Onlayn ictimai-siyasi qəzet
Biz lider dövlətik, ona görə xırda-mırda işlərə baş qoşmaq bizə yaraşmaz. Dünən mən bu baxımdan xeyli məyus oldum.
Xəbər verilmişdi: “10 vəzifəli şəxs həbs olundu”. Burada əsas vurğu, şübhəsiz, “vəzifə” sözünün başındadır. Lakin xəbəri açıb içini oxuyanda nə görürük? Korrupsiya cinayətinə bulaşaraq türməyə salınan yoldaşlar hansısa kənd bələdiyyə sədrləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rayon, ərazi şöbə rəisləri, ən yaxşı halda icra başçısının keçmiş müavini-filandır. Buna nə ad verəsən? Biabırçılıq. Töhmət. “Jmıx-ləzzət”.
Hətta mən prokurorluğun qoduqluğa saldığı yoldaşlardan birinin inzibati sistemimizdə tutduğu vəzifənin ismi-şərifini oxuyanda gülməkdən qarnım cırıldı. Yalan olmasın. Ağrımağına şübhə etməyin. Buyurun, siz də oxuyun, ləzzət alın: “Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyev”.
Buradan çıxan nəticələri analiz edək. Birincisi, bizdə hər rayonda icra başçısının özünün şəxsi Aparatı var. İkincisi, orada sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi var. Məncə gələcəkdə bu şöbəni iki yerə ayırmalı, təhlil şöbəsini bir, proqnozlaşdırmanı ikinci şöbə etməliyik. Üçüncüsü, o şöbənin nəinki müdiri, həmçinin müavini varmış.
Əziz dostlar, Kürdəmir icra hakimiyyətində sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsini qayırmısınızsa, artıq bunun özü korrupsiyanın zırısıdır. Kürdəmirdə belə mənasız dövlət idarələri açıb büdcəni sağmaqdansa, yeni iş yerləri açılmalıdır. Biznesə imkan verilməlidir. (Bu abzası zarafat üçün yazdım).
Hələ bu harasıdır? Korrupsiyaya yoluxub tutulanlardan ikisi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (İNƏMDX - çox ehtiraslı abbreviaturası var və büdcəni sortuqlamağı ehtiva edir) Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləyən İldırım Məmmədov və həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibovdur.
Fısqırıq. Diqqətlə təzədən oxuyun: dövlətdə bir nazirlik var, nazirliyin yanında bir xidmət idarəsi var, orada şöbə var, şöbədə sektor var, sektorda da baş məsləhətçi var! Yəqin baş məsləhətçinin da özünün məsləhətçiləri var.
Belə şəraitdə korrupsiya ilə mübarizə aparmaq yeddi başlı əjdahanı öldürmək kimi şeydir. Alınmaz. Bir başı kəsərsən, ikisi çıxar. Ya da başqa folklor örnəklərimizdə, nağıllarda belə olurdu ki, qəhrəman girirdi dərin quyuya, görürdü orda div başını qoyub gözəl qızın dizinə, xoruldayır. Dalaşırdılar, divi heç cür öldürə bilmirdi. Nəhayət süpürləşib yorulanda qız buna divə qalib gəlməyin sirrini açırdı: “Taxçada şüşə var, içində göyərçin var, şüşəni sındır, göyərçini öldür, divin canı o göyərçindədir”.
Təzədən bir sürü bələdiyyə sədrlərinin rüşvətxorluq maddəsiylə tutulması isə köhnə, saqqallı anekdotu məclisdə eşitməyə oxşayır. İdarəyə (prokurorluğa) hörmət eləyib gülmək istəyirsən, alınmır. Bu da belə anomaliyadır: yerli özünü idarəetmə yoxdur, lakin bələdiyyə var. Bələdiyyənin heç bir səlahiyyəti yoxdur, lakin korrupsiya ilə məşğul ola bilirlər. Bələdiyyədə korrupsiya səlahiyyəti saxlanılır - belə izah edək.
Ən gülməli korrupsionerimizi isə axıra saxlamışam. Rayonlardan birində arxiv idarəsinin müdirini tutublar. Bu da keçmiş zamanda rüşvətxorluq edirmiş. Azərbaycanda korrupsiyanın zaman və məkandan üstdə bir əhvalat olmasına daha kimsə şübhə eləməsin.
Prinsipcə, icra hakimiyyətinin proqnozlaşdırma - gələcəklə bağlı şöbəsi rüşvət alırsa, keçmişlə işləyənlər niyə almasın?
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ