Onlayn ictimai-siyasi qəzet
Həlledici mərhələsi (səsvemə günü) sentyabrın 1-nə təyin olunmuş parlament seçkilərinin indiyə qədər baş tutmuş analoji seçkilərdən fərqi var: hələlik heç bir gərginlik, ajiotaj yoxdur.
2000 və 2005-ci illərdə keçirilən parlament seçkilərinin ab-havası, atmosferi başqaydı. O zamanlar siyasi qüvvələr seçkiyə ciddi hazırlaşır, prosesdə fəallıq göstərir, necə deyərlər, seçib-seçilmək həvəsi göstərirdilər.
Ancaq indi qəribə bir süstlük var. Partiyalardan biri seçkidə iştirak edir, biri etmir, o biri tərəddüddədir, başqa biri boykot yolu tutub və sair.
Hamının toplaşaraq bir ara gəldiyi, intriqalı olsa da, koalisiya yaradıb vahid namizəd göstərdiyi, güclərini birləşdirdiyi dönəmlər keçmişdə qalıb.
O zamanlar seçki ilində medianın aparıcı mövzularından biri vahid seçki blokunun qurulub-qurulmayacağı olurdu. Partiyaların ruporu olan qəzetlər siyasi qüvvələrə təzyiq edirdi. Müxalifət blokunun vahid namizədi olmaq uğrunda kəskin mübarizə gedirdi.
Müxalifətin seçki dairələrinin 90 faizindən artığında vahid namizəd müəyyənləşdirdiyi və irəli sürüb müdafiə etdiyi 2005-ci ildən fərqli olaraq indi siyasi partiyalar seçki dairələrinin dörddə birindən belə namizəd irəli sürə bilmir.
Bunun çox səbəbləri var: başlıcası odur ki, ölkədə siyasi fəallıq azalıb, siyasi partiyalara yeni “nəfəs”, “qan” gəlməyib. Meydanda yenə xalq hərəkatının artıq yaşlamış veteranlarıdır.
Uzun illər hər cür seçkilərdə heç bir mandat qazana bilməmək möhnəti müxalifət qüvvələrini yıpradıb. Köhnə vaxtların fəal seçiciləri artıq heç bir siyasi uğur gözləmirlər və seçkidə iştiraka meylli deyillər.
Vaxtilə heç bir partiyanın üzvü olmayan, amma pulu çox olan iş adamları, iddialı ziyalılar, keçmiş məmurlar seçki kampaniyasında fəallıq edər, dairə seçki komissiyalarında imza vərəqləri götürər, seçkiyə qatılardılar.
Onların çoxu özlərini bu işə elə həsr edərdilər ki, sanki parlament deputatı olmaq həyatlarının əsas kredosudur. Bəzilərinin uğur qazandığı da olurdu. Bitərəflik onların işinə yarayırdı. Hərçənd özləri heç də siyasi baxımdan bitərəf olmur, iqtidar düşərgəsinin təmsilçisinə çevrilirdilər.
Bu il o kateqoriyadan olan adamlar da hələ gözə dəymir. Yəqin ki, yaxın günlərdə o cür adamlar özləri haqqında işarə verəcəklər. Ancaq tam əminliklə demək olar ki, əvvəlki seçkilərdən fərqli olaraq, “deputatlığa namizəd olan bitərəflər” o qədər də çox olmayacaq.
Yalnız hakim partiyada seçki fəallığı yüksək səviyyədədir. Bu da onunla bağlıdır ki, Yeni Azərbaycan Partiyasının namizədi olaraq seçkiyə qatılmaq üstünlükdür. “YAP-ın deputatlığa namizədi” vəsiqəsi artıq mandatın yarısı deməkdir.
Ölkədə hər kəs bilir ki, bu seçkidə də hakim partiyadan deputatlığa namizədliyi irəli sürülənlərin 70 faizdən çoxu seçiləcək. Yəqin ona görədir ki, hakim partiyadan deputatlığa namizəd olmağın özü belə artıq təbrik edilmək üçün tutarlı səbəbdir.
Təbii ki, bəxti gətirməyən YAP namizədləri də olacaq. Onlar başqa partiyaların və partiyasız mütəxəssislərin alternativi olacaq və uduzacaqlar.
Bəzi partiyalar az namizədlə olsa da, seçkiyə qatılmağı siyasi fəallığın artırılması baxımından zəruri sayırlar. Boykot yolu tutanlar isə siyasi uğur görmədiyi seçkiyə qatılmağı izafi xərc və zəhmət sayır.
Sanki belə partiyalar üçün seçici fəallığının artması, siyasi arenada hərəkətlənmə olması o qədər də vacib deyil.
Ancaq seçkilərin ard-arda boykot edilməsi taktikası haraya qədər davam edə, nə vaxtadək effektiv ola bilər? Təcrübə göstərir ki, bu taktika ən çox iqtidar düşərgəsinə sərf edir, o, heç bir maneəyə rast gəlmədən, stress yaşamadan mandatları götürür, işinə davam edir.
Deputatlığa namizədliyi açıqlanmış şəxslərin ad-soyadını incələyəndə görürsən ki, sıralarında tanınmış adamlar, məşhur yaradıcı ziyalılar, universitet professorları yoxdur, çoxu gənc nəsilə mənsub kadrlardır.
Onların deputat seçilməsi sual altında deyil, ancaq nə qədər hazırlıqlı, səriştəli deputat olacaqlarını da zaman göstərəcək.
Əslində yeni deputatlardan umacaq da böyük deyil. Cəmiyyətdə rəvan-rəvan gedən proseslə barışmışlıq ovqatı var. Ona görə də düşünmək olar ki, 1 sentyabr seçkiləri müasir Azərbaycan tarixinin ən sakit, ekstessiz seçkiləri olacaq.
23 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ