“Yatmış şirin quyruğu” qopub, amma ağayi şir hələ də oyanmayıb…
ilk yayınlanma: 02:27
Savaş qapımızda – İran və İsrailin qarşılıqlı bombardmanı soydaşlarımızı qırğına verir
İran Hayfanı, Tel-Əvivi, İsrail isə Tehranı, Təbrizi, İranın əksər şəhər və obyektlərini bombalayır.
Ara yerdə mülki əhali, o cümlədən də bizim soydaşlarımız günahsız yerə həlak olurlar.
Yaxşı ki, İranla İsrailin quru sərhədi yoxdur. Yoxsa, durum daha fəna, daha qanlı olardı. Amma hər iki tərəfin hələ bitməyən raket–bomba ehtiyatları var.
Bir də İsrailin arxasında ABŞ var, hələ heç müdaxilə etməyib. Sadəcə, prezident Tramp ara-sıra fərəhli açıqlamalar verir, İranla məzələnir...
İranın arxasında isə, apardığı yanlış və korazehin siyasət nəticəsində, heç kəs yoxdur…
Yalnız qardaşı Ermənistan var. Amma o da yox kimidir. Nə silah verən var, nə yardım edən, nə də “qorxma” deyən…
Bu mollaların başı yox, zehni sarıqlıdır. Bizim azərbaycanlılar da daxil, İran xalqını qırğına verirlər. Heç bir hazırlıqları yoxdur, hava hücumundan ən elementar müdafiə sistemləri belə yoxdur; müdafiə strategiyaları, manevr qabiliyyətləri sıfır. İsrail təyyarələri İran səmasında cövlan edir.
Ələ salırlar Tehran rejimini, “İran açıq qapıdır” – deyirlər…
Bu işi başlayanda xalqı nə ilə və necə qoruyacağını düşünmələri gərəkirdi, zatən ağıl yox ki, düşünələr.
Xalqı qorumalı olan hərbi rəhbərlik isə heç özünü və ailəsini qoruya bilmədi. İran Silahlı Qüvvələrinin komandanı öz yatağında, SEPAH adlı Azərbaycan düşməninin məlum komandanı iclas keçirdiyi yerdə, qərargahında (bizə barmaq silkələyirdi), digərləri də orda-burda ucuz öldülər, öldürüldülər. O qədər heyrətamiz hadisələr yaşanır ki!
“Yatmış şirin quyruğu” qopub, amma ağayi şir hələ də oyanmayıb…
**
İsrail haqlı deyil – Təbrizi bombalayan, azərbaycanlıları öldürən bir dövlətə dəstək verməmiz mümkünsüzdü. Məlumat verirlər ki, Təbrizin içində SEPAH-ı, strateji obyektləri vururlar. Amma istənilən halda, mənəvi paytaxtımızın bombalanması, soydaşlarımızın öldürülməsi qanıma toxunur. * İran rejimi odla oynamamalı idi. Buna gücü yox ikən, savaşa girməməli idi… Bunlarınkı hava basmaqdı, cizgi filmi çəkməkdi, bəddua etməkdi… Bunların İsraillə "aşıq" atmağa nə potensialı var, nə də qabiliyyətləri…
**
Feys hesabımda İki video paylaşdım.
İlk videoda İran Hayfanı bombalayır, digərində isə Tehran İsrail bombalarından yanır.
Az qala eyni, oxşar görüntülər, qohum mənzərələrdir...
Savaşın, qanın, bombanın rəngi və qoxusu bir olur…
* 5 ildir davam edən bir alqoritm var: Dünyanın harasında nəsə olursa, birbaşa, ya da dolayısı ilə Azərbaycana faydalı olur.
Koronavirus da, Rusiya - Ukrayna müharibəsi də, Həmas-İsrail toqquşması (2023) da, Rusiyaya sanksiyalar, Avropanın sərhədlərini şimal qonşumuza bağlaması; Amerikada inqilab kimi prezident dəyişikliyi, Suriyada çevriliş; Afrikadan Fransanın qovulması; nəhənglərin tarif davası, Kanadada seçkilər… Hər birində bir bəladan qurtulmuş, ya da bir fürsət yaxalamışıq... Mənə görə belədir…
Amma indi…
Savaş qapımızda, qonşuluğumuzdadır…
Naxçıvandan baxanda, raketləri görmək və partlayışları duymaq olur…
Bu baxımdan qapımıza gələn savaşa “şans, fayda” deyə bilmirəm…
Allah Azərbaycanımızı qorusun! Güney və Quzey Azərbaycanımızı…
ŞƏRHLƏRŞƏRH YAZ