Onlayn ictimai-siyasi qəzet
Deyir, son 2 gündür ki, Azərbaycanın rusdilli camaatı bir-birinə qonaqlıq, muştuluq verir, hədiyyə alır. Onların evlərində bir toy-bayramdır ki, gəl görəsən. Çünki Putin “Azərbaycan demək olar ki, rusdilli ölkədir və bu, onun Rusiya ilə münasibətlərin inkişafına sadiqliyini göstərir” deyib. Arxasınca isə fikirlərini belə dəqiqləşdirib ki, “Azərbaycanda demək olar, hər yerdə rus dilində danışırlar. Bu da ölkənin Rusiya ilə əlaqələrin inkişafına prinsipial səviyyədə sadiq olduğunu göstərir". Bu sözlər də neçə aydır ki, ölkədə Rusiya ilə soyuq münasibətlərdən dolayı o rus dilli danışığını azaldan, “rusdilli məktəblər bağlansın” çağırışlarına kövrək reaksiya verən “ruskoyazıçnı” azərbaycanlıları, necə deyərlər, rövnəqləndirdi. Daydayları, hamiləri, müdafiəçiləri dedi ki, bəs sən demə, ölkənin hər yerində rus dilində danışılırmış.
Əslində Putinə yenə yanlış məlumat verilib. Azərbaycanın hər yerində rus dilində danışılmır. Məsələn, Kürdəmirdə, Qazaxda, İmişlidə, Lənkəranda camaat “ruscax” danışır? Yox! Şəkidə hayindi cözoo yeyim Hajı dayı rus dilində söhbət edir?
Lənkəranın çay plantasiyasındakı xala öz uşağına rus dilində nağıl danışır? Əsla! Azərbaycan Nizami küçəsindən, Nəsimi rayonundan, ya da rusdilli məktəblərdən ibarət deyil axı. Ölkəmizin bəzi rayonlarında məktəblər var ki, orda şagird olmadığından siniflər bağlanır, məktəblər yarı gücü ilə işləyir. Amma bizimçün maraqlı odur ki, Putin bu sözləri heç vaxt nə Ermənistan, nə də Gürcüstan üçün deyib. Məlumatlarında qeyri-dəqiqlik olsa da, Azərbaycanda rus dilinə olan sevdanı bilməmiş deyil. Bir ölkədə ki, Yazıçılar Birliyinin katibi dilimizi “erməni budaq cümləsi” quraraq danışır və buna görə də “utanmıxdan ölmür”, bir ölkədə ki bəzi nazirlər, məmurlar öz doğma dillərini bilmirlər, bir məclisdə bir araya gələn kimi rus dilində danışırlar, Putinin bizim haqqımızda elə deməsi normaldır.
Azərbaycanlı valideynlər rusdilli məktəblərdə uşaq oxutmaq üçün bir-birinin başını yarırlar az qala. Eyni təhsil sistemi, eyni məktəb, eyni rüşvət-hədiyyə, 10-11-ci siniflərdə dərsə gəlməmə ənənəsi... amma nəymiş? Rusdilli məktəblərin məzunları daha savadlı imiş, orda dərs daha keyfiyyətli keçilirmiş. Düşünün, bu bəhanəni o ölkədə söyləyirlər ki, ali məktəbə qəbul zamanı Azərbaycan bölməsi məzunu üçün 470 bal olan keçid balı rus bölməsinin məzunu üçün 270-dir. Hanı ədalət, hanı yüksək savad, hanı göstəricilər? Kimə nömrə gəlirsiz siz?
Və bəlkə də Azərbaycan yeganə ölkədir ki, burada öz ana dilini müdafiə edənlərə az qala “faşist münasibəti” göstərirlər. İki azərbaycanlının böyük iştahla bir-birilə rus dilində danışdığı canım məmləkətimdə bəzən insanlar rus dilini öz namusunu müdafiə edərcəsinə müdafiə edirlər. Təklif edirsən ki, gələn ildən orta məktəblərin rus dili bölmələrinə qəbul dayandırılsın, öz dilimizin gücünü artıraq, Azərbaycan balaları öz ana dilində dərs keçsinlər, rusun dilində yox.... Bu təklifi edən adamın şəklini dövrəyə alıb, sosial şəbəkələrdə söyürlər, nəslini-nəcabətini, ölüsünü-dirisini ortaya qoyurlar. Bir fransıza, bir ingilisə, bir gürcüyə bunu desən, şok keçirər. Qonşumuz olan gürcülər ötən ay bir azərbaycanlı yeniyetməni rayonun ortasında niyə döymüşdülər? Gürcü dilində danışmadığı, bu dili bilmədiyi üçün. Adamlar deyir, mənim ölkəmdə yaşayıb, mənim dilimi bilməməzlik edəmməzsən. Təbii, kimisə döymək vəhşilikdir, barbarlıqdır. Amma düşünün, biz binəvalar öz ölkəmizdə öz dilimizin müdafiəsinə qalxanda kimlərsə bizi döymək istəyir...
2 gündür, rusbaşların sevinci bəndənizə gələn məktublarda da özünü göstərir. Aylardır Rusiyanın həyasız hücumlarına qarşı bir Azərbaycan jurnalisti olaraq haqq səsimi qaldırdığımdan indi az qala mənə yandıq verirlər.O gün biri utanmadan yazıb ki, “noldu Paşinyan?”. Həyasızlıqdır vallah. Özün erməni xislətində olub, rusun dabanını yalayasan, ona köləlik edəsən, milli dili, düşüncəni müdafiə edənə Paşinyan deyəsən. Mənsə heç kimi təhqir emədən deyirəm və deyəcəm: öz doğma dilini sevmək, övladını o dildə məktəbə qoymaq bir vətəndaşın ümdə vəzifəsi, borcudur. Bu, milləti millət edən şərtlərdəndir. Biz hər zaman haqlı idik. Haqlı olan biz idik. Özünü Paşinyan kimi aparan isə siz...
13 Oktyabr 2025
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ