İnsanlara hürriyət, millətlərə istiqlal!

Bomba sığınacaq

 

“Qızınmadıq istisinə, kor olduq tüstüsünə”

(Azərbaycan ata sözü)

Yaxın ətrafımızda yeni müharibə ocaqlarının qızışması, xüsusilə bu davada iştirakçılardan birinin nüvə dövləti olması camaatın bomba sığınacaqlarından istifadəsi mövzusunu gündəmə gətirmişdir. Ağlı başında olan, gələcək nəsillərin taleyindən narahatlıq keçirən hər kəs düşünür ki, birdən nüvə toqquşması olsa nə edərik? Şəxsən mən bu mövzuda çox narahat olan adamlardan biriyəm. İndiki nəsil bəlkə görməyib, biz homo sovetikuslar gözümüzü açandan atom bombası qorxusu altında böyümüşük. Rəsmi propaqanda efirdən, qəzetdən, radiodan, bütün mümkün və qeyri-mümkün vasitələrdən yararlanıb antinüvə hərəkatı aparırdı.

Çobandan televiziya üçün intervü alırdılar, zənn edirdin, Karl Saqan danışır. Bəzən hansısa ucqar rayonda, dərənin dibində, üzüm bağının qırağında görürdün palaz boyda dəmirin üstünə paralanmış atom bombası şəkli çəkilib, altından isə qan qırmızı hərflərlə yazılıb: “Dünyaya sülh!” Dövlətin rəsmi propoqanda idarələri vardı, diyarbadiyar gəzib o rəsmləri yeniləyirdilər. Heç soruşan da yox idi ki, balam, dünyaya sülh arzulayan dövlətin özü Əfqanıstana, Praqaya, Varşavaya, Budapeştə, axır-axırda isə Bakıya tankları niyə yeridib qan axıdır.

Hansı qəzeti açsan, orada üstünə “A” hərfi yazılmış - bu, təbii ki, “atom” anlamı verirdi - qanadlı raket tutmuş, ya da raketi minmiş uzun fraklı, silindir papaqlı, çirkin sifətli, gombul tipin karikaturasını görmək olurdu. Onun amerikalı olduğunu yazıq, bədbəxt proletariatın beyninə yeritmək üçün kompozisiyanın bir yerinə mütləq dollar, ABŞ bayrağı, Nyu-Yorkdakı Azadlıq heykəlinin təsvirini də əlavə edirdilər, bunsuz olmazdı. Sovet hökuməti “Perşinq” raketləri, nüvə qışı, Reyqanın kosmosda sürətli silahlanma proqramları kimi demaqoqiyalarla ömrümüzü-günümüzü yemişdi. Axırda Nemət Pənahlı gəldi, o boyda dövlətin dalına bir təpik vurdu, çıxdı getdi işinin dalıyca. Məlum oldu bu elə çürük imperiyadır ki, nüvə silahına ehtiyacı yoxdur, üfürsən yıxılar. Ancaq SSRİ insanları qorxu altında zombiyə çevirmək məqsədinə haradasa nail oldu. Bəlkə başına reallıqda atom atılmış yaponlar biz sovet adamları qədər nüvə silahından qorxmur.

Mülki müdafiəyə də o vaxtdan verilən süni, şişirdilmiş önəm indiyəcən qalır. Sovetin vaxtında mülki müdafiə qərargahları nə qədər saxta idisə, indi ondan betərdir. Yeri gəlmişkən, o zaman belə işlərə adətən keçmiş müharibə veteranları, yaşlı, qoca, faktiki fəaliyyət imkanından məhrum adamlar baxırdı. SSRİ-nin mülki müdafiə sistemi haqda bir yaxşı lətifə yadımda qalıb. Deyir, şəhərə komissiya gəlir, zirzəmiləri, əleyhqazla təminatı-filanı yoxlayırlar. Şəhərin başçısından soruşurlar: “Nə qədər əhaliniz var?” Deyir 30 min nəfər. Soruşur bəs əleyhqaz neçə dənədir, deyir 50 dənə. Komissiya: “Bəs birdən Amerika atom bombası atdı, nə edəcəksiniz?” Başçı başını qaşıyıb deyir: “Heç zad, biabır olacağıq”.

Əslində nüvə savaşı olsa, nəfəsi qorumağın, sığınacağa girməyin elə mənası da yoxdur, bunu hamı bilir. Gərək neçə illik ərzaq ehtiyatın ola, dərin bunkerdə oturub nüvə qışının bitməsini gözləyəsən, buna da bizim beş-altı məmurdan başqa kiminsə imkanı çatmaz. Ancaq adi bomba sığınacağı baxımından Bakıda vəziyyət ağlamalıdır. Binaların zirzəmisi ya bataqlıq, ağcaqanad, gəmirici yuvasıdır, ya da hansısa dükan, bar, kafe açıblar, açarı müdirin əlindədir.

Su, işıq, qaz təchizatımızda problemləri isə saymaqla qurtarmır. Adam Kiyevdə oturub zirzəmidən canlı yayım verir, baxıram onun internetində keyfiyyət mənim Bakinternetdən aldığım internetdən yaxşıdır. Hələ Ukraynanın yolları... Yəqin bunu özünüz də görürsünüz. Nəinki yollar, Xarkov, Mariupol tərəflərdə bəzən elə kənd göstərirlər, onun abadlığı Bakıdan çoxdur.

İndi söz əlaqədar təşkilatlarındır - yazın, görüm, sizin əlinizdən harada gizlənək? Mülkümüzü sizdən necə müdafiə edək?

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

14 Sentyabr 2024

13 Sentyabr 2024

12 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

08 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

05 Sentyabr 2024

04 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

28 Avqust 2024

27 Avqust 2024

25 Avqust 2024

23 Avqust 2024

22 Avqust 2024

21 Avqust 2024

20 Avqust 2024

18 Avqust 2024

17 Avqust 2024