İlham Əliyev 2003-cü ildə "Bakı döyüşü"nü uduzsaydı... Rauf Arifoğlunun SENSASİON yazısı
İLK yayım saatı: 17:50, 16 oktyabr
Qarabağ zəfərinin başlanğıc nöqtəsi - 2003-cü il! Hər şey biz istəyən kimi olmadı, bizə lazım olan kimi oldu…
Onun ''əlinin suyunu'' ilk olaraq biz gördük.
Təcrübəli və çətin rəqiblərinə qarşı 2003-cü ildəki Bakı döyüşü... ‘’Vətən və Qarabağ naminə’’, üstəlik də nəyin bahasına olursa-olsun, iqtidara gəlmək istəyən ‘’Bizim Azərbaycan’’ bloku. O zamana görə böyük siyasi blok, usta və nəhəng siyasətçilər... Meydan və milli azadlıq hərəkatını yönəltmiş... İqtidarlar yıxmış, özü küçədən iqtidara gəlməyi bacarmış... Müharibə və məğlubiyyətlər görmüş... Zamandan və tarixdən böyük dərslər almış, dirənişçi ruhlu, siyasi ulduzlardan ibarət bir komanda... 10 il hazırlıqlardan sonra 2003-cü ilin oktyabr seçkilərini fürsət bilib.... Həmin seçkinin nəticələrini qeyri-legitim elan edib, Bakı küçələrində üsyana qalxmışdı(q). Nə istəyirdi(k)? Bəsit bir şey... YAP hakimiyyətini və seçkilərdən faktiki olaraq 1-ci çıxmış İlham Əliyevi devirmək istəyirdi(k). Nə yolla olursa-olsun. Nəyin bahasına olsa da... Liderlərimiz də söz vermişdilər; ‘’3 öpüb, 1 dişləyib’’ and içmişdilər - yanımızda və önümüzdə olacaqdılar... Heydər Əliyev səhhəti səbəbindən siyasi səhnədən çəkilmişdi... İllərlə gözlədikləri, haqqında danışılan ‘’X’’ günü gəlmişdi... Hər şey o qədər sadə, o qədər asan gəlirdi ki... Seçkinin elan olunan nəticələrini qəbul etmədik... Öncədən planladığımız kimi, bunun əksini iddia etdik; - ‘’Liderlər’’ deyə biləcəyimiz simalar siyasi manevrlərə gərək görmədən son döyüş elan etdilər...
** Onu heç tanımırdıq... Gözləmədiyimiz halda rəqibimiz güclü və inadkar çıxmışdı... Baş nazir seçildiyi ilk gündən hakimiyyət komandasında pərakəndə durumu sürətlə toparladı, tərəddüd edən iqtidar təmsilçilərinin saylarını sıfırladı... Cəmi 40 günə bütün kontrolu əlində cəmlədi, mobilləşdirdi və özünə, iqtidarına yaranan real təhlükəni dəf etdi... ‘’Bizim Azərbaycan’’ bloku çatısı altında birləşmiş müxalifətin və bizi gizlində dəstəkləyən... ...tayfa birliklərinin, bölgəsəl mafiyaların və hakimiyyət içindən bizi pünhan dəstəkləyənlərin, gələcəklərini yeni liderlə bərabər görməyənlərin siyasi səhnədə son döyüşü idi... İlham Əliyevin isə siyasi səhnədə və Bakı küçələrində ilk döyüşü başlayırdı... Bunun sonu düz 20 il sonra, eyni gündə Xankəndidə bitəcəkdi...
** Hər şey gerçəkdən də çox asan oldu... Onun üçün... Bizim liderimiz, namizədimiz son anda meydana çıxmadı, döyüşmədən siyasi səhnədən çəkildi... Təcrübəli və müdrik İsa Qəmbər kritik anda hər şeyi düz hesablamışdı; izafi dirəşməməsi də doğru idi... Sadəcə, bildiyini, hesabladığını bizimlə də paylaşmağı ‘’unutmuşdu’’... Ya da həmin an üçün mənasız saymışdı... Özü evinə getdi; tərəfdarlarına da qəti və direktiv şəkildə ‘’siz də evinizə dağılışın’’demədən... ‘’Qızılgül’’ inqilabları tarixində bu, bir ilk idi... ABŞ-ın dəstəkləmədiyi ‘’Amerikanski narıncı inqilab’’a (uğursuz) təşəbbüs göstərdik...
** ‘’Bizim Azərbaycan’’ üçün çətin oldu. 10 il hazırlaş, iqtidarın bir addımlığında darmadağın ol... 17 ay türmə yatdıq... Çıxanda, status -kvo dəyişmişdi... Bir də ağlımız və ‘’lider’’ dediklərimizə güvənimiz... Türmə elə bir yerdi ki, öləndən sonra özünə və ailənə, ...səndən geri qalanlara kimin hansı münasibəti bəsləyəcəyini apaydın görürsən... Belə... ‘’Öldük’’, gördük; çıxdıq və korrektələr etdik...
** İndi o günlərə, o dirənişə, o üsyan cəhdinə başqa gözlə baxmaqdayıq... Bugündən o ilk günə doğru... Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə, Əsgəranda, Sərsəngdə dalğalanan bayraqdan keçmişə doğru... O zaman biz istəyələr olmadı... Amma BİZƏ LAZIM OLANLAR OLDU! Nə yaxşı ki...
** Lövhi-məhfuza inanan biri kimi... Mən əslində keçmişin gələcəyə təsiri qədər də... Və ondan daha çox... Gələcəyin keçmişə, yaşadığımız bu ana təyinedici təsirlərinə əminəm...
Bu gün Ağdərədə, Sərsəngdə, Xankəndidə, Xocalıda, Xocavənddə ucaldılan bayraq... ...Azərbaycanın son iki yüz ilinə möhür vuran zəfərimiz, Türk Dünyasının qalxınması... İlham Əliyevin komandanlığında qazandığımız hərbi-siyasi qələbələr... Lövhi – məhfuzda onun və Azərbaycanımızın taleyinə yazılıb... Alnına döyüş və zəfər yazılanların qarşısında olmaqdansa... Onun və Azərbaycan adına zəfərin yanında olmaq daha doğru, daha millidir!
** Onun Qarabağ üçün savaşacağını 2007-2009-da bildim. ‘’Vikiliks’’in dosyeləri gözümüzü açmışdı, anlamışdıq... Orada elə şeylər vardı ki... Müsavatın baş kabinetində o zamanın dostları ilə müzakirə edib, heyrətlənirdik... Onu o zaman da yaxşı tanımırdıq...
** ‘’Sürix protokolları’’ partlaq verəndə, üzə çıxanda... 2009-un Abdullah Gül Türkiyəsi arxamızdan qaçıb, ermənilərlə sərhədləri açmaq istəyəndə... Onun komandası ilə fraqmental əməkdaşlığımız oldu... Hər şey Qarabağ üçün, hər şey Qarabağ naminə idi... Hansı hazırlıqlar içərisində olduğu məlumatlarını aldım... Saakaşvilinin 2008-ci ildə Azərbaycanın lokal müharibə layihəsini oğurlayıb... Gürcüstanda tətbiq etməsi detalına qədər...
** Bəli... Bakı küçələrində baş verən toqquşmalar əslində... ...İlham Əliyevin Qarabağ uğrunda uzun mübarizəsinin başlanğıc nöqtəsi idi... Lövhi - məhfuza, ya da sırf siyasi səhnədə qüvvələr nisbətinə görə uduzsa idi... Ya da azacıq tərəddüd etsəydi, geri çəkilsəydi ... O zamankı çevrəmizin, liderlərimizin vətənpərvər, dürüst və milli olmasına rəğmən... ...onların bütün potensial və kritik anlardakı keyfiyyətlərini bildiyim üçün... - Əminliklə və bütün məsuliyyətimlə deyirəm: bugünkü Qarabağ zəfərimiz olmayacaqdı. Bu gün Xankəndiyə o bayraq asılmayacaqdı... İndiki Azərbaycanı yenə də xəyal edəcəkdik... Türkçülük, Türkiyəçilik, Turançılıq... Bizim monopoliyamızda qalacaqdı... Elə bizim olacaqdı, bizim kimi olacaqdı... Və sadəcə, bu qədər...
**
Biz xəyal etdik, yazdıq, məfkurələri ayaqda saxladıq, ...məğlubiyyət içində təslimiyyətə bacardığımız qədər, imkan vermədik... Şuşa bizim olacaq, Ağdama dönəcəyik, Laçına qovuşacağıq, Füzulidə çay içəcəyik... Xudafərinə ayaq qoyacaq, Arazda əlimizi-üzümüzü yuyacağıq, Güneyə inamla və ümidlə baxacağıq... Turanı quracağıq, türkləri birləşdirəcəyik... Dedik, yazdıq, xəyal etdik... İlham Əliyev isə... Bizim və bizdən əvvəlki nəsillərin bütün xəyal etdiklərini, hətta xəyalımızın ötəsindəkiləri həyata keçirtdi... Keçirtməkdədir... Bizim siyasi səhvlərimiz çox ola bilər... Vardır, əlbəttə ki... Lakin biz millətin peşəkar xəyalpərəstləri kimi, bu sahədə heç vaxt səhv düşünmədik... Niyyətlərimiz heç bir halda yanlış olmadı... Biz indi həyata keçən xəyallarımızın və o niyyətlərimizin yanındayıq...
*** Biz bu gün ... İki əsrin sevincini ... İki əsrin zəfərini... İki əsrin qisasını... İki əsrin qürurunu... 200 illik milli davamızın möhtəşəm yekunlarını yaşayırq... Elə böyük hadisələrdir, o qədər çoxdur ki… Qavramaqda çətinlik çəkirik… Onların da hamısını cəmi 3 ildə, ən son pərdələri də son 27 gündə yaşadıq! Yaşayırıq... Bu gün isə… Xankəndidə bayrağımız dikəldildi… Ağdərədə, Xocalıda, Sərsəngdə dövlət bayrağımız dalğalanır…
Milllətimizin, irqimizin… Ermənidən, rusdan, farsdan zərər görən bütün nəsillərinin əvəzindən sevinən, qürurlanan da biz olduq... Biz hər şeyimizlə - keçmişimiz və bu günümüzlə… Son 200 ildə gəlib -getmiş azərbaycanlıların ən şanslısıyıq... Hər kəsin əvəzindən şükr etmək də bizə düşür...
*** Allah böyükdür və ədalətlidir! Azərbaycan qalib və ərdəmlidir. Millətimiz ucadır…
Şəhidlərimizin qanı milli qürurumuz, qələbəmizin əsası, dirçəlişimizin bərəkətidir… Ordumuz, polisimiz, xüsusi xidmətimiz cəsur, fədakar və mükəmməldir. Tarix yazan, tarixin yazılarını dəyişdirən o Adamsa… Bu boyda möhtəşəm tarixi yekunlara bir proses kimi baxan … Rəhbərimiz, Ali Baş Komandanımız son 200 ildə başımıza gələn ən yaxşı hadisədir!
ŞƏRHLƏRŞƏRH YAZ