İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bişkek protokolu”nun bişəkk zərurəti – Əl atmağa silah, silah tutmağa əl olmayan dönəmin sazişi

Dünən axşam jurnalist Mirşahin Ağayev status yazaraq yada saldı: mayın 12-si “Bişkək protokolu” adlı sənədin qüvvəyə mindiyi gün idi.

Son 30 ildə doğulanlar, yəqin ki, o protokolun nə olduğundan az xəbərdardır. Amma o vaxt 7-dən 77-yə hər kəs bu protokol barədə eşidirdi.

Bu, 1994-cü ilin may ayının 5-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan və Ermənistan dövlətləri arasında hərbi əməliyyatların dayandırılmasına dair imzalanmış, bir həftə sonra, mayın 12-də qüvvəyə minmiş atəşkəs sazişi idi.

Əslində həmin sənəd may ayının 5-də imzalanıb. Ancaq Bişkekdə Milli Məclisin vitse-spikeri Afiyəddin Cəlilov son anda sənədə imza atmaqdan imtina edib. Ermənistan parlamentinin sədri Babken Ararktsyan, həmin günlərdə “DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, RF prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov protokolu imzalayıblar.

Sonra Rusiyanın təmsilçisi Vladimir Kazimirov sazişi Bakıya gətirib ki, Azərbaycan da sənədi imzalasın. Azərbaycan tərəfini təmsil edən Milli Məclis sədri Rəsul Quliyev sənədin mətninə müəyyən düzəlişlər edilmədən və onu imzalayanlar sırasına Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənovun adı əlavə olunmadan onu imzalamaqdan imtina edib. O, Kazimirovun gözünün qabağında öz əli ilə N.Bəhmənovun adını sənədin mətninin altına yazıb, sənədin mətninə iki düzəliş əlavə edib, sonra A.Cəlilovun adının yanında öz imzasını qoyub.

Sənəd Azərbaycan tərəfindən 1994-cü ilin may ayının 8-də, Şuşanın işğalının ikinci ildönümündə imzalanıb. Sənədə parlamentin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri şəxsində Şuşa rayonu İH başçısı Nizami Bəhmənov, erməni tərəfdən Ermənistan parlamentinin sədri Babken Ararktsyan və Dağlıq Qarabağın erməni icmasının rəhbəri şəxsində "DQR parlamentinin sədri" Karen Baburyan imza atıb. Saziş mayın 12-də qüvvəyə minib və həmin gündən cəbhə xəttində aktiv hərbi əməliyyatlar dayandırılıb.

O vaxt Azərbaycan tərəfi bu sazişi imzalamağa məcbur idi. Çünki Ermənistan xarici havadarlarının sayəsində silah-sursat baxımından daha hazırlıqlı idi. İşğal olunmuş əraziləri düşməndən geri almaq böyük insan itkiləri hesabına başa gəlirdi, 1994-cü ilin ilk aylarında Murovdağda, Ağdamda və Füzulidə böyük itkilər vermişdik. Horadizin və qərb istiqamətində bir neçə kəndin işğaldan azad edilməsi baha başa gəlmişdi. Dövlətçiyinin bərpasından ilyarım ötmüş Azərbaycan məcburən nəfəs dərməli idi.

Ancaq detallara varanda görürük ki, Bişkek protokolunun imzalanması təşəbbüsü Rusiyadan gəlib, Ermənistan tərəfdən ikiəlli dəstəklənib. Sonradan Ermənistanda “Şərəf” ordeni alan Kazimirov bu məsələdə ermənilərə olan hüsn-rəğbətinə görə çox fəallıq edib. Çünki bu saziş acı gerçəklik qarşısında qalan Azərbaycandan çox gözləmədiyi şəkildə hərbi üstünlük qazanmış Ermənistana sərf edirdi və onu qorumaq lazım idi. Ermənilər Dağlıq Qarabağı bütöv şəkildə işğal etmiş, hələ onun gözünə Azərbaycanın səkkiz rayonunu (Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan) da qatmışdılar.

O zaman bu saziş Ermənistanda qələbə sənədi kimi qəbul edilmiş və ümummili eyforiyaya səbəb olmuşdu. Azərbaycan üçün isə bu protokol kapitulyasiya aktı kimi bir şey idi. Çünki hərbi əməliyyatlar dayandırılırdı, işğal olunmuş rayonları ermənilərdən hərbi yolla geri almaq kampaniyası qeyri-müəyyən müddətə dondurulurdu. Ümid vardı ki, biz o rayonları ermənilərdən danışıqlar yolu ilə geri alacağıq. Ancaq ermənilərin xasiyyətini yaxşı bilən siyasətçilər və politoloqlar əmin idilər ki, bu, heç vaxt baş verməyəcək, əvvəl-axır yenidən tüfəngə əl atmalı olacağıq.

1994-cü ilin mayında nə əl atmağa tüfəng vardı, də tüfəng atmağa əl. Surət Hüseynovun Azərbaycan xalqına və dövlətinə tarixi xəyanətindən sonra ordumuzun döyüş əhval-ruhiyyəsi çökmüş, mübarizə əzmi qırılmış, gözünün odu alınmışdı. Müharibənin ağırlığını öz üzərinə götürmüş siyasi təşkilat - AXC 5 min itki vermiş, öz içindən döyüşçü çıxarmaq potensialı zəifləmişdi. Atəşkəs vacib, qaçılmaz idi.

Sonrakı illərdə aydın oldu ki, ermənilərin konstruktivliyinə, insaf-mürvətinə, ədalətinə, ağıl-kamalına şübhə edənlər haqlıymışlar. Onlar “biz o torpaqları qan töküb almışıq, sülhlə vermərik” deyib durdular, heç cür yola gəlmədilər.

Heç təmas xəttində atəşkəs də kəsilmədi, sadəcə, qarşı duran ordular manevrlər etmədilər, səngərlərdə snayper müharibəsi başlandı və 26 il davam etdi. Hər gün atəşkəs rejimi müxtəlif istiqamətlərdə 100 dəfədən çox pozulur, hər iki tərəfdən gənc əsgərlər həlak olurdu.

Əslində “Bişkek protokolu”nun hər hansı bir qüvvəsi, məcburiyyəti yox idi. Hər iki tərəf onu istənilən vaxt poza, hərbi əməliyyatları bərpa edə bilərdi. Ermənilər yanlış düşüncəyə qapılmışdılar, elə bilirdilər ki, Azərbaycan bir daha hərbi əməliyyatları bərpa etməyəcək. Azərbaycan isə öz saatını və tarixi fürsət gözləyirdi.

2020-ci ilin sentyabrında o gün yetişdi, atəşkəs sazişi qəti şəkildə pozuldu, hərbi əməliyyatlar bərpa edildi və 44 gündən sonra yeni bir atəşkəs sazişi imzalandı. Bax, bu, əsl kapitulyasiya aktı oldu.

1994-cü ilin mayında imzalanan protokol heç də iki ölkə arasında sülhə gətirib çıxarmadı. 10 noyabr 2020-ci il tarixli atəşkəs sazişindən sonra isə Ermənistan sülhə gəlməyə məcbur qalıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

23 Noyabr 2024

21 Noyabr 2024

20 Noyabr 2024

19 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

01 Noyabr 2024

30 Oktyabr 2024

28 Oktyabr 2024

26 Oktyabr 2024

24 Oktyabr 2024

22 Oktyabr 2024

21 Oktyabr 2024

19 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024