Onlayn ictimai-siyasi qəzet
Mərkəzi Asiya regionunda din siyasəti digər müsəlman ölkələrinə, xüsusilə də radikal dini cərəyanların boy göstərdiyi, öz siyasətlərini hökumətlərə diktə etdiyi, yaxud da hökumətlərin məzhəbçi siyasət yeritdiyi ölkələrə nümunə ola bilər.
Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Özbəkistan bu sahədə müəyyən məsafə qət edib, dövlət və din münasibətlərini xeyli dərəcədə tənzimləyib. Düzdür, bu beş müəlman ölkəsi buna inzibati resurslarla nail olub, amma bu ölkələrin müstəqillik əldə etməsindən keçən bu 33 ilin hadisələrini yada salanda, təhlil edəndə görürsən ki, onların başqa yolu olmayıb.
Bir aralar bu beş dövlətin beşində də dini zəmində qarşıdurma yaratmaq istəyənlər, siyasi islamı hakimiyyətə gətirmək və ölkələrdə şəriət rejimi qurmağa çalışanlar, bəzilərində vətəndaş qarşıdurması, bəzilərində isə əməlli-başlı vətəndaş müharibəsi salmaq istəyənlər olub.
Belə cəhdlərin qarşısı qətiyyətlə alınıb. Mərkəzi Asiyada daha bir Əfqanıstanın peyda olmasına imkan verilməyib.
İndi radikal dini cərəyanların nümayəndələrini danışdırsaq, deyərlər ki, bu ölkələrdə islam sıxışdırılır, kafirlər möminlərə ibadət etməyə imkan vermirlər, dini etiqad azadlığını pozurlar və sair və ilaxır.
Ancaq belə deyil. Konkret olaraq Özbəkistan sırf müsəlman ölkəsidir, burada möminlərin ibadətinə qarışan, onları dindən döndərməyə çalışan, kimisə müsəlman olduğuna görə təqib edən yoxdur.
Əksinə, son illərdə Özbəkistanda Həcc və Ümrə ziyarətinə gedənlərin sayı nəzərəçarpacaq şəkildə artıb, ölkədə məscidlərin, dini təmayüllü tikililərin, İslamla bağlı ziyarətgahların sayı-hesabı yoxdur. Regionun ən böyük İslam Sivilizasiyası Mərkəzi məhz Daşkənddə yerləşir. Bu sətirlərin müəllifini və onlarla başqa jurnalisti ölkəyə dəvət edən İSM rəhbərliyi bu möhtəşəm tikiliyə ziyarətimizi təşkil etməklə Özbəkistan dövlətinin İslama münasibətinin necə olduğunu əyanı şəkildə göstərdi.
Sözügedən kompleks dörd hissədən ibarətdir və bir-birinə bitişik olan Cənub, Şimal, Şərq və Qərb korpuslarına malikdir. 70 hektarlıq ərazidə tikilən kompleks üç mərtədəbən ibarətdir, ancaq hər mərtəbənin özü də normal ev konsturiksiyalarının üç mərtəbəsi boydadır. Kompleksdə son tamamlama işləri gedir və ona indiyədək 100 milyon dollardan artıq vəsait xərclənib, yəqin ki, tam başa gələnə qədər daha 50 milyon xərclənəcək. Mərkəzdə İslam sivilisaziyasının, din alimlərinin və xadimlərinin həyatına aid əşyalar, onların əsərləri, ümumiyyətlə İslam dininə aid eksponatlardan ibarət muzey fəaliyyət göstərir. Bir sözlə, İSM möhtəşəm tikilidir. İslam adına belə tikilisi olan ölkəni dini etiqad azadlığını məhdudlaşdırmaqda qınamaq mümkün deyil.
Sadəcə, bu ölkədə xarici dövlətlərdəki dini mərkəzlərə bağlı olan sektalara, ayrı-ayrı şəxslərə başqa dövlətlərin siyasətinin maşası olmağa, onların məscidləri, cameləri “cihad”a döyüşçü səfərbər edən hərbi komissarlığa döndərməyə, radikal dini təşkilatlara rəğbət qrupları təşkil etməyə imkan vermirlər.
Özbəkistan dövləti çalışır ki, islamı milliləşdirsin, ölkə müsəlmanları xarici dövlətlərin, özlərini islam mədəniyyətinin paytaxtı sayan və hamıya necə müsəlman olmağı, necə geyinməyi, necə davranmağı diktə edən mərkəzlərin ağzına baxmasınlar, öz dini həyatlarını istədikləri kimi yaşasınlar.
Hətta bir neçə ay öncə ölkənin din xadimləri islamda geyim və görünüşlə bağlı ciddi qaydaların olmadığına dair açıqlama da vermişdilər. Özbəkistanın ali müftisi Nuriddin Xoliknəzərov demişdi: “Belə bir fikir formalaşıb ki, İslam müəyyən paltar geyinməyi və müəyyən görkəmi nəzərdə tutur. Peyğəmbərimizdən bizə qalan bir hökm var. İslamın özünəməxsus forması yoxdur. İslam bir millətin, bir iqlimin dini deyil. Ərəb üslubunda qara, çox qara paltar geyinməyə ehtiyac yoxdur”. Yəni ərəb ölkələrinin iqlimi ilə şimalda yaşayan ölkələrin müsəlmanları eyni geyimi geyməyə borclu deyillər. Hər xalq öz yaşadığı məkanın iqliminə uyğun geyinə bilər. Ancaq məlum olduğu kimi, dünyanın bir çox yerlərində ərəbləri təqlid edərək onlar kimi geyənlər var.
Digər Mərkəzi Asiya respublikalarında olduğu kimi, Özbəkistanda da din xadimlərinin fəaliyyətinə ciddi dövlət nəzarətinin olduğu faktdır və bu, səbəbsiz deyil. Özbəkistanda 19 il öncə baş vermis Əndican hadisələrini unutmayıblar.
2005-ci il mayın 12-14-də Fərqanə vilayətinin Əndican şəhərində başlanmış kortəbii etiraz aksiyasi zamanı radikal islamçılar tezliklə təşəbbüsü ələ alıblar. Onlar şəhəri ələ keçirərək Özbəkistanda “İslam respublikası”nın elan edilməsini tələb ediblər. İğtişaş hökumət qoşunları tərəfindən yatırılıb: rəsmi məlumatlara görə, 187 nəfər, qeyri-rəsmi rəqəmlərə görə - iki minə qədər adam ölüb.
Əndicanda iğtişaşların nədən başlaması hələ də aydın deyil. Versiya çoxdur. Ancaq güman olunur ki, o dönəmdə şəhərdə radikal dini təşkilatlara maliyyə yardımı göstərən iyirmi iş adamının məhkəməsi keçirilən zaman onların qohum-əqrəbaları, tərəfdarları, təxminən 1000 nəfər hökm çıxarılan gün məhkəmənin qarşısına toplaşıblar və hökmə etiraz ediblər. Dini radikallar fürsətdən yararlanıblar, hərbi hissəyə basqın ediblər, üç yüz pulemyot, qumbara və hərbi yük maşını ələ keçiriblər, həbsxanaya hücum edib, həmin iş adamlarını və digər məhbusları azadlığa buraxıblar. Daha sonra islamçılar hökumət məmurlarını, vergi xidmətinin və prokurorluğun əməkdaşlarını girov götürüblər. Prezident Kərimov üsyançılara atəş açılmasını əmr edib və terrorçilar dərhal girovları öldürməyə başlayıblar. Sonda hökumət qüvvələri üsyançıları ram edib.
Bu amansızlığa görə İslam Kərimovu qınayanlar hələ də var, amma çox adam bu fikirdədir ki, onun başqa variantı yox idi, bir terrorçu qrupun bütöv bir şəhəri ələ keçirib, öz “respublika”sını yaratmasına imkan vermək olmazdı.
Hesab olunur ki, radikalların üsyanı Fərqanə vadisini bürüyəndən sonra Daşkəndə sıçrayacaqdı, ona görə də Kərimov tərəddüd etmədən iğtişaşları yatırıb və Özbəkistanı vətəndaş müharibəsindən xilas edib.
Ondan bəri islamçılar Əndicanda daha heç bir aksiya keçirməyiblər və onları dəstəkləyən şəhər əhalisi də görüb ki, dövlətlə dövlətçilik etmək olmaz.
İndiki hakimiyyət isə meydanı radikal qruplara, cürbəcür təriqətlərə buraxmaq istəmir və dinə, möminlərə sahib çıxır.
Yəqin bu üzdəndir ki, Özbəkistanda səmimi şəkildə ibadət edənlərin, öz mənəvi dünyasını dinə bağlayan əməli-saleh möminlərin sayı gündə bir “cihad” edən ölkələrdə olduğundan çoxdur.
Özbəkistan İslam dəyərlərinə böyük hörmət qoymaqla, dini sahəni siyasətə alət etmək istəyənlərin təsirindən qorumaqla bütün müsəlman aləminə nümunə göstərir.
Xalid Kazımlı, Musavat.com
Fotolar: Maksad Cangirov
23 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ