İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoyunların ayağı

İki il qabaq Azərbaycan toparlanıb öz ərazisini işğaldan azad eləməyə başlayanda dünyanın hər yerindən üstümüzə mırıldanan tiplər ortaya çıxmışdı. Bunlardan biri də Rusiya Xarici Kəşfiyyat İdarəsinin müdiri Narışkin idi. Demişdi ki, Azərbaycan Suriyadan muzdlu terrorçuları Qarabağda döyüşmək üçün gətirir, bunun qarşısı alınmalıdır.

Ay ötdü, il dolandı, indi Rusiya prezidenti Putin özü orduya tapşırıq verir: “Görün orda-burda, Suriyada, filanda hansı muzdlu var, daşıyın gətirin, Ukraynada bizim tərəfdən vuruşsunlar”. Əslində yeni söhbət deyil, hələ bir həftə qabaq xarici mətbuat Rusiyanın Ukraynaya Suriyadan muzdlu terrorçular daşıdığını yazmışdı.

Burada haşiyə çıxaraq Narışkinin biabırçılığını ləzzətlə izlədiyimizi də yazım, yaddan çıxmasın. Putin müharibədən qabaq, fevralda Təhlükəsizlik Şurasının iclasında “LDNR”in “müstəqilliyini” tanımaq qərarı verəndə guya nökər-naiblərinin fikrini də öyrənirdi, hər birini imtahan verən balaca uşaq kimi “yazı lövhəsinin” önünə çıxarmışdı. (Nobel ödüllü rus jurnalist Dmitri Muratov deyir ki, o iclasa məmurlar pampers taxıb gedibmiş). Orda Narışkin “müəllimin” sualları qarşısında pəltəklədi, danışığını itirib bütün dünyanın gözü önündə karikatur vəziyyətə düşdü. Heç belə də xarici kəşfiyyatçı olar?

Prinsipcə, Rusiya imperiyasının ordusu elə bütövlükdə, muzdlu-muzdsuz, başqa xalqlardan tərtib olunub. Məsələn, bu dəqiqə Ukraynada neçə buryat, tuvalı, nə bilim, yamallı, yakut, çeçen, kalmık həlak olur. Buryatiyanı Ukraynadan neçə min kilometr ayırır, bu xalqın çox vecinə idi ki, orda nə baş verir? Ancaq daşıyıb aparır, beş-on rubla görə qırğına verirlər.

“Denasifikasiya” sözünü düzgün yazmağı bacaran neçə çeçen tapmaq olar? Putin belə bunu çətinliklə deyir... Özü də maraqlıdır ki, ruslar vaxtilə çeçenləri “alman faşistləriylə əlbir olmaları” kimi absurd iddia ilə Qazaxıstan çöllərinə sürgün etmiş, xalqın anasını ağlatmışdılar, indi isə həmin çeçenlərin nəsli guya Ukraynada faşizmin kökünü kəsmək üçün gediblər.

Bəzi mənbələrə görə hazırda Rusiyanın Ukraynada verdiyi əsgər itkisinin çoxu da elə etnik baxımdan ruslar yox, milli azlıqların nümayəndələridir.

Əlbəttə, bütün dünya tarixinə baxsan, muzdlu döyüşçülərdən, işğal edilən ərazilərdəki xalqlardan ordu qurmaq imperiyaların adətidir. Ulu babalarımız Daranın, Kirin qoşunları tərkibində Ellada üzərinə hücum eləmişdilər, sonralar İsgəndər güc gələndə, ona qoşulub döyüşlərə gedirdilər. İkinci dünya savaşında Taqanroq şəhəri tərəfdə iki azərbaycanlı diviziyası bir-biriylə döyüşüb. Biri Sovetlərin formasında, o biri Alman ordusunun. Necə deyərlər, çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu... Hansı “Sonanın uşaqlarına” qoşulmusansa, müstəqilliyini, azadlığını kimə qurban verib, hansı imperiyanın köləsi olmusansa məcbursan onun əmrlərini yerinə yetirəsən. Bax, hesab edirəm, dünya bu “əmr yerinə yetirmə” məsələsini nəhayət dədiq çözməlidir. İzah edim.

Zelenskinin rus əsgərlərinə müraciəti yayıldı. Deyir, bizi öldürməyin, biz də sizi öldürməyək, çıxın gedin vətəninizə və sair. Məlum deyil bu çağırışa neçə əsgər əməl edəcək, ümumiyyətlə edəcəkmi. Söhbət ondadır ki, hər zaman belə qanlı savaşlar çıxanda hərbçilər, əsgərlər “əmr quluyuq, nə edə bilərdik” deyə yaxasını qırağa çəkir, işğalçılığına haqq qazandırır. Bu axmaq siyasətin əsası bir az da Nürnberq prosesində qoyulub. O zaman müttəfiqlərin məhkəməsi alman ordusunu cəzalandırmaqdan imtina etdi. Gestaponu, faşistləri, bəşəriyyətə qarşı cinayətləri açıq-aşkar olan liderləri cəzalandırdılar, Vermaxt - nasist Almaniyasının silahlı qüvvələri cəzasız qaldı. Dünyanın hər yerində qan axıdan, milyonları qıran adamlar sərbəst buraxıldı.

Məncə beynəlxalq sənədlərə, konvensiyalara düzəliş edilməli, başqa dövlətin ərazisinə əldə silah soxulan hər bir kəs - rütbə və kimliyindən asılı olmayaraq - cinayətkar sayılmalıdır. Əsgərdən generala qədər hər kəs hesab verməlidir. “Əmr yerinə yetirirdim” deyərək heç kəs məsuliyyətdən qurtulmasın. Bəlkə o zaman işğalçı ordulara müraciətlərin də hansısa mənası olar. İndiki halda cəzasız qalacaqlarına əmindirlər. Təsəvvür elə, adi halda başqa dövlətin sərhədini qanunsuz keçmək cəzalandırılır, müharibə vaxtı sərhədi silahla keçdiyinə görə isə sənə heç bir cəza yoxdur! Bu nə absurd hüquqdur? Əsir düşənləri isə hətta öpüb-əzizləmək lazım imiş, beynəlxalq konvensiya var. Məsələn, 2020-ci ildə bir qrup “Vartan”ı tutub Bakıya gətirəndə dünya ağlaşma qurmuşdu, deyirdilər onları buraxın. Ancaq heç kim demirdi bunlar başqasının evində nə gəzir. Əmr yerinə yetirirmişlər, neyləsin fəqirlər... Halbuki, Amerikada kiminsə evinə qanunsuz girsən, təpəndən güllə qoymaq hüququ var.

Bəşəriyyəti məsuliyyətli olmağa səsləyirəm. Keçini keçi ayağından, qoyunu qoyun ayağından asmalıyıq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024