Onlayn ictimai-siyasi qəzet
Bir həftə sonra ölkəmizdə maska rejimi ləğv olunacaqdır, yəqin bundan xəbəriniz vardır. Hazırda hamımız o bəxtəvər günə hazırlaşırıq. Artıq çənəmizə keçirdiyimiz, qulağımızın dibini yara eləyən, kvartalda bir dəfə yuyulmaqla çirkli döşəməsilənə oxşayan o əski parçalarından qurtuluruq.
Avtomobil sürənlər maskanı salondakı güzgüdən, universitet professorları çeşməyin sapından, təkər dəyişənlər nasosun şlanqından, polislər dubinkadan, jurnalistlər qələmin başından, şairlər gözünün yaşından, ən məşhur şairimiz üstündə qara paltarlı qadın ağlayan qəbir daşından (qafiyə tuturam, mənası yoxdur) asırdılar.
Vaxt gələcək, bu günlərin qədrini biləcəksiniz, darıxacaqsınız, maskadan ötrü burnunuzun ucu göynəyəcək. Səmimi sözümdür. İndi özümüzü maskadan, koronadan, pandemiyadan bezmiş göstərdiyimizə baxmayın. Camaat SSRİ-nin də xiffətini belə çəkir, baxmayaraq ömrümüzün çoxu o vaxt mağaza növbələrində keçirdi, ayda bir kilo ət tapanda bayram olurdu. Mənim bir qahımım vardı, rəhmətlik pesok növbəsində öldü, elə dükanın qabağında basdırdıq, çünki növbəni dağıtmağa imkan yox idi.
Mandarinin, qotur yaşıl noxudun, nə bilim, mayonezin üzünü ancaq Yeni ildə görən adamlar indi müstəqilliyə şıllaq atırlar. Yüz faiz maska əhvalatı da belə olacaqdır. Mən buna adım kimi əminəm, qarantiya verir, zamin dururam. (Mən respublikada tək-tük adamlardan biriyəm ki, “adım kimi qarantiya verirəm” cümləsini boş-boşuna işlətmirəm).
Çox demirəm, uzağı 10 il keçsin, görəcəksən kimsə - böyük ehtimalla manıslardan biri, çünki bizdə ziyalılıq, ağsaqqallıq missiyası o zümrənin qismətinə düşmüşdür - qəmli-qəmli telekanalizasiyada çıxış edərək pandemiya dövrünün, maskanın, koronanın, nə bilim, küçə dezinfeksiyasının nostaljisindən dəm vuracaqdır. Bir molla ekrana çıxıb yarasa yeməyin fəzilətlərini, Allahın insanlara göndərdiyi epidemiyaların necə tərbiyəvi rol oynadığını açıqlayacaqdır: “Maska taxmaq insanın üzünü naməhrəmlərdən gizlədirdi, burda hikmət vardır”.
Stalin yüz minlərlə, milyonlarla insanın, xalqın anasını ağladıb. Bütöv xalqları repressiya edib, köçürdüb, yurdları xaraba qoyub. Ancaq günü bu gün Stalinin başına and içən, şəklini əziz yerindən asan adamlar azdırmı? Az deyil. Rusiyada belə xəstələrin sayı lap çoxalıb. O baxımdan mən yüz faiz əminəm ki, 30-40 il sonra korona virusunun portretini də başı üzərindən asanlar peyda olacaqdır. İnanmırsınız? Əcəb edirsiniz. Yaşayarıq, görərik. Siz sağ, mən salamat. 3 il qabaq kimsə “illərlə ağzınıza çirkli əski taxıb gəzəcəksiniz” desə buna da inanan olmazdı.
Tarixi hadisə, yəni, maska ilə vida günümüz mayın 1-nə düşdüyü üçün, təklif edirəm bunu zəhmətkeşlərin həmrəylik günü ilə birləşdirib bayramlaşaq. Şəhərin görkəmli yerlərindən birində maska heykəli qoymaq olar. Bulvarda boş yer çoxdur. Rəssam kişinin, çətirli qızın yanında. Məncə turistik önəmi olar, hamı buna baxmağa axışar, dünyada maskaya heykəl qoyan başqa xalq varmı, xəbərsizəm.
Bəs Nazirlər Kabineti yanında Operativ Qərargah maska qadağasının ləğvini niyə 8-9 gün sonraya saxladı? Elə 22 apreldə, cümə günü bu qərarı vermək olmazdımı? “23 apreldən maska aradan qalxır, kef eləyin” şəklində. Yox, olmazdı. Bu qədər sadəlövh yanaşmayın. NK yanında OQ çox məsuliyyətli, ciddi qurumdur. Orda bütün qərarlar azı 10 gün, 3 ay, 5 il müddətinə fikirləşilir. Hətta bizdə elə qərar var 30 ildir fikirləşirik, həllini tapa bilmədiyimiz üçün həyata keçmir. Buna aiddir: neft-qaz gəlirlərini xalqa bölüşdürmək, pensiyaları adam kimi artırmaq, uşaqlara əmzik, valideynlərə əppək, jurnalistə qələm, müəllimə kələm və sairə...
Hətta mənə idarədən gizli məlumat sızmışdır, maskanı ləğv qərarını verərkən NK yanında OQ-un bir neçə əməkdaşı istehsalat xəsarəti almış, məcburi pensiyaya çıxmışdır. 2 nəfərin beli sərpib, 4 nəfər qaşınmaya düşüb, 6 işçinin qrıjası, 1 nəfərin ağzı partlayıb. Xoşbəxtlikdən insan tələfatı yoxdur.
Əlbəttə, insan xoşbəxtlikdən niyə tələf olsun ki?
21 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ