İnsanlara hürriyət, millətlərə istiqlal!

Gülənin gülməyən bəxti, Türkiyənin şanslı vaxtı

O doğrudan da Türkiyənin Xomeynisi olacaqdı. 15 iyul (2016) hərbi qiyamı qələbə ilə nəticələnsə, uzağı bir aya Pensilvaniyadan qalxan xüsusi təyyarə Fətullah Güləni və əshabələrini Ankaraya gətirəcəkdi.

Onu Türkiyədə böyük izdihamla qarşılayacaqdılar, hava limanında pişvazına yüz minlərlə insan çıxacaqdı, qədim fironlar kimi əl üstündə öz iqamətgahına aparılacaqdı və oradan dövlət idarə edəcəkdi. Kim prezident seçilməlidir, kim nazir olmalıdır, kimlər həbsxanalarda çürüdülməlidir, kimlər ölkədən qaçaq salınmalıdır – hamısını o həll edəcəkdi.

Fəqət möcüzəvi və şanslı bir şəkildə Türkiyə ikinci İran olmaqdan qurtuldu. Ərdoğanın təyyarəsini havada ikən vurmayan şəxslər dolayısı ilə də yox, birbaşa olaraq Türkiyəni dini dövlət olmaqdan xilas etdi.

Bundan ötrü ölkədə və ondan kənarda hər cür şərait yaradılmışdı. Vətəndaş cəmiyyəti təşkilatları boğulmuş, medianın bir qismi ələ alınmış, bir qismi neytrallaşdırılmış, adlı-sanlı və tərəqqipərvər ziyalılar həbsə atılmış, bir xeylisi də qorxdulumuş, bu layihəyə müqavimət göstərə biləcək generallar, başda ordunun baş qərargah rəisi İlkər Başbuğ olmaqla türmələrə doldurulmuşdu.Repressiya maşınını Fətullah Gülənin ən yaxın adamlarından biri olan Zəkəriyyə Öz sürürdü.

Ölkənin ən ali vəzifəsi Gülən camaatının dindar kadrları arasında bölüşdürülmüşdü. Hətta bunun üzərinə vurğu edirdilər, Abdulla Gülün prezident seçilməsini nəzərdə tutaraq deyirdilər, nəhayət, bir müsəlman siyasətçi prezident seçildi. Yılmaz Özdilin sözü olmasın, sanki ona qədər prezident olanlar buddust idilər.

Əgər 2013-cü ilin sonunda baş verən, tarixə “17-25 dekabr – çevriliş cəhdi” kimi düşən təşəbbüsü olmasaydı və Ərdoğanın komandası ilə Gülənin tərəfdarlarının yolları ayrılmasaydı, Fətullah Gülənin və silahdaşlarının Türkiyədə hakimiyyəti götürməsi məxməri şəkildə baş tutacaqdı.

Ancaq o hadisə monolit kimi görünən, dini və siyasi qüvvələrin koalsiyasında ciddi çat, qatı düşmənçilik yaratdı və münaqişənin həlledici günü 2016-cı ilin 15 iyulu oldu. Ərdoğan Gülənə qalib gəldi.

Hələ o vaxt Türkiyədə, eləcə də başqa ölkələrdə olan Gülən tərəfdarları israrla bildirirdilər ki, heç bir çevrilişi cəhdi olmayıb, hər şeyi Ərdoğanın komandası düzüb-qoşub. Ancaq bu, tamaşa-filan deyildi, hər şey ortadaydı. Ərdoğan və Türkiyə Gülənin əlindən, necə deyərlər, qıl payı qurtulmuşdu. Arada yüzlərlə insan ölmüş və yaralanmışdı.

NATO-nun ikinci ən güclü ordusunun generalları həbs ediləndə belə bir düşüncə vardı ki, ABŞ bu həbslərə göz yummayacaq, əvvəl-axır müqavimət göstərəcək, həbsləri durduracaq. Heç demə, vətənpərvər generalların həbsi barədə əmr elə ABŞ-dən, Pensilvaniyadan gəlirmiş. Məqsəd Türkiyə ordusundakı Gülən tərəfdarlarının yolunu açmaqmış.

ABŞ-nin 15 iyul çevrilişində rolu olması elə qiyam baş verən günü ortaya çıxmışdı. Yeri gəlmişkən, hərbi qiyam barədə ilk informasiyanı Ərdoğana Rusiya kəşfiyyatı, sırf ABŞ-nin layihəsi həyata keçməsin deyə xəbər verib.

Bəli, Fətullah Gülən və onun rəhbərlik etdiyi təşkilat Amerikanın layihəsidir. Əgər bu layihə baş tutsaydı, türk birliyinə və islam dünyasına böyük zərbə vurulacaqdı.

İslamda sünni və şiə məzhəblərindən sonra real hakimiyyətə malik üçüncü böyük siyasi təriqət – nurçuluq hakimiyyət rıçaqları əldə edəcəkdi. Türkiyə İran və Səudiyyə Ərəbistanı kimi üçüncü siyasi-dini mərkəzə çevriləcəkdi. Bu, bir-birini qəbul etməyən, özünü digərlərindən üstün və haqlı sayan təriqətlərin mövcudluğu dövründə heç bir islam həmrəyliyindən söhbət gedə bilməzdi.

ABŞ-nin Türkiyədə teokratik rejim qurulmasına çalışmaqda, söz yox ki, uzaqgedən məqsədləri var. Bu dövlət Pakistan İslam Respublikası ilə də yaxşı anlaşa bilir, Səudiyyə Ərəbistanı ilə də. Xüsusilə də ikincinin tam mütləqiyyət olması, demokratiya və insan haqları kimi məfhumlardan Mars qədər uzaqlığı Ağ Evin vecinə deyil. Ona bölgədə sadiq, sözəbaxan vassallar (lap “müttəfiqlər” deyək) lazımdır. Nəzərdə tutulan Türkiyə İslam Respublikası da elə olmalıydı.

Ancaq olmadı. 50 il boyunca böyük maliyyə vəsaitləri ilə yaradılan, böyüdülən, şaxələndirilən, beynəlxalq gücə çevrilən dini camiəyə qoyulan maya lazımi səmərəni vermədi.

Təsəvvür edin ki, bu camiə hələ SSRİ dağılmazdan öncə, Ayaz Mütəllibovun vaxtında ölkəmizə sızmışdı və burada özəl türk liseyləri, mətbu orqan açmışdı, sonradan nəşriyyat, universitet də təsis etdilər, özləri üçün sadiq və savadlı kadrlar yetişdirdilər, dövlət orqanlarında irəli çəkilmələrinə yardımçı oldular. Eyni plan Qazaxıstan və Qırğızıstanda da həyata keçirilib.

Fətullah Gülən Türkiyədə hakimiyyətə gəlsəydi, onun başçılıq etdiyi təriqət Azərbaycanda da hakimiyyəti götürməyə çalışacaqdı. Bundan ötrü onun müəyyən kadr potensialı, sosial bazası vardı.

İndi bir çox politoloqlar deyirlər ki, Fətullah Gülənin cismani yoxluğu onun təşkilatının zəifləməsi demək deyil. Xeyr. Bu təşkilat sırf onun şəxsi xarizmasının üzərində qurulmuşdu. Tərəfdarları Güləni yeni peyğəmbər roluna qaldırmışdılar. Onun kimi güclü liderləri hələm-hələm əvəz etmək mümkün olmur. Ona görə də böyük ejtimalla Güləndən sonra bu təriqətin başına keçənlərin taleyi islam xəlifələrininki kimi olacaq, bir-birini “qıracaqlar”.

Əgər Gülən hakimiyyətə gəlsəydi, o zaman əminliklə demək olardı ki, onun və tərəfdarlarının iqtidarının ömrü uzun olacaq. Ancaq bu, olmadı, üstəlik, təriqət vaxtında ifşa olundu. Ona görə də dağılma prosesi gedəcək.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024