Parçalanmış dünyaya Türkiyədən sülh çağırışı: Azərbaycan qardaşının yanındadır - Antalyadan qeydlər
Antalya Diplomatik Forumundan
Rauf Arifoğlu yazır
Hazırda Antalyadayam. Türkiyənin Xarici İşlər Nazirliyinin dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak üçün dəvət olunan beynəlxalq jurnalistlər arasında mən də varam – “Yeni Müsavat” Media Qrupunun rəhbəri olaraq bu möhtəşəm və tarixi tədbirdə təmsil olunuram. Tədbirin keçirildiyi Belek bölgəsində, sahilə yaxın Nest Konqres Mərkəzində diplomatiyanın, səngimiş siyasi gərginliklərin və böyük ümumiləşdirmələrin nəfəsini hiss edirik.
Forumun mövzusu bu dəfə birbaşa dünyanın bu günü ilə səsləşir – “Parçalanmış dünyada diplomatiyanın bərpası”. Bəli, savaşlar içində çabalayan bir planet – Rusiya-Ukrayna, Qəzza, Suriya, Cənubi Qafqaz… Dünya yanır və Türkiyə bu alovun içində bir çağırış edir: savaşma, danış!
Bu gün burada çox önəmli təmsilçilər iştirak edir: Rusiya və Ukrayna tərəfləri, Suriya adından ilk dəfə Prezident Əhməd Əşşaraa, Cənubi Qafqazdan Azərbaycan və Ermənistan nümayəndə heyətləri, dünyanın müxtəlif bölgələrindən xarici işlər nazirləri, prezidentlər, baş nazirlər və qlobal təşkilatların rəhbərləri.
Azərbaycan dövləti bu forumda ən yüksək səviyyədə təmsil olunur.
Azərbaycan nümayəndə heyətinə Prezident İlham Əliyev rəhbərlik edir.
Nümayəndə heyətinə aşağıdakı şəxslər daxildir:
• Birinci vitse-prezident Mehriban Əliyeva,
• Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev,
• Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov,
• Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev,
• Xarici işlər naziri Ceyhun Bayramov,
• Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev,
• Müdafiə naziri Zakir Həsənov,
• Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov,
• Milli Məclisin deputatları: Əhliman Əmiraslanov, Əziz Ələkbərov, Nigar Arpadarai, Ramil Həsən, Səməd Seyidov,
• Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev.
İsrail bu forumda iştirak etmir. Dünən Bakıda İsrail və Türkiyə rəsmiləri arasında dialoq baş tutsa da, Ankara İsrailin bu cür yüksək platformalarda təmsilçiliyini hazırkı şəraitdə məqsədəuyğun saymayıb. Türkiyə bunu açıq şəkildə bildirir: İsrail bölgədə diplomatiya və insanlıq normalarına uyğun davranmır.
Forumun ən diqqətçəkən məqamlarından biri də Ukrayna nümayəndə heyətinin tərkibidir. Antalya Diplomatik Forumunda Ukraynanı beş nəfərlik yüksək səviyyəli heyət təmsil edir. Bu heyətə:
• Ukraynanın xarici işlər naziri Andrey Sibiqa,
• Krım Tatarlarının milli lideri və Ukrayna Ali Radasının üzvü Mustafa Abdulcemil Kırımoğlu,
• Krım Tatar Xalq Məclisinin sədri Refat Çubarov,
• Ukrayna-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri Ahtem Çiyqaz və digər diplomatik nümayəndələr daxildir.
Xüsusilə vurğulanmalıdır ki, Ukraynanı təmsil edən beş nəfərlik nümayəndə heyətində iki Krım Tatar liderinin yer alması simvolik və siyasi baxımdan olduqca önəmlidir. Bu, həm Ukraynanın Krım məsələsində prinsipial mövqeyini, həm də türkdilli xalqlarla bağlarını diplomatik arenada nümayiş etdirməsi baxımından əhəmiyyətlidir. Mustafa Cəmiloğlu və Refat Çubarovun iştirakı həm tarixi, həm də mənəvi anlam daşıyır və Türkiyədə keçirilən belə bir forumda Krım Tatar məsələsinin sükutla keçilməyəcəyinin göstəricisidir.
...Antalyada bu gün hava günəşlidir, amma bu şəhər üçün qeyri-adi şəkildə sərindir. Təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Belek sahillərində sahil mühafizə patrul katerləri xidmət aparır. Biz jurnalistlər dünən Antalya Havalimanında qarşılandıq, hotellərə yerləşdirildik, Nest Mərkəzinə gətirildik, akkreditasiyadan keçərək yaxa kartlarımızı aldıq. Forumun təşkilati səviyyəsi ən incə detallarına qədər düşünülüb – Türkiyə bu işi necə bacardığını bir daha göstərdi.
Forumda 140 ölkədən 450-yə yaxın rəsmi iştirakçı, 50-dən çox ölkədən minə yaxın media təmsilçisi var. Təşkilatçılar bildiriblər ki, forum iştirakçıları arasında 20-dən çox dövlət və hökumət başçısı, 2 parlament sədri, 74 nazir, 23 nazir müavini və 11 parlament üzvü var.
Dünyanın hər guşəsindən gəlmiş diplomatlar, liderlər, media təmsilçiləri burada sadəcə danışmır, alternativ axtarır. Sülhə, sabitliyə, anlaşmaya doğru bir yol varmı? Antalya bu suala cavab axtaran dünyanın mərkəzinə çevrilib.

Rauf Arifoğlu
Yeni Müsavat Media Qrupunun rəhbəri
Antalya, ADF2025
ŞƏRHLƏRŞƏRH YAZ