Onlayn ictimai-siyasi qəzet
Hər bir böyük ulusun, xalqın tarixində tənəzzül və tərəqqi, geriləmə və intibah dövrləri olur.
Məsələn, orta əsrlərdə monqol və tatarların əsarəti altında inləyən rus xalqı 20-ci əsrdə dünyanın və bütün zamanların ən böyük imperiyasını qurdu, özünə Avropada, Asiyada, Afrikada, Cənubi Amerikada vassal-dövlətlər yaratdı. Monqollar və tatarlar isə əksinə, tənəzzülün dibinə endilər.
Ötən əsrin ortalarına qədər əsrlərcə başqa dövlətlərin müstəmləkəsi altında yaşayan ərəb qəbilələri 20-ci əsrin ikinci yarısında müstəqil dövlətlər qurdular, varlandılar, indi malik olduqları sərvətlə dünyadakı təsir dairələrini genişləndirirlər.
20-ci əsrin 60-70-ci illərinə qədər dünyanın dörd bir tərəfində müstəmləkələrə malik olan Fransa ard-arda əl altında saxladığı ölkələri, əyalətləri itirdi və bu ölkənin imperiya ambisiyaları hazırda da zərbələr almaqda, nüfuz dairəsi kiçilməkdədir.
Özlərini dünyanın gerçək və şəriksiz ağası zənn edən infilislər də əvvəlki tərəqqilərində deyillər, amma onların tənəzzülündən danışmaq tezdir.
Hindistanın vahid dövlətçilik tarixi ötən əsrin ortalarından başlayır, buna qədər əsrlər boyu yadellilərin əsarətində yaşayıb. Amma indi sürətlə dünya nəhənginə çevrilməkdədir.
Qədim dövlətçilik tarixi olan Çin əsrlər boyu qapazaltı olsa da, yalnız bu əsrdən etibarən dünya ağalığına iddia edənlərdən birinə çevrilib və bu dövlət öz niyyətini iqtisadi rıçaqlarla həyata keçirmək niyyətindədir.
Bu xüsusda çox danışmaq olar, amma qısa kəsək, öz ulusumuzun yeni intibah mərhələsinə adlamaq çabalarına diqqət edək.
Orta əsrlərdə türk xalqlarının böyük dövlətləri, imperiyaları olub. Bu, tarixdən bəllidir: Osmanlı, Teymurilər, Qızıl Orda, Səlcuqlar, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və s.
Ancaq ötən əsrin əvvəllərində bu imperiyalardan, dövlətlərdən əsər-əlamət qalmamışdı. Onların ən qüdrətlisi olan Osmanlı imperiyası belə Antanta qüvvələrinin işğalına məruz qalmış, o boyda xanədanlıq ingilis bayrağının altına qısılmışdı. Mustafa Kamal Atatürk olmasaydı və o, böyük müqavimət hərəkatı başlamasaydı, böyük ehtimalla bugünkü Türkiyə İraq, Suriya kimi bir dövlət olacaqdı.
Qacar dövlətinin süqutunu bilirsiniz. İndi o dövlət İran adlanır və bu ölkədə türk milli kimliyi sıxıntı içindədir.
O biri türk dövlətləri də Rusiya tərəfindən işğal olunmuşdu. Türküstan 4+ yerə (Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan+Qaraqalpakıstan) parçalanmış, Azərbaycan ilhaq edilmiş, Tatarıstan, Başqırdıstan, Altay və üzü o tərəfdəki türk ulusları rus imperiyasına qatılmışdı.
İndi bu arealda soy-kök zəminində yeni bir yaxınlaşma, çulğaşma, inteqrasiya prosesi başlanıb. Bu, açıq gözlə görünür.
SSRİ-nin dağıldığı illərdə məşhur olan bir mahnı (“Özbək, türkmən, uyğur, tatar, azər bir boydur, qaraqalpaq, qırğız, qazax – bunlar bir soydur”) nə qədər romantik və utopik görünsə də və yenidən bir ataya gəlmə ideyası ciddi müqavimətlə üzləşsə də, bu gün nə görürük?
Bu gün görürük ki, ortada Türk Dövlətləri Birliyi adlanan siyasi təşkilat, Türksoy adlanan mədəniyyət ittifaqı, Beynəlxalq Türk Akademiyası kimi tanınan elmi-mədəni ocaq var. Bu təşkilatlar türk xalqları arasında inteqrasiyanı gücləndirmək üçün ciddi, ardıcıl işlər görürlər. Obrazlı desək, bu löhrəm yerişli karvan öz mənzilinin başına doğru aram-aram irəliləyir.
O mənzilin adına Turan deyəndə bir çoxları dəliyə dönür, bunu öz mövcudluqlarına təhlükə sayırlar. Amma söhbət türk dövlətlərinin iqtisadi birliyindən, siyasi müttəfiqliyindən, başqa dövlətlərdə muxtariyyata malik olan türk uluslarına mədəni-siyasi himayədarlıqdan gedir və heç bir dövlətin süqutunu, parçalanmasını nəzərdə tutmur.
Uzun illər bəzi dövlətlər və onların 5-ci kolonları canfəşanlıqla, bir az da əminliklə iddia edirdilər ki, türk dünyasına məxsus olan dövlət və xalqların bir araya gəlməsi heç cür mümkün olmayacaq. Bu iddianın əsassızlığı son 2-3 ildə parlaq şəkildə ortaya çıxdı. Türk dövlətlərinin başçılarının az qala hər ay bir araya gəlməsi, sazişlər, müqavilələr imzalaması göstərir ki, nəzərdə tutulmuş istiqamətə doğru irəliləmək üçün ortaq iradə var.
Bədxahların daha bir arqumenti də o idi ki, türk dövlətlərinin rəhbərlərinin ortaq ünsiyyət vasitəsi rus dilidir. Bunu daha çox ironiya ilə deyirdilər. Ancaq tendensiya bundan ibarətdir ki, artıq bu xalqların siyasi rəhbərləri, ziyalıları bir-birini anlayırlar, aradakı dil baryeri sürətlə sökülür.
İndi ortaq türk əlifbası yaradılıb. Bu, bütün türk xalqlarının ortaq əlifbası olacaq. Zatən Anadolu türkləri 94 ildir bu əlifba ilə yazıb-oxuyur. Biz Latın əlifbası ilə yazıb-oxumağa onlardan da beş il öncə, 1923-cü ildə keçmişik. Ancaq 1933-cü ildə Stalinin əmri ilə SSRİ-yə daxil olan bütün müsəlman-türk xalqları məcburi qaydada kiril əlifbasına keçiblər.
Bu, tədrici rusifikasiya siyasətinin tərkib hissəsi idi və ideyanın müəllifləri bu istiqamətdə öz planlarının geniş həcmdə gerçəkləşdirdilər. Türk xalqlarının dilləri bir-birindən fərqlənməyə, başqa-başqa səmtlərdə inkişaf etdirilməyə başladı. Hazırda bütün türk xalqlarında istifadə olunan leksikonda on minlərlə eyni və ya bənzər sözlər olsa da, tələffüzü anlamaq çətinlik törədir.
Hərçənd bir azərbaycanlının özbək, türkmən, uyğur dillərində sərbəst danışması, yazması üçün bir neçə həftə vaxt kifayət edə bilər. O biri dilləri öyrənmək isə qoy 1-2 ay vaxt aparsın. Çətin deyil.
Onsuz da hər millət öz qonşularından, hətta uzaqda yaşayan xalqların dilindən minlərlə söz alıb və almaqdadır. Bu gün işlətdiyimiz leksikondakı minlərlə termin Avropa xalqlarının dilindən alınıb. Onları işlədəndə heç kim bir kəlmə etiraz etmir. Amma Anadolu və ya Özbəkistan türklərinin işlətdiyi bircə kəlməni danışığımızda işlədən kimi “ay aman, dili korladılar” vay-nöfsəsi qalxır.
Ancaq sağdan, soldan, şimaldan, cənubdan, qərbdən göstərilən müqavimətə, təzyiqlərə baxmayaraq, proses öz axarıyla gedir və axırda uzaqgörən dühaların dediyi kimi olacaq. Bütün türk xalqları eyni qrafika ilə yazıb-oxuyacaq, demək olar ki, eyni bir ortaq dildə danışacaqlar. Bəlkə bir az gec və bir az çətin olacaq, amma bu, mütləq olacaq.
23 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ