Onlayn ictimai-siyasi qəzet
Uzun illər öncədən tanıdığın, bir yerdə işlədiyin adam haqqında yazı, məqalə yazmaq həm asandır, həm də çətin. Ona görə asandır ki, onu yaxşı tanıyırsan, xasiyyətini, həyatını, mübarizəsini, səhvini, düzünü, hər şeyini bilirsən və onunla görüşlərin, birgə səfərlərin, söhbətlərin yeddi kitaba da sığmaz. Bu fonda bir məqalə nədir ki?
Yaxından tanıdığın, bir yerdə işlədiyin adam haqqında yazmaq ona görə çətindir ki, bu, kənardan dostbazlıq kimi görünə bilər. Hələ həmin adam müdirdirsə, vəziyyət bir az da qəlizləşir, oxuyanların ən azı yarısı ona ünvanladığın yaxşı sözləri yanlış anlayacaqlar.
Ancaq bu gün 57 yaşı tamam olan Rauf Arifoğlunun timsalında yazı yazmağın elə bir çətinliyi yoxdur – nə söz tapmaq baxımından, nə də sözbazların söz-söhbətinə predmet olmaq sarıdan.
Çünki “Yeni Müsavat” Media Qrupunda çalışan elə bir şəxs yoxdur ki, doğum günlərində Rauf Arifoğlu onların barəsində iltifatlı, gözəl sözlər yazmasın və şəkillərini sosial şəbəkədə paylaşıb təbrik etməsin.
6-7 aydan sonra tanışlığımızın 40 ili tamam olacaq. Hələlik 39 yarımdır. Bu 39 ilin 28 ilini (arada qısa fasilələr olmaqla) bir tavan altında keçirmişik – elə olub, gündə 12-14 saat.
Adamlar bir-birilə 4-5 il tələbə yoldaşı olur və onu 40 il unutmurlar. Rauf Arifoğlu ilə bizim yoldaşlığımız, dostluğumuz 10 tələbəlik, 20 əsgərlik müddəti qədərdir.
Gerçəkdən acılı-şirinli, sıxıntılı, iztirablı, eyni zamanda fərəhli, sevincli günlərimiz olub. Bir ömür boyu unudulmaz. Onun kollektivin üzvlərinə etdiyi yaxşılıqları, dar günlərdə dada çatmaqlarını sadalasam, uzun olar. Həm də o, bunu təkcə kollektivimizin üzvlərinə yox, vaxtilə kollektivimizin üzvü olmuş şəxslərə, hətta heç vaxt bir yerdə işləmədiyi həmkarlara da edib - əlindən gəldiyi qədər və reklam etmədən. Bəziləri mənim yanımda olub deyə, bilirəm.
İndi bu sözləri niyə yazıram, seçki deyil, bir şey deyil. Bu yazı təbliğat, piar səciyyəsi daşımır. Ona heç ehtiyac da yoxdur. Rauf Arifoğlunu tanıyan tanıyır, sevən sevir, sevməyənin də fikri artıq betonlaşıb. Bəziləri nə vaxtsa Rauf bəylə səfər yoldaşı olsalar, yolları kəsişsə, bəlkə onda “deyəsən, yanılmışıq” deyələr.
Ancaq açığı, ona münasibətdə, xüsusilə də tənqidlərdə ifrata varmalar çoxdur. O, göründüyü kimi biri deyil, olduğu kimi də görünmür. Rauf Arifoğlu bir çoxlarının təsəvvüründəki kimi olsaydı, inanın ki, dözülməz olardı. Bu qədər adam illərdir eyni kollektivdə onunla işləyə bilirsə, demək, təsəvvürlər yanlışdır.
Söz yox, ideal insan yoxdur, bütün insanların xarakterində qəbul edilən və edilməyən ştrixlər var, hər kəs hansısa anda impulsiv qərarlar verə, sözlər deyə bilər. Amma əsas məsələ həmin səhv qərarın düzəldilməsi üçün addım atıb-atmamaqdır. Əgər bir adam hansısa yanlışına görə çox keçmədən peşman olursa və bunu ifadə edirsə, o, birmənalı olaraq, vicdanlı adamdır. Rauf Arifoğlu o adamlardandır, vicdanlıdır, yanlışını etiraf etməyi və düzəltməyi bacarır. Onun qədər başqalarının səhvini bağışlayan və hamıya güzəştə gedən ikinci bir adam bu ölkədə ya yoxdur, ya da nadirdir – bunu tam məsuliyyətimlə deyirəm.
Vətənpərvərliyinə və ürəyiyumşaqlığına da söz yoxdur. Tələbkarlığı isə... Fateh Terimin sözü, olmasın, soruşmayın. (Bir dəfə İbrahim Tatlısəs Fateh Terimə deyib ki, hocam, sən oyun zamanı futbolçulara bu qədər qışqırıb-bağırırsan, bəs fasilə zamanı paltardəyişmə otağında onlara nə deyirsən. Fateh hoca deyib, orasını sorma, İbo). Hərçənd son illər iş tamamilə relsə düşüb, hər kəs öz qrafikini, rejimini bilir deyə redaksiyadakı mühit də olduqca sakitdir.
Bu gün onun 57 yaşı tamam olur. Tarixdə bu yaşda dövlət qurub missiyasını tamam edən xeyli siyasətçi, hərbçi olub. Rauf Arifoğlu və onunla təxminən həmyaşıd olan biz isə hələ indi-indi özümüzü illərdir qurmağa çalışdığımız dövlətin vətəndaşları kimi hiss etməyə başlamışıq. İrəlidə nə arzular, zirvələr var.
Doğum günün mübarək olsun, əziz qardaş! Allah səni bu kollektivdən, dostluqdan, həmkarlıqdan əskik etməsin. Qismət olsun, 80-90 illiyində də sənə təbrik yazım.
23 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ