İnsanlara hürriyət, millətlərə istiqlal!

Dini hesabatın tənqidi

ABŞ Dövlət Departamenti dünyada insanların dini hüquqlarının vəziyyəti haqda ənənəvi hesabatını açıqlamışdır, orada Azərbaycan haqda da müəyyən söhbətlər vardır.

Doğrusu mənim həvəsim olmadı hesabatı geniş oxumağa, heç buna ehtiyac da duymuram. Müstəqil, suveren dövlətik, heç kimin işinə qarışmırıq, başımızı aşağı salıb kasıbçılığımızı eləyirik, başqa dövlətlərin də bizim işimizə qarışmağa ixtiyarı yoxdur. Xüsusilə dini temada, yəni, Allahla bizim aramızda özgələrin qurdalanması məsləhət deyil. Özümüz bilərik kimi molla qoyuruq, kimi keşiş. Bu işlərdə sərbəstlik verəndə axırda ortaya İran, Suriya, İraq, Əfqanıstan çıxır. O baxımdan dövlətimiz xeyli müddət bundan öncə dini komitə qayırmışdır, molla və keşişlərin, ravvin, falçı, cadugər, halarvadı, qulyabanı, cin və sairə rahiblərin hamısının maaşını verir, altına maşın alır qoyur, hələ özlərini yaxşı aparanlara ağıl duası yazır. Müqəddəs hədisi-şərifdə bu temada yaxşı kəlam vardır: “Ölünü özbaşına qoysan, deputatlığa namizədliyini verər”.

Deyəsən elə bu məqam ABŞ-ın diqqətini çəkib, hesabatda bizim Dini Qurumlarla iş Komitəsinə çoxlu səlahiyyətlər verməyimiz vurğulanmışdır. Yenə yazıram, bu bizi narahat eləmir. Hətta bu yaxında azıb Nardaran kəndi tərəfdən keçəndə maşınımızı silahlı əsgərlər və polislər, yalan olmasın, atəş açaraq saxladılar, dedilər burdan icazəsiz keçmək qadağandır, mən qabaqca elə bildim çox getmişik, az qala Ukraynaya çatmışıq. Ancaq hərbçi yoldaş ana dilimizdə danışdı, ürəyim yerinə gəldi. Bəs orda kəndə giriş-çıxış postunu hələ də saxlamağın mənası nədir? Mənası çox böyükdür. Şübhəsiz, burada anlayanlar üçün hikmət vardır. Bizim hökumət öz vətəndaşlarına onların şah damarından da yaxındır. İlahi, amin.

Başqa tərəfdən, Amerika elə yaxşı oğlandırsa, niyə şeyxin qudası, hörmətli ağsaqqalımız, Abşeron yarımadasının və bütün Binə qəsəbəsi torpaqlarının şərəfli zəhmətkeşi Hacı Qalib Salahzadənin hüquqlarının pozulmasını da görmür?! Həri! Qalib müəllim bu yaxında ürək ağrıdan açıqlama yaydı: “33-cü dəfə Həccə getmək istəyirdim, qoymadılar”. Sən demə Qalib müəllimin yaşı 65-dən ötmüşdür, bu il isə ya Səudiyyə Ərəbistanı, ya Azərbaycan hökuməti qayda qoyubdur (açıqlamadan bu təfərrüat məlum olmurdu, mən indi fikirləşirəm ki, bəlkə ABŞ Dövlət Departamenti də ola bilər), müqəddəs ziyarətə yalnız 65 yaşdan kiçiklər buraxılır.

Hal-hazırda bütün Azərbaycanı, Qafqazı, Yaxın-Uzaq Şərqi və külli müsəlman aləmini narahat edən əsas məsələ Hacı Qalibin 33-cü ziyarətinə qoyulan qadağadır. Zəhmət çəkin, bunu aradan qaldırın. Yoxsa cin ayrı, şeytan ayrı. Azançı çəkər soyuğu, molla yeyər toyuğu. Axund mollanı bəyənməz, molla axundu, seyid hər ikisini.

Azərbaycan din baxımdan qutsal yerdir. Əqrəb bürcünün altında, Mərrix ulduzunun təsir dairəsindəyik. Tanınmış rəssam Salvador Dali hələ keçən əsrin ortasında bir rəsm çəkibdir, orda Yeri yumurta kimi sındırıb içindən çıxan çılpaq adam təsvir edilir və həmin şəxs barmağını... Bakı şəhərinin üzərinə qoymuşdur. Ona görə biz lüt-üryan, ac-yalavac qalanda həmişə o rəsmi xatırlayırıq. Sözgəlişi, rəsmin adı da çox uzaqgörəndir: “Geopolitik insanın doğuluşu”.

Təsadüfi deyil ki, ölkəmizdə bütün dini sektorlara aid məbədlər vardır. İstəyirsən atəşə pərəstiş elə, istəyirsən imamın bibisinə, tam azadlıqdır. Lap istəyirsən icra başçısının yeznəsinin ətəyindən öp. Kimin sənə nə sözü? Azadlıqdır. Saqqız pirinə də nəzir vermək olur, Qırsaqqız ocağına da. “Qara Qarayev”də krişnaitlərimiz dumbul çalıb oynayır, “AMAY”ın yanında katoliklərimiz mehrab görüb ağlayır.

O qədər münbit, demokratik şəraitdir ki, hardasa 20 il qabaq Əmircan tərəfdə Ələsgər adlı təzə peyğəmbər çıxmışdı. İŞİD-in hələ izi-tozu yox idi, Ələsgər müəllim Abşeronda İRŞİD adında dini dövlət elan eləmişdi. Kişinin müridlərinin hamısı da peyğəmbərlər idi, Ələsgər müəllim deyirdi ki, qarşıda duran əsas məsələ peyğəmbərlərin sayını 7 milyona qaldırmaqdır. Hər ailəyə bir peyğəmbər düşməliydi, ancaq o söhbətin axırı necə oldu, bilmədim. Ən azı bizim evdə hələlik peyğəmbər yoxdur.

Çox maraqlı ölkəmiz var, ABŞ paxıllıqdan belə eləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024

16 Avqust 2024