Onlayn ictimai-siyasi qəzet
Bayraq haqqında çox danışmaq, yazmaq olar. Zatən, ən gözəl sözlər deyilib artıq. Klassik şairlərin, yazıçıların, ictimai-siyasi xadimlərin sözünün üstünə söz demək mümkün deyil, ən yaxşı halda onları təkrarlamaq və ya o zəmində improvizələr etmək olar.
Əslində isə milli bayraq pafos predmeti, təbliğat vəsaiti olacaq bir şey deyil. Bayraq nə qədər simvolik nəsnə olsa da, arxasında böyük materiya dayanır: dövlət, ölkə, xalq...
Dünyada bayraqsız dövlət yoxdur. Hətta dövləti olmayan millətlərin də bayrağı var. Onlar o bayrağı başları üstünə qaldıra, uca dirəklərdən asa, möhtəşəm binalardan sallaya bilmirlər, amma vaxtaşırı o bayraq altında tədbirlər keçirir, onun altına birləşdirirlər.
Bayraq millətin fərdlərini birləşdirən materiyadır.
Milli bayrağını sevməyən insan olmaz, olsa da o şəxsdə, demək, nəsə problem var: ya xaindir, manqurtdur, ya da möhkəm incidilib, elə hala salınıb ki, artıq qəlbini qaplamış nifrətdən hər şeyə, o cümlədən bayrağa da pay düşür.
Bir ara dəb idi, avtomobillərin dövlət nömrə nişanına həkk olunmuş bayraq rəsminin altında yazırdılar: “Ya sev, ya da tərk et”. Görəndə gözə, səsləndirəndə qulağa xoş gəlirdi. Amma bu, yaxşı söhbət deyildi.
Vətəni və onun bayrağını hamı üçün sevimli etməyin yolu başqadır. İnsanları bayraq sapıyla döyə-döyə bayrağı sevdirmək olmaz.
Hər bir vətəndaş o bayrağın faydasını görməlidir, onun altında olanda özünü daha azad hiss etməlidir, daha təhlükəsizlikdə saymalıdır. O bayrağın durduğu kabinetlərdə hüququ tapdanmamalıdır. O bayrağın altında oturan hakim tərəfindən haqsız cəzaya məruz qalmamalıdır və sair və ilaxır.
1989-91-ci illərdə indiki üçrəngli dövlət bayrağımızı sovet tanklarının patrulluq etdiyi küçələrdə Azərbaycan SSR-in sovet-rus işləməli qırmızı bayrağının yanında asan və buna görə tutulub ölümcül döyülən gənclər vardı, Azərbaycanın müstəqil dövlət olması, bayrağının BMT-nin baş binası qarşısında dalğalanması üçün canlarını verərdilər və verirdilər.
Bu gün bayrağımız oradadır, o gənclər arzularına çatıblar, amma baxaq, görək, o fədakar, idealist gənclərin özləri haradadır. Bəziləri o bayrağı müvəqqəti endirmiş ölkədədirlər, bəziləri Avropadadırlar, bəziləri də öz ölkəmizdədirlər, amma bayraq hayında deyillər.
Əksinə, vaxtilə milli bayrağa dodaq büzən, lağ edən partiya-sovet məmurları, karyerist komsomolçular vardı, indi milli bayrağımızı azacıq yanlış tutanın başını yararlar. Çünki onlar bu bayrağın kölgəsi altındadırlar, ondan barınırlar. Onların bayraq sevgisi səmimi deyil, müvəqqətidir, sabah vəzifələrindən götürülsələr, biznesləri iflas etsə, nə bayraq dərdi çəkəcəklər, nə də milli dövlətçilik davası aparacaqlar.
Hələ son vaxtların təqdirəlayiq dəbi olaraq toylarda himnimiz çalınanda sağ əlini sinəsinə basıb ürəkdən himn oxuyan gənc məmurlar da gözə dəyir. Könül istər ki, onlar o himni vəzifədə olmayanda da elə ürəkdən oxusunlar.
Bayraq eyni zamanda düşmən üçün gözdağıdır. Təsadüfi deyil ki, düşmənin nifrəti aşıb-daşanda, amma əlindən bir şey gəlmyəndə acığını bayraqdan çıxır: meydanda yandırır, ayaq altına salıb tapdayır, cırıq-cırıq edib küləyə verir. Bu, çarəsizliyin əlamətidir, amma fikir verirsinizsə, bu cür hərəkətlər əksər vətəndaşın hiddətinə səbəb olur. Çünki onlar bilirlər ki, milli bayrağımıza bu cür həqarət edənlər hər birimizin qanına yerikləyənlərdir.
Bax, bayraq ona görə müqəddəsdir, o bizi birləşdirir, qoruyur. Hər bir ölkə vətəndaşı da onu qorumalıdır. Zatən, o bayrağı qorumağa mükəlləf olanlar var və həm dövlətimizin, həm bayrağımızın, həm də millətimizin keşiyindədirlər.
Bu günlərdə Türk Dövlətləri Təşkilatının bayrağı qaldırıldı. Yenə də orda-burda ağız büzənlər var. Amma əsas bayrağı qaldırmaqdır. Bayraq varsa, yüksəkliklərdə dalğalanırsa, onun daşıdığı ideya qalib gələcək.
Bayraq gününüz mübarək olsun!
23 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ