib, cəza çəkdirir.
Bu günlərdə dini mövzuda fikirlərini açıqlayan deputat Fazil Mustafa haqlı olaraq deyib ki, insanlar daha ağıllı, maarifçi və sağlam düşüncəli seçimlər etməlidirlər, həyatlarını dünyəvi dövlətin və milli dəyərlərin üzərində qurmalıdırlar.
“Din ideologiyaya çevrilə bilməz. Din - inancdır. Əgər kimsə hansısa başqa ölkənin dini-ideoloji təsirini, yaxud hansısa "intibah" axınının elementlərini Azərbaycana gətirməyə çalışırsa, buna yol verilməməlidir. Biz həm öz dinimizə, həm də milli dəyərlərimizə sahib çıxmalıyıq" – deputat deyib və söhbətə nöqtə qoyub.
Azərbaycanın yaxınlığında və uzaqlığında yerləşən, müxtəlif dini cərəyanları öz hakim ideologiyalarına çevirən dövlətlər ölkəmizə sırf məzhəblər vasitəsilə nüfuz etmək, xalqımızı dini ehkamlarla əsarətə almaq istəyirlər. Bu, açıq-aydındır. Onlar heç də ruhaniyyat, mənəviyyat dərdi çəkmirlər, məqsədləri siyasi səciyyəlidir, ölkəni öz məzhəblərinin ehkamları ilə özlərinə itaət, biət etdirməkdir.
Fikir verirsinizsə, ölkə mediasında, sosial şəbəkələrin milli seqmentində il uzunu din mövzusunda mübahisələr səngimir. Özlərini müxtəlif cərəyanların ardıclıları sayan şəxslər əməlli-başlı mübarizə və təbliğat aparırlar. Bunlar səbəbsiz deyil. Ölkəni götürmək istəyirlər.
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ