Onlayn ictimai-siyasi qəzet
Deyir İrəvandan Antalyaya təyyarə reysləri açılıb, qonşularımız yayda cəmi 115 dollara gedib-gələ biləcəklər. Bakıdan Antalyaya ən ucuz biletin qiyməti isə 300 dollardır. Davanı biz udmuşuq, ancaq yenə ən çox xərcə düşən, cibinə oğrular daraşan adamlar da bizik. Görəsən niyə? Sonra yada salırsan ki, SSRİ də faşizm üzərində guya qələbə qazanmışdı, lakin sovet zəhmətkeşləri sərhədin bəri üzündən AFR-ə baxıb ağızlarının suyunu axıdırdılar, hətta camaat hamısı qaçıb o tərəfə keçməsin deyə Berlinin içində dəmir-beton hasar çəkmişdik. Maraqlıdır ki, bir ara bizim uçaq biletlərinin bahalığını Milli Məclisdən deputatlar da tənqid eləmişdi, heç onlara da reaksiya verən olmadı.
Əslində tam olmadı demək düzgün deyil, reaksiyasızlıq özü hardasa reaksiyadır. Hökumət, aviasiya inhisarçımız zəhmətkeşlərimizə işarə vurdular ki, gedin tullanın, əcəb edirik. Biz də məcburuq tullanmağı örənək. Qədimdə təyyarə yox idi, ölmürdük ki. Uçmarıq, tullanarıq. Camaat şüvüllə altı metrə qalxır. Bir az dirəşsən uçaq hündürlüyünə qalxarsan.
Təbii ki, belə hallar zəhmətkeşlərimizi çox əsəbləşdirir. Məsələn, şoumen Bəhram Bağırzadəni üzrxahlığa məcbur elədik. Əgər sən xalqı təhqir eləmisənsə, mütləq üzr istəyəcəksən. Başqa yolu yox artıq. Biz təhqir işində çox həssasıq. Keçən ay Bakıda təhqirə görə 70 adamı yortdular. Gəncədə baldız gəlini söyüş üstündə sürüyüb Kəpəz dağının başından aşağı yumbalamışdır. Xüsusilə kasıb təbəqənin alçaldılmasına biz dözümsüzük. Hünəri var hansısa icra hakiminin müavininin köməkçisinin müşavirinin saxladığı təlxək internetdə yetimlərlə məzələnsin. Dərhal xalq ayağa qalxır. Maşallah, son illər bu tip şeylərə görə o qədər ayağa qalxmışıq, daha oturmağa kötük də tapılmır, hamısını çırpışdırıblar.
İndi gələk Bəhram müəllimin üzr istəməsi temasına, çünki bu, hazırda Ukrayna-Rusiya davası qədər aktualdır. Köhnə kişilər söhbəti adətən çox uzaqdan başlayır, biz də üzrxahlığa qrammatik-tarixi-siyasi aspektdən yanaşmalıyıq. Bəhram müəllim ünlü Sasani hökmdarı Bəhram Gur-un adını daşıyır. Orta məktəbi sinif yoldaşlarını bıçaqlamaqla keçirməyənlərin yadında olar, bu hökmdarı Nizami müəllim “Yeddi gözəl” poemasında təsvir eləmişdir. Sözgəlişi, ordakı “Gur” ləqəbi “vəhşi eşşək” mənasını verir, hesab edirəm bunun özü mövzumuza hardasa açar rolunu oynaya bilər. Bəhram Gur Bakıda heykəli qoyulan vacib, bərkgedən, vəhşi oğlanlardan biridir, yəqin zəhmətkeşlərimiz azıb eləyəndə “Azneft” meydanı tərəflərdən keçərkən o istiqamətdə qoyulan heykəl kompozisiyasını müşahidə etmişlər: bir kişi suyun içində əjdahanın ağzına qılıncını soxur. Bax, o kişi Bəhram Gur-dur.
Adamı dilənçi kökünə salanlara yaltaqlanırlar, həmin dilənçini ələ salanlara hirslənirlər. Maraqlı toplumdur...
İndi mən Bəhram Bağırzadənin üzrxahlıq, necə deyərlər, sındırılma videosunu izləyərkən dilxor oldum və uca millətimizə demək istəyirəm ki, belə etdiyiniz üçün içinizdə ala qarğa bala, əjdahalar da ağzından alov çıxara bilmir. Şir haqda meyxana oxuyan qaqaşımızı sındırdıq, üzr istətdik, indi də Bəhram Gur belə getdi... Nəticədə sabah icra hakiminin müavininin müşaviri dərimizə saman təpəndə yardım istəməyə adam tapılmır. Belə olmaz, yoldaşlar. Qəhrəmanlarımızı gözdən salmayaq, onları dəstəkləyək, səhvlərini görməzdən gələk. Hətta qəhrəmanlarımız özlərini çöl və şəhər eşşəyi kimi aparsa da, onları qınamayaq.
Yazını şair Xəlil Rzanın beyti ilə bitirmək istəyirəm:
“Kainat bir cəbhədir, biz də daim cəbhədə,
Bu cəbhədə üz-üzədir, qəhrəman da, ... də”.
Hər ehtimala qarşı öncədən üzr istəyirəm, bu beytin yazımıza qəti dəxli yox idi.
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ