İnsanlara hürriyət, millətlərə istiqlal!

İkinci Qarabağ Savaşındakı böyük Qələbə daha nələri dəyişə bilər?..

Bəli, çox az bir müddət keçsə də İkinci Qarabağ Savaşındakı böyük Qələbə çox şeyi dəyişdi. Hər şeydən əvvəl bütöv dövlət olduq, dövlətin suverenliyi onun bütün coğrafi hüdudlarına şamil olundu, özü də ilk dəfə olaraq.

Ən əsası da içimizdəki SINIQLIQ tamam yox oldu – hələ də xatırlayıram ki, insanlar necə də sevinclə deyirdilər ki, bəs biz daha məcburi köçkün deyilik, daha heç kim bizə qaçqın-köçkün deməyəcək!

Üçüncüsü, yavaş-yavaş azad olunmuş torpaqlarımızı dirçəltməyə, insanları yurd-yuvalarına qaytarmağa başladıq ki, bunlar da bəzi sosial, demoqrafik hətta, bir daha deyirik ki, mənəvi problemlər baxımından heç də az əhəmiyyət kəsb etmirlər.

İndi ölkə İkinci Savaşdakı Qələbənin hüquqi cəhətdən birdəfəlik və etibarlı şəkildə təsbit olunmasına çalışır ki, bu da çox vacib məsələdir – bəli, biz de-fakto qalibik, de-yure də onu qismən tanıtmışıq, amma bu proses hələ tamam başa çatdırılmayıbdı və özünün bitməsini gözləyir.

Amma İkinci Qarabağ Savaşının başqa nəticələri də ola bilərdi. Hər şeydən əvvəl o, ölkənin daxili siyasətində də kardinal bir dönüş nöqtəsi olmalı idi – o, ən azı hakimiyyətin özünün özünə münasibətini dəyişməli, onun özünə olan inamını artırmalı idi ki, daxili siyasətdə birdəfəlik “bərabər imkanlar” prinsipi təsdiqlənsin, rəqiblərə münasibətdə daha da sivil siyasi metodlardan istifadə etməyə start versin. 

Fəqət, baş verdimi bunlar? Çox təəssüf, hələ bu suala dərhal təsdiqləyici cavab verə bilmirik – necə deyərlər, gözləyirik.

Məsələn, bəzi məlumatlara görə, hətta sonuncu parlament seçkilərində seçici fəallığı aşağı olubdu. Bir daha deyirik ki, bunun dəqiq olub-olmamasını bilmirik – hər halda, belə deyirdilər.

Əlbəttə, seçici fəallığının aşağı olmasının (əgər həqiqətən də belə olubsa!) çox səbəbləri ola bilər, onlardan biri, məsələn, seçicilərin arxayınçılığıdır, bəzən onlar “onsuz da filankəs qalib  gələcək” deyib seçkilərə getməyirlər.

Daha bir səbəb də bu ola bilər ki, insanlar sadəcə, seçkilərə o qədər də inanmırlar və bu dəfə onlar “onsuz da filankəsi deputat edəcəklər” deyib seçkilərə getmirlər.

İndi ölkədə referendum keçiriləcəyilə bağlı söhbətlər bitmir. Düzdür, bunlar daha çox fərziyyə xarakteri daşıyır və referendum məsələsini hələ ki, ciddi şəkildə təsdiq edən hər hansı detal yoxdur. Nələri dəyişməlidir hipotetik referendum? Biz bu vaxta qədər konstitusiyanı çox dəyişmişik, amma insanların bir qismi belə hesab edir ki, hələ də ölkədə siyasi sahman yaranmayıbdır, belə ki, parlamentin tərkibi genişlənməli, ciddi seçki islahatları aparılmalıdır, hətta proporsioonal seçki sistemi təzədən bərpa olunmalıdır.

Düşünürük ki, bu cür yanaşmaların da müəyyən qədər məntiqi və siyasi əsasları var. Dedik ki, ölkənin suverenlik coğrafiyası böyüyübdü, əhalisi artıb və bunlar parlamentin strukturuna yenidən baxmağı tövsiyə edir.

Elə parlamenti formalaşdıran seçki mexanizmləri də təftiş olunsaydı pis olmazdı.

Yox, biz heç vaxt düşünməmişik ki, proporsional seçki sisteminin majoritar sistemlə müqayisədə fövqəladə üstünlükləri var. Yox, belə deyil. Proporsional sistem daha çox partiya “bosslarına” lazımdır. İndi  onlar bir siyasi təbəqə kimi demək olar ki, siyasi həyatdan siliniblər və yaxud da çox pərakəndə hala düşüblər. Əlbəttə, cənab Karl Popprerin ardınca biz də etiraf edirik ki, hələ heç kimə siyasi partiyalarsız möhkəm demokratik quruluş və sistem yaratmaq qismət olmayıbdır. Amma partiyalar, necə deyərlər, eyni uğurla öz qabiliyyətlərini majoritar seçki sistemi vasitəsilə də göstərə bilərlər.

Elə insanlarımız da daha çox proporsional və yaxud majoritar sistemlərin hansının təsbit və təsdiq olunacağının deyil, daha da ədalətli, düzgün, geniş spektrli və demokratik seçkilərin intizarındadırlar.

Bir az əvvəldə dedik ki, İkinci Qarabağ Savaşındakı Qələbə ilk növbədə hakim partiyanın özünün özünə münasibətini dəyişməlidir. Açığı bir daha deyirik ki, biz son seçkilərin daha da açıq, dinamik və daha da geniş spektrli olacağını gözləyirdik, çünki hakim partiyanın bütün səviyyəli seçkiləri udmaq üçün böyük şansları, hətta deyirdik ki, mənəvi haqqı da vardır – axı ölkə qarşısındakı ən böyük problem, keçmiş Dağlıq Qarabağ problemi həll olunubdu!

Doğrusu, bir adi vətəndaş kimi biz heç vaxt ümidimizi itirməmişdik, həmişə düşünmüşdük ki, gec-tez Qarabağ müharibəsində qalib gələcək və torpaqlarımızı azad edəcəyik.

Amma heç vaxt inanmazdıq ki, nəinki Şuşa, hətta erməni separatçılarının yuvasına və mərkəzinə çevrilmiş Xankəndi də azad olunacaqdır! Fəqət, bunlar artıq yuxu deyil, bir reallıqdır... 

Ümumiyyətlə isə, 93-cü ildən bu tərəfə başqa sahələrdə də az iş görülməyib. Amma çoxlu səhvlər də var. Onların bir hissəsi labüd idi, necə deyərlər, iş olan yerdə səhvlər də olur.

Amma bir hissəsi bir növ, şüurlu səhvlər idi və onlar hakim partiyanın siyasi opponentsizlik mühitində fəaliyyətinin nəticəsidir. Bütün bunları düzəltməyin vaxtıdır, bu isə yalnız plüralistik siyasi mühitdə ola bilər ki, o da yalnız tam demokratik və daha açıq seçkilər sayəsində mümkündür, çünki belə bir deyim var ki, böyük, xüsusən də ki, nəzarətsiz hakimiyyət insanları korlayır.

Son seçkiləri düşünərkən belə bir maraqlı tarixi detal yadıma düşdü və onu sadəcə, çox maraqlı (bəli, yalnız buna görə!) olduğu üçün qeyd edir və xatırladıram.

Qərəz, İkinci Dünya müharibəsindəki böyük qələbədən dərhal sonra keçirilmiş parlament seçkilərində ingilislər qalib hökumətə səs verməmişdilər və o vaxtki baş nazir Uinston Çerçill çox məşhur bir fikir demişdi: “Özünün böyük oğullarına sayğısızılıq böyük millətlər üçün adi bir işdir!”.

Bəs onda Britaniya hökuməti nə etdi? Heç nə, sadəcə, seçkinin nəticələrini tanıdı və hakimiyyəti seçkidə qalib gəlmiş partiyaya verdi! Qoy, heç kimə təəccüblü görünməsin bu– əsl demokratik seçkidə hər şey olur və onun bir gözəlliyi də elə gözlənilməzliyində, surprizlərindədir.

Həm də başqa cür ola da bilməzdi, ona görə ki, millətin, seçicilərin iradəsi hər şeydən üstündür və bütün müharibələrin də ən əsas qalibi, qələbələrin də ən əsas memarı ilk növbədə millət olur, bəli, millət...

Bir daha deyirik ki, bu, yəni müharibədə qalib gəlmiş partiyanın seçkilərdə uduzması ssenarisi heç də o demək deyil ki, hər yerdə belə olur və ya olmalıdır, yox, bunu sadəcə, maraqlı tarixi-siyasi detal kimi qeyd etdik.

Elə ona görə də heç nədən ehtiyatlanmadan daha dərin siyasi demokratiyaya start vermək lazımdır, özü də çəkinmədən, necə deyərlər, lap sidqi-ürəklə. Bunun ardınca əsl iqtisadi azadlıqlar da yerini tutacaq və bir də gördün, bizdə də, nəhayət, rəsmi milyonçular, hətta milyarderlər peyda oldu və neçə-neçə nazir, icra başçısı “Mən getdim bizneslə məşğul olmağa!” deyib postundan istefa verdi...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

10 Dekabr 2024

07 Dekabr 2024

03 Dekabr 2024

30 Noyabr 2024

26 Noyabr 2024

23 Noyabr 2024

19 Noyabr 2024

16 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

05 Noyabr 2024

02 Noyabr 2024

29 Oktyabr 2024

26 Oktyabr 2024

22 Oktyabr 2024

19 Oktyabr 2024

15 Oktyabr 2024

12 Oktyabr 2024

08 Oktyabr 2024

05 Oktyabr 2024

01 Oktyabr 2024

28 Sentyabr 2024

24 Sentyabr 2024

21 Sentyabr 2024

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024