Onlayn ictimai-siyasi qəzet
Müəlliməyə hədiyyə edilmiş sırğa hadisəsinin üzərinə bu qədər şiddətlə getmək düzgün olmadı. Niyə?
Birincisi, ona görə ki, bunun adı hədiyyədir, o sırğalar minnətdarlığın maddi ifadəsidir.
İkincisi, bu, qəti şəkildə rüşvət-filan deyil, rüşvəti aşkarda, kameraların qarşısında almazlar.
Üçüncüsü, açıq şəkildə görünür ki, müəlliməyə hədiyyə verilməsi təşəbbüsü valideynlərdən gəlib. O da onların övladları həmin müəlliməylə vidalaşdıqdan sonra.
Dördüncüsü, müəllimənin davranışı, geyim-kecimi, üz ifadəsi ondan xəbər verir ki, bu qadın əsl pedaqoqdur və öz ədəb-ərkanı ilə hamının rəğbətini qazanıb.
Beşincisi, rüşvətin xaral-xaral alındığı, korrupsiya pullarının inkassator maşınlarında daşındığı ölkədə bir cüt sırğanın söhbətini etmək və özünü dəhşətli faktın üstünü açmış kimi aparmaq stəkanda fırtına yaratmaq cəhdidir.
Bu, gerçəkdən xırda məsələdir. Söz yox, gərək valideynlər müəlliməyə minnətdarlıqlarını başqa cür bildirəydilər, belə etməyi məqbul sayıblarsa, videoya çəkməməliydilər, çəkmişdilərsə, yaymamalıydılar, nəzərə almalıydılar ki, söz-söhbət yarana bilər.
Çünki belə videokadrlar həmişə üçüncü şəxsin (və ya qüvvənin) əlinə düşür (çox vaxt qəsdən ötürülür) və onlar bundan ya şantaj məqsədilə istifadə edirlər, ya da kimisə virmaq üçün yararlanırlar.
Hər halda belə bir videonun sosial şəbəkədə yayılması və onun ətrafında bu cür ajiotaj qoparılması yaxşı niyyətlərdən xəbər vermir. Bunu yayanlar, yayılmasını təşkil edənlər, əmin olun ki, təhsildə şəffadlıq, dürüstlük dərdi çəkənlər deyil. Onların öz korportativ maraqları var.
Son beş ilin korrupsiya və rüşvətxorluq qalmaqallarını xaıtırlayaq.
Nazir müavinlərinin, ləğv edilmiş MTN-in generallarının, İH başçılarının 5-10 milyonluq villlaları, şəhərin az qala hər yerində çoxoraqlı mənzilləri, torpaq sahələri, restoranları, lüks avtomobillərdən ibarət qarajları, 7 rəqəmlə ölçülən nağd pulları aşkar olunurdu və media bu barədə çox yazırdı.
Sosial şəbəkələrdə də bu mövzuda statuslar yazılırdı. Ən maraqlısı və qəribəsi o idi ki, adları çəkilən korrupsionerlərin müdafiəçiləri onları qınayanlardan çox olurdu. Maraqlı və bivec adamlar səs-səsə verərək yazırdılar: “Bacarana baş qurban”; “Yüksək vəzifəsi olanın pulu da çox olmalıdır də, burda nə təəccüblü iş var?”; “Guya o vəzifədə siz olsanız, villanız olmazdı, oğlunuz lüks maşın sürməzdi?”; “Bunlardan da yekə korrupsioenrlər var, onları niyə tutmurlar?” və s. və i.a.
Yəni çoxdan bəllidir ki, ölkə insanının böyük əksəriyyəti əyri yollarla toplanılıan varidata pis baxmır, bunu norma hesab edir, mühakimə etmir, qınamır. Əlbəttə, belə şeyləri kəskin dillə mühakimə edənlər, pisləyənlər də var. Bir az araşdıranda məlum olur ki, onlar, sadəcə, varidat toplama rıçaqlarına malik olmadıqlarına, talama-varlanma prosesində iştirak etmədiklərinə görə narazıdırlar və əlləri babat büdcəyə çatanda, yeyinti layihəsinə yetəndə avtomatik dönür, oğru milyonçuların vəkillərinə çevrilir.
Bu cür məsələlərə dəyişməz prinsipiallıqla yanaşan idealist adamlar olduqca azdır. Onlara qalsa, sözügedən məsələyə belə reaksiya verərlər: “Müəllimə gərək şagirdlərinə təmənnasız bilik verdiyini hədiyyədən imtina etməklə bildirəydi”. Vəssalam.
Əslində isə şagirdlərinə sevgi ilə bilik verən, onlara “a” hərfini öyrətməklə başlayıb 5-ci sinifə keçənə qədər çox şeyi anladan müəllimələrin əziyyəti, zəhməti çoxdur, onları qızıla tutsalar da, azdır. Bir baxın, görün, onların aldıqları maaş çəkdikləri zəhmətin neçə faizinin qarşılığıdır. Hesablasaq, ortaya böyük kəsir çıxacaq.
Valideynlər isə öz büdcələri hesabına həmin kəsiri qapatmaq istəyiblər.
Övladları ibtidai siniflərdə oxuyan valideylərin tam əksəriyyəti bu sözləri təsdiq edər. Uşaq böyüyür, yuxarı siniflərə keçir, təhsilinə uğurla davam edir, amma hər dəfə onun ibtidai sinif müəlliməsi ilə rastlaşanda adam özünü ona borclu sayır, istəyirsən, onun üçün nəsə edəsən, nəsə bir işinə yarayasan. Bu, qəribə bir psixoloji durumdur.
Bu sətirlərin müəllifi də öz ibtidai sinif müəlliməsini eyni minnətdarlıqla xatırlayır və hər yerdə deyir ki, bu gün cümlə qurmağı məhz o mübarək qadından öyrənib.
Ona görə də gəlin müəllimlərə edilmiş könüllü hədiyyələr barədə dəhşətli bir şeymiş kimi hay-küy qoparmayaq. Belə dürüst və cəsarətliyiksə, hərəmiz dövlət büdcəsini, xalqın cibini talayan bir məmur ifşa edək, olsun, bitsin.
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
16 Sentyabr 2024
13 Sentyabr 2024
11 Sentyabr 2024
09 Sentyabr 2024
07 Sentyabr 2024
05 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024
25 Avqust 2024
24 Avqust 2024
23 Avqust 2024
21 Avqust 2024
19 Avqust 2024
17 Avqust 2024
15 Avqust 2024
14 Avqust 2024
13 Avqust 2024
12 Avqust 2024
10 Avqust 2024
08 Avqust 2024
06 Avqust 2024
04 Avqust 2024
02 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ