Yeni Xocalı dastanı, Yeni Kaledoniya və Fransız Polineziyası - mədəd uman xalqımızı bayrağa çevirən Adam
İlk yayınlanma: 30.05.2024
Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımıza misilsiz və tarixi günlər yaşatmaqda davam edir. Xocalı sakinləri 1992-ci ildə öz yurdlarından silahla, atəşlə, qətl və zorakılıqla çıxarılmışdı. Yanlarında nə dövlət vardı, nə də onları mənfur düşməndən qoruyacaq başqa bir güc. Allaha ağır getməsin... Sanki Allah da unutmuşdu xocalıları... Həm də təkcə onları yox... 1992-ci ilin 26 fevral gecəsində ermənilər tərəfindən soyqırıma uğrayan bir şəhərin əzabkeş əhalisi 32 il sonra yurdlarına toy- bayramla qayıtdılar. Dövlət arxalarında, Dövlət Baba birbaşa yanlarında!
**** Son 4 ildə bu xalqın başına o qədər gözəl şeylər gəldi ki! Son 35 ildə başımıza gələn fəlakətlərin, faciələrin əvəzi, ödülü kimi! Sanki cənab Allah da tam olaraq bizə tərəf dönmüşdür. Hər hərəkətimizi bərəkətlə ödülləndirir... Dünyada, bölgədə, uluslararası münasibətlərdə hansı hadisə baş verirsə, çevrilib enində -sonunda millətimizin faydasına işləyir... Başımızda güclü, cəsur, üstün zəkalı və düzgün Lider olanda, belə olurmuş... Hər şey bir Adama bağlı olmasa da... Çox şey ONUN sayəsində oldu. Doğru təşkilatçılıq, doğru strateji, doğru planlama, doğru zamanlama, doğru qərarlar... Bir də, cəsur ürək... Bir də öz millətinə inam, etibar. Və onu səmimi qəlbdən sevmək! Millətini ordu, ordusunu müzəffər edə bilmək! Başımıza gələn ən gözəl olay Onun özüdür, əslində...
****
O təkcə Zəfərimizin müəllifi, Komandanı deyil. Həm də Qarabağa Böyük Qayıdışın, onun forma və məzmununun da müəllifidir. İlham qaynağıdır. Hər şeyi mühəndis dəqiqliyi ilə, sistemli və estetik planlayır. Qarabağı yenidən yaradır, yenidən inşa edir. Bizim millət olaraq həyatımızı dəyişən olaylar onun həyatının projesidir. Elə bir sistem qurub ki, onun layihələrində yer və rol alan hər kəs özünü prosesin qəhrəmanı sayır.
Milləti, dövləti, cəmiyyəti, medianı, hətta müxalif və təftişçi elementləri bu qədər ustalıqla və harmoniya ilə bir araya gətirən dövlət rəhbəri görmədim...
****
Bir yandan Qarabağa qayıdışı həll edir; O biri yandan Yeni Turan qurur, Türk Dövlətlərinin Təşkilatlanmasını, inteqrasiyasını dizayn edir; Paralelində Azərbaycanın ətrafında İslam Həmrəyliyi (haləsi) yaradır; Bütün bunların da yanı başında dünya güclərinin ən güclü layihəsini - COP-u Azərbaycana gətirir; Yəni QLOBAL İQLİMƏ ev sahibliyimizi təmin edir! Qonşu dövlətlərlə münasibətləri yeniləyir...
****
...Bir də baxdıq ki, rəsmi Bakı daha heç Fransadan şikayətlənmir; Bizim də media olaraq temamızdan ''Makron janrı'' çıxıb... Bir də heyrətlə gördük ki, Fransa bizdən şikayətlənir... "Əliyevin Fransanı parçalamasına nə qədər imkan veriləcək", deyə rəsmi Paris panik şəkildə bəyanatlar verir... Yeni Kaledoniyanın azadlıq mübarizəsində Azərbaycan bayraqları dalğalanır...
Fransız Polineziyasının təmsilçiləri Bakıya gəlib, dekolonizasiya hüquqları ilə bağlı İlham Əliyevdən mədəd umurlar... Bir də onu görürük ki, Bakı əzilən, məzlum xalqların istinadgahı, dayağı, toplanma kampı olur... Hər kəsdən mədəd umduğumuz zamanları xatırlayıram... Və indi ölkəmin beynəlxalq müstəvidə oyunquran statusuna görə qürur yaşayıram... Hər şeyi o etdi demirəm... Bütün bunları o planladı və yapdı, deyirəm...
Milləti, dövləti, dost ölkələri və bir də özünün Zəfər Komandasını arxasına alaraq... Və "Allaha şükür, günümüzə şükür", pıçıldayıram... *** Xocalı bir ayrı dastan... İşğalı fəlakətlərimizin zirvəsi idi... Tariximizdəki ən qorxunc olaydı... Qayıdışı zəfərimizin tacı oldu... Xocalıları özü qarşılayan, özü yerləşdirən cənab Prezident və Birinci xanım tarixlərə şayan olacaq bir dastan yazdılar! 32 il öncə olmayan dövlətimizin xocalılara edə bilmədiklərinin də əvəzi verilirdi, sanki...
***
İlham Əliyev nə dedisə, etdi! Heç yanlış yapmadı. Heç yanıl(t)madı. İlham Əliyev nə etdisə, millətini yüksəltdi. Onun qürurunu qaytardı. Zəfərin müəllifi etdi... Zəfər Adam! Bu gün hamımız Xocalıdayıq, ruhlar şəhərində! Ruhumuz şaddır...
ŞƏRHLƏRŞƏRH YAZ