İlham Rəhimova qeyri-adi doğum günü təbriki: elə sirlər anons edildi ki...
Azərbaycanın dəyərli ziyalısı, böyük alimi, xeyriyyəçi iş adamı, professor İlham Rəhimovun doğum günüdür.
Əziz eloğlumu, özümün və Media Qrupumuzun dostunu ürəkdən təbrik edirəm.
Professor İlham Rəhimov Azərbaycanın milli sərvəti statusunda olan ziyalılarımızdandır. Onun ölkəmiz üçün gördüyü çox qiymətli işlərdən, apardığı fəaliyyətlərdən, Tovuz döyüşləri, daha sonra isə Vətən Müharibəsi zamanı dövlətimizə verdiyi böyük faydalardan az da olsa, xəbərdaram.
Elə detallar var ki...
Özü çox mütəvazidir, heç zaman bu fəaliyyətlərin işıqlandırılmasını istəmədi.
Lakin hər fraqmenti tariximizin önəmli bir parçası, zəfərimizin faydasına olan; üstəlik də böyük informasiya dəyəri daşıyan;
Güney Qafqazda cərəyan edən geopolitik proseslərin tam xəritəsini görməyə, anlamağa faydalı ola biləcək bu fəaliyyətlər haqqında yaxın gələcəkdə yazmaq, onları faktlaşdırmaq yaxşı olardı...
Onun Rusiya - Azərbaycan və xüsusən də Rusiya - Türkiyə münasibətlərinin yaxşılaşmasında böyük əməyi, konkret çalışmaları haqda danışmaq olar...
İndiki geopolitik konfiqurasiyada da professor İlham Rəhimovun bu və ya başqa dərəcədə rolu vardır.
Bizim onunla Rusiya, onun prezidenti Vladimir Putinlə bağlı müzakirə və hətta mübahisələrimiz olub.
Olduqca tolerant, başqa fikrə dözümlü, demokrat təbiətli İlham Rəhimovun hələ bir dəfə də olsun onun düşüncələrini paylaşmadığımıza görə bizə soyuq baxdığını, yaxud da tövür sərgilədiyini görmədim.
Polemika edər, arqumentlər səsləndirər, arsenalında olan və çoxlarının bilmədiyi qiymətli məlumatları arqumentlərə çevirər; lakin qarşıdakını əzməyə, faktaloji "darmadağın" etməyə, incitməyə qıymaz və buna getməz...
Kiçik bir nümunə: avqust ayının 29-u. Onunla Bakıdakı ofisində görüşdük. O zaman idi ki, Ukrayna propoqandası və ona qoşulan Azərbaycan mediası V. Putinin səhhətinin ağır olması, durumunun çıxılmazlığı barədə durmadan yazırdı.
3-4 gün bir yerdə olmuş (deyəsən, Soçidə), sonra Bakıya dönmüşdü.
Maraqla soruşdum: "Dostunuz necədir..."
Gülərək: "Heç nə, ilk gün 45 dəqiqə dayanmadan üzdü, sonra da dedi, gəl gəncliyimizi yada salaq... Güləş paltarı geyindik, bir o qədər də güləşdik..." (İlham Rəhimov və V. Putin tələbə və idman yoldaşı olublar.)
"Bəs deyirlər səhhəti..."
"Siz yazırsız da... Sən heç 45 dəqiqə dayanmadan üzə bilərsən… Sapsağlam və çox yaxşı formadadır... "
Bu qədər.
Nə ciddi qınaq, nə tənqid, nə israr, nə inandırmaq üçün xüsusi vurğular...
İki cümlə ilə dedi və keçdi...
Onu böyüdən də budur: o qədər təvazökar və dözümlüdür ki, kimsə özünü onun yanında diskomfortda hiss etmir...
Vətənpərvər alim, türk millətçisi ziyalı, ömrünü elmə və maarifləndirməyə həsr edən böyük azərbaycanlı, türk yurdu Tovuzun qüruru İlham Rəhimovun doğum gününü bir daha təbrik edir, ona uzun ömür, can sağlığı, daha böyük uğurlar və yaradıcılıq məhsuldarlığı arzu edirəm!
ŞƏRHLƏRŞƏRH YAZ