İnsanlara hürriyət, millətlərə istiqlal!

Beriya ilə Mehdiyevin bir az qüsurlu müqayisəsi

 

Dünən sosial şəbəkə “dostlar”ından biri Ramiz Mehdiyevi (qısa desək, R.M. -indi bir çoxları belə yazır) Beriya ilə müqayisə etmişdi.

Bütün müqayəsələr qüsurludur, bu, heç, bunu hamınız bilirsiniz.

Amma indiki cavanlar bəlkə də Beriyanın kim olduğunu bilmir. İndikilərdə bir xasiyyət var, çox şeyləri bilmirlər və bilmək istəmirlər, soruşanda da deyirlər, biz onları bilməyə borclu deyilik.

Lavrenti Beriya (LB) Stalinin dövründə güc naziri olub. O vaxt DİN ilə DTK eyni nazirlikdə birləşmiş olub, Beriya da birləşdirilmiş strukturun yek rəhbəri işləyib

Adamın qılıncının dalı da kəsirmiş, qabağı da, hələ qəbzəsi də. (Qəbzə - yəni tutacaq). Stalindən başqa hamı ondan qorxurmuş. Əsl “boz kardinal” Lavrenti Pavloviç olub.

Bu məsələdə RM ilə LB-nin müqayisəsi nisbətən uğurlu sayıla bilər. Çünki vəzifədə olanda RM-dən hamı qorxurdu. Bəziləri hörmət edə-edə qorxurdu, bir çoxlar da qorxa-qorxa hörmət edirdi. Axtarsan, bəlkə akademiki qorxa-qorxa sevənlər də olub. Axır ki, ona münasibətdə bəslənilən hisslərin içində, bir tərəfində mütləq qorxu olub.

Söhbət, əlbəttə ki, məmurlardan gedir. Yoxsa o dövrün adı çıxmış qəzetçilərinin hansını dindirsən, mütləq RM-yə qarşı yazıları, videoçıxışları var. Onlar ondan qorxmurdular. Hərçənd bəzən “Bir qalanın sirri” filində Göygöz kosadan qorxmadığını bəyan edən və dərhal qorxudan çığıran Bıdı kimilər də olurdu.

Lakin LB ilə RM-nin ifşa edilməsi məsələsində müqayisə uğursuz ola bilər. Yazıq Beriyanın yaşı 60-a çatmamış qandallayıb qoyublar içəri, pis günə qoyublar, axırda da güllələyiblər.

RM-nin yaşı isə 90-nı haqlayıb, amma qandallamayıblar, villa dustağı kimi yaşayır, ifadə verir. İmkan versələr, müəllim brifinq də keçirər, deyər, barəmdə deyilən səslənən fikirləri həqiqəti əks etdirmir.

Bununla belə, vəzifədən götürüləndən sonra hər ikisinin keçmiş silahdaşlarının özlərini onlara qarşı eyni cür aparması müqayisəyə gəlir. LB-nin komanda yoldaşları səs-səsə verərək, “ah, yaxşı oldu, bu odioz adamdan canımız qurtardı” deyiblər, indikilər də RM haqqında elə deyirlər. Çünki onların ikisi də zamanında komanda yoldaşlarının torbasını tikib, büzməyə hazır vəziyyətdə saxlayırmış.

Hərçənd LB ilə RM-nin şəxsi həyat məsələsi müqayisəyə gəlməz. LB çox şorgöz biri olub, gözünə şirin dəyən qadınların ərli, ya subay olduğuna, həddi-büluğa çatıb-çatmadığına fikir verməzmiş. Axırda onlardan biri – Valentina Drozdova LB-nin üzünə durub, ifadə verib ki, Lavrenti onu 16 yaşındaykən kabunetində zirlayıb.

RM barədə isə elə söhbətlər yoxdur. Adam nümunəvi ailə başçısı, sədaqətli ər olub. (Bu xüsusda kateqorik bir şey demək düzgün olmaz, hər halda, əldə informasiya yoxdur). Ona görə də bu motivlə onun üzünə duran olmayacaq. Olsa, gülməli bir şey olar, Alış kişini yada salar.

Adları çəkilən kommunistlərin müqayisəsi bir məsələdə də qüsurlu sayılmamalıdır. Bu, yerlibazlıq məsələsidir. LB də həmyerlilərini başına yığıb regional klan yaradıb, RM də eyzən həmyerlilərini irəli çəkib, himayə edib, onlara güvənib.

Beriyanın başı uğurlu çəkildə yeyiləndən sonra müəyyən varidatı üzə çıxıb: əntiq əşyalar, qızıl-mızıl, nağd pulu-filan. Təxminən hazırda gömrükdəki bir idarənin bir şöbəsinin müdirinin müavininin malik olduğu qədər var-dövlət.

RM-nin malik olduğu varidatın bir hissəsi o gün açıqlanmışdı, hiss olunurdu ki, tərtibçilər üzdən gediblər, tam mündəricat ya məhkəmədə açıqlanacaq, ya da heç vaxt açıqlanmayacaq. Xalqı həyəcanlandırmaq lazım deyil. Belə siyahılar açıqlananda xalq heyrətlənir, “vay dədə” və ya Anadolu ağzıyla “vay bəəə” deyənlər olur.

Amma siz sağ, mən salamat, LB ilə RM-nin aqibəti eyni olmayacaq. Yəni ikincini güllələməyəcəklər. Ona görə ki, qanunvericilikdə edam hökmü yoxdur. Yığışdırılıb.

Yoldaşların silahdaşlarının taleyi məsələsi də eyni olmaya bilər. Bilindiyi kimi LB-nin müavinləri, köməkçiləri, oturub-durduqları, hamısı həbs olunub, bir çoxu güllələnib, bəziləri uzun müddətli cəzalar alıblar.

Amma budur, neçə gündür, həmkarlarımız RM-ni ifşa edirlər, amma hələ bir adamı tutdura bilmirlər. Xalq artıq narahat olmağa başlayıb, deyirlər, niyə kütləvi tutqu yoxdur, dövlət çevrilişinin yaraşığı gündə bir məşhur adamın türməyə basılmasıdır. “Təkadamlıq çevriliş olmur” deyənlər var. Düz deyirlər. Təkadamlıq kameralar olur, amma hamısı hələ ki boşdur.

Bir sözlə, müqayisə imkanları açıqdır. Kim istəsə, RM-ni, ondan qabaq vəzifədən götürülən və cəzalandırılanlarla müqayisə edə bilər. Qüsurlu olsa da, eybi yoxdur. Qüsursuz bircə Gözəgörünməzdir, o da gözə görünsəydi, kim bilir, insan oğlu nə tapardı...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR