İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölümə 11 gün qala: Qənirə Paşayevanın SON RƏQSİ və ‘’Baş Sarıtel’’ peşmanlığı...

Aylar öncə Şuşada gördüyüm Qənirə deyildi...
10 may 2023-cü ildə Şuşadakı o möhtəşəm tədbirdə də zəif, amma möhkəm idi, enerjili və dik duruşlu idi...
Sonra Türkiyə yolunda görüşdük, uçaqda bərabər getdik: onda da hər şey normal idi...
Bunları yazıram və onun son rəqsinə bir də baxıram…
Xəstələnməsinə, komaya düşməsinə 5 gün qalırdı...
Haqqa yürüşünə isə 11 gün...
Ömrünün sonları imiş...
Allah lütf edib, elə bir imkan yaratmışdı ki, onu görə, danışa, dinləyə bilirdim...
Çox zəifləmişdi, solğun idi; amma eyni dik duruş, eyni zərafət, eyni ərdəm!
Bizim ailə masamızda oturdu.
Hər kəslə tək-tək görüşdü, danışdı, ilgiləndi.
Türk elləri zatən ona heyrandır – Türkiyədən, Kıbrıs Türk Dövlətindən gələn qonaqlar onunla xüsusi görüşdülər...
Bu toyu çox arzulayırdı...
Övladıma və yeni ailəsinə xeyir-dua verdi.
Aşıq Roman Azaflıdan “Baş Sarıtel” istədi: "oynayacam", - dedi...
Aşıq Roman demiş:"Vallah, sazın kökünü dəyişməyə 3-5 dəqiqə gedəcək..."

Toyda hər şey qrafiklədir, hər sənətçinin bir səhnə müddəti var, - dedilər...
"O biri uşaqların toyunda", - dedi…
Romanın "Giziroğlu Mustafa bəy" ifasına qol götürdü oynadı...
Mələk təbəssümü ilə, zərafət və zövqlə, ritmlə...
Bu görüntüləri ayrı-ayrı kameraların çəkilişindən yığdıq…
Onunla qarşı-qarşıya rəqs edən dostları haradan bilərdi ki…
Qənirə, əslində, həmin axşam ÖLÜMLƏ rəqs edirmiş…

***

İndi ən çox yandıran budur: o 5 dəqiqə nə idi ki...
Bir “Baş Sarıtel" nə idi ki…Biz onu bu bacımıza niyə qıymadıq...
Türk dünyasının Asenası Qənirə Paşayeva Turan ülküsünə və Bütöv Azərbaycan idealına könül vermiş ülküdaşlarımızdan idi…
Böyük ideallar və böyük işlər üçün doğulmuşdu…
Bacardığı qədər (və bizlərdən daha çox) milli hədəflərimiz üçün çalışırdı.
Mübaliğəsiz deyirəm, bütün Türk Dünyasının üzdə və səhnədə olan tanınmışları ona heyran idi…
Azərbaycanı Turana tanıdan, təqdim edən ziyalılarımızdan idi…
Turan ellərindən gələn hər kəsi diqqət və qayğı ilə əhatə edərdi.
Elə son aylarda baş verən bir insidenti xatırlamaq yerinə düşərdi…
Bəli, o bəzən hər şeyin bitdiyi yerdə ortaya çıxar və bir başlanğıc olardı…

***

Qənirə xanım jurnalist fəaliyyəti göstərəndə də millət vəkili kimi davranırdı…
Yapısı bu idi - Allah onu çevrəsi və milləti üçün VƏKİL yaratmışdı, elə yaşadı, elə öldü…
2003-cü ilin 27 oktyabrında (məhz bu gün) Yasamal Məhkəməsindən çıxıb, həbsxanaya yollananda arxamca gələn səs onun idi: “Rauf bəy, bir söz deyin, deyəcək sözünüz nədir?..”
2005-ci ilin fevral ayının 14-də 13 saylı "zon"da (Cəzaçəkmə müəssisəsi) dustaqlar üsyana (''bunt'') qalxanda gecənin yarısında o, kimsəsiz çöllüyə gəlmişdi – Daxili Qoşunlar həmin cəzaçəkmə müəssisəsinə girəcəkdi, qarışıqlıqda və qarşıdurmada mənə də xətər yetirilə bilərdi deyə, ailəm narahat olmuş, əlac yeri kimi hüquq müdafiəçilərinə və Qənirə xanıma müraciət etmişdilər.
(Elmar Hüseynov yenicə qətlə yetirilmişdi, Mehman Əliyev ("Turan" Agentliyi) mənə xəbər göndərmişdi ki, mənə də nəsə edə bilərlər…)
O da heç tərəddüd etmədən, gecə saat 3-də ANS-in kameramanını da götürərək, qohumum Abbas bəylə (Rəna və Murad Sadəddinovlar da oraya gəliblər) 13 saylı “zon”un tam önünə gəlmişdi.
Daxili Qoşunların o zamankı komandanı Zakir Həsənov (indiki müdafiə naziri) Qənirəni görmüş, heyrətlənmiş: "sən burada nə gəzirsən", - demiş…
O da “yaxınlıqdakı qonşular səs-küydən narahat olub, ANS-ə zəng etdilər, biz də gəldik", - demiş. Kameranı özü götürüb, çəkilişlərə başlamış…
Zakir Həsənov: "Buraya ən yaxın ev 12 km uzaqlıqdadır, nə qonşular...", - deyə bağırmış...
Əməliyyat həmin gecə yatdı...
Səhər erkəndən ANS-in efirində süjet verildi, vəkillərimiz mətbuata təhlükə ilə bağlı məlumat yolladılar...

***

Və bir də 2005-ci ilin martında görüşdük.
Gənc Prezident İlham Əliyevin əfvinə düşmüşdük, cəza müddətindən 3 il tez çıxmışdıq...
“Nəzər nöqtəsi”nə çağırdı, suallar verdi, cavablar aldı...
Azadlıqdakı ilk müsahibəm idi...

***

Zamanda geriyə dönsəydik, 2003-cü ildəki Yasamal məhkəməsindən qolu qandallı polis maşınına aparılarkən arxamca göndərdiyin o suala bir başqa cavab verərdim...
...Geriyə dönə bilsəydik, 17 sentyabrdakı o toyda zamanı saxlar və sənin üçün "Baş Sarıtel"in çalınmasını təmin edərdim...
Zamanı geriyə ala bilsəydik...
Sənə israr və inadla: “dərhal xəstəxanaya gir, ölüm gəlir, onu özündən uzaq tut", - deyərdim...

***

Elimin gözəl qızı...
Hər bir TOVUZlunun qürur duyduğu...
Hər bir TURANlının sevdiyi Asena!
Millət vəkili nümunəsi, parlamentari modeli...
Xəstə yatarkən çox dua etdik...
Nə sən eşitdin, nə Allah...
Sənin ölümündən əvvəl yayılan ölüm xəbərini mən təkzib etdim, hər yerə yaydım...
“Yaşayır, ölməyib”, - deyə olacağa dirənirdim...
“Ölməyəcək” - deyə içimdə də bir ümid vardı.
Olmadı...
Bizi və canından çox sevdiyin Azərbaycanı, Turanı tərk etdin...
Axirətin, Cənnətdəki yerin (ümid edirəm) qutlu olsun...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

10 Noyabr 2024

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023

18 Iyun 2023