İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehdiyevsayağı “QKÇP”

Azərbaycan PA-nın sabiq rəhbərinin yaddaşının bir küncündə ilişib qalmış 90-cı illərin qaranlıq ölkəsi deyildi, bəs niyə o...

Tibb elmi çoxdan sübuta yetirib ki, insan övladının sosial statusundan, necə yaşamasından və ya yaşlanmasından asılı olmayaraq, qocaldıqca beyininin fəaliyyəti zəifləyir və ya pozulur.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı gündəmi zəbt etmiş mövzuya həm də bu tibb yanaşma məncə, istintaq üçün faydalı ola bilər.

Mehdiyev əlbəttə ki, 100 yaşında da dünya siyasəti üçün faydalı olmağa çalışan ABŞ-nin sabiq dövlət katibi Henri Kissincer (1923-2023) deyil, amma o rəhmətlik də həyatının son aylarında bəzi məsələləri qarışdırırdı, məsələn, Ukrayna müharibəsi ilə bağlı qəbuledilməz təkliflər verirdi. Mehdiyevin uzun illərə dayanan dövlət xidməti haqda rəy vermək məhz indi doğru anlaşılmaya bilər, çünki 87 yaşlı keçmiş dövlət məmur çox ağır maddələrlə ittiham olunur. 

a5f3aa5d94dd6f0e708fa5d3daba19c8.jpg (30 KB)

Tanınmış yerli xəbər agentliyinin bugünkü ilginc məlumatını Mehdiyevsayağı “QKÇP” adlandırmaq da olar, onun “ÇP”-si də. 1991-ci ilin avqustunda Mixail Qorbaçovun idarəçiliyindən narazı qalmış Kremlin köhnə qvardiyası Dövlət Fövqəladə Vəziyyət Komitəsi (rusca “QKÇP”) elan edərək, hakimiyyət çevrilişinə cəhdi etdilər. Amma bu absurd teatr yalnız üç gün davam etdi, çünki SSRİ adlı rejimi “reanimasiyaya sürümək” olardı, amma onu “həyata qaytarmaq”, keçmişi bərpa etmək mümkünsüz idi. Ona görə Gennadi Yanayevin başçılıq etdiyi qrup üzvləri, DTK sədri Kryuçkov, müdafiə naziri Yazov və digərləri həbs olundu. Daxili işlər naziri Boris Puqo isə intihar edərək həbsxanadan qurtuldu. SSRİ-nin də, Qorbaçovun da sonrası məlum.

İndiki məlumat budur ki, 87 yaşlı Mehdiyev AZAL təyyarəsinin vurulmasından sonra Bakı-Moskva gərginliyini nədənsə, hansısa məntiqləsə, ən əsası hansısa ağıllasa Kreml kabinetlərinə yol axtarıb, Azərbaycanda hakimiyyət dəyişikliyi(?!) etmək üçün dəstək istəyib. Məlumata görə, Mehdiyev Azərbaycanda özünün rəhbərlik edəcəyi Dövlət Şurası yaratmağı da planına daxil edib. Bildirilir ki, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb. Belə bir siyahı varsa, olaylar daha maraqlı yön ala bilər. Əcaba, Mehdiyev oraya kimlərin adını yazıb? 

rusiya_azerbaycan_22.jpg (95 KB)

Rusiya Ramiz Mehdiyevi yaxşı tanıyır. O, bu ölkədə indi də hakimiyyətdə olan bir çox yüksək vəzifəli şəxslərlə- güc strukturları, kəşfiyyat, eləcə də təhlükəsizlik orqanlarının rəhbərləri ilə şəxsən görüşmüş biridir. Mehdiyevi əlbəttə ki, Rusiyaya 25 ildir rəhbərlik edən prezident Vladimir Putin də tanıyır. Ona görə də mümkündür ki, Mehdiyev o korşalmış və geriləmiş ağlı ilə Azərbaycan-Rusiya xətində yaranmış, təxminən də 10 ayadək davam edən gərginlikdən faydalanmaq niyyətinə düşüb. Həm də təəssüf ki, bunu Azərbaycan dövlətinin maraqlarını düşünərək deyil, məhz şəxsi ambisiyalarına təslim olaraq etmək istəyib. Diqqətçəkən faktdır ki, AZAL təyyarəsinin vurulması da daxil, Mehdiyev bu aylar ərzində bir dəfə də olsun YAP-ın Ağsaqallar Şurasının üzvü, bu dövlətin ən yüksək ordenlərini sinəsində daşıyan vətəndaş kimi hadisələrə mövqe bildirməyib!

Son iki gündə yayılan xəbərlərdən “pazlı yerlərinə toplasaq”, görünən mənzərə məncə, budur: Mehdiyev həddini aşıb, ağlı çaşıb! Onun yenidən bu cür hakimiyyət iddiasına düşməsi absurddurmu? Əlbəttə! Azərbaycan Mehdiyevin yaddaşının bir küncündə ilişib qalmış 90-cı illərin qaranlıq ölkəsi deyil axı... O ölkənin ki, hakimiyyətini illər öncə Rusiya, İran, hətta Türkiyənin başıpozuq dairələri yıxmağa həvəslənirdilər. İndi isə bunu ən qüdrətli dövlətlərin belə xəyal etmələri mümkün deyil. Azərbaycanın son beş illik tarixinə ötəri baxmaq hər şeyi deyir.

Rusiyanın Azərbaycan hakimiyyəti ilə çözə bilməyəcəyi məsələ, problem yoxdur. Qoca Mehdiyev agentliyin yazdığı kimi “artıq davamlı xahişləri və israrı ilə Rusiyanı da bezdirib”. Ona görə də “heç bir perspektiv vəd etməyən Mehdiyevdən tamamilə imtina edib və onun planı, şəbəkəsi ilə bağlı rəsmi Bakını özü məlumatlandırıb. Nöqtə. Bəlkə də son atəş! 

17473910266827123247b217.31633917.jpg (232 KB)

İnanmıram ki, Mehdiyevlə bağlı bu gəlişmələri Prezident Əliyev eşidəndə narahat olsun. Mümkündür ki, Mehdiyevin bu yaşda hansısa mifik Dövlət Şurasına rəhbərlik etmək istəyini təəssüflə qarşılasın. Əlbəttə, qəzəblənmək, hakimiyyətdə birgə keçirilən illərə görə bəlkə təəssüflənməyin də yeri var. Çünki Mehdiyev hakimiyyətdən təqaüdə hörmətlə, “İstiqlal”la şərəfləndirilərək yola salınıb. 

Ramiz-Mehdiyev-0131.jpg (119 KB)

Mehdiyevin aşırı hakimiyyət, kreslo ehtirası olmasaydı, Prezident Administrasiyasındakı kabinetindən çıxıb, məsələn, bir vaxtlar yaxın dostu sabiq baş nazir Artur Rəsi-Zadə kimi bağına çəkilib, nəvələri ilə oynamaqla, nə bilim, bəlkə də korşalmış xatirələrini yazmaqla məşğul olsaydı, indi bu cür gülünc, miskin vəziyyətə düşməzdi...

Atalar nahaqdan “Allah adamın ağlını alınca, canını alsın” deməyiblər...

 

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR