Onlayn ictimai-siyasi qəzet
Həftə İsrailin İrana cavab zərbəsi xəbərlərinin kölgəsində keçdi. İsrail baş naziri Netanyahu nəhayət, 2 aylıq fasilədən sonra oktyabrın 10-da ABŞ prezidenti Cozef Baydenlə telefonla danışaraq İrana hücumla bağlı fikir mübadiləsi apardı, əslində isə Vaşinqtonun razılığını almağa çalışdı. Hər halda beynəlxalq medianın iddiası budur.
Media yazır ki, İsrail İranın neft infrastrukturunu, habelə hərbi obyektlərini vurmağa hazırlaşır. İran da sakit dayanmayıb, Tehranın yüksək rütbəli məmurlarından biri Rusiya mediasına bildirib ki, İsrail İranın enerji obyektlərini vuracağı təqdirdə İran da İsrailin 3 neft emalı müəssisəsini vuracaq. Bu il ərzində İran artıq iki dəfə İsraili raket atəşinə tutub, xüsusən də sonuncu dəfə İran raketləri İsrail ərazisinə düşərək hələlik tam miqyası bilinməsə də, zərər yetirə bilib. Yəni iranlılar artıq İsrailə raket atmağı bilirlər və bu da qarşılıqlı raket zərbələrinin sonsuza qədər davam edəcəyi deməkdir.
Əslində indi əsas sual İsrailin İrana nə qədər “sərt və gözlənilməz” (seçmə İsrail müdafiə nazirinə məxsusdur – K.R.) zərbə vuracağı və ya İranın buna verəcəyi cavabın miqyası deyil. İndi daha aktual olan sual bu müharibənin hara qədər davam edəcəyi və regionda nələrə səbəb olacağı ilə bağlıdır.
Hazırda döyüşlər Qəzza zolağı, Fələstin administrasiyası və Livanda davam edir. Döyüş əməliyyatlarının Suriya və digər region ölkələrinə sıçraması an məsələsidir. İsrail ordusu birinci “intifada”dan keçən 35 ildən sonra ilk dəfə muxtariyyət ərazisinə zirehli texnika göndərib, yəni orada silahlı toqquşmaların alovlanması an məsələsidir.
Qəzzada 1 ildən çoxdur tunellərdə gizlənmiş HƏMAS döyüşçüləri İsrail ordusu ilə döyüşməyə davam edir. Baş verənləri yaxından izləyən hər kəsə məlumdur ki, Qəzzada HƏMAS və digər silahlı qrupların müqavimət potensialı hələ yüksəkdir və İsrailin bu kiçik 365 kv.km ərazini tam olaraq nəzarətə götürməsi və HƏMAS kimi qruplara fiziki olaraq son qoyması mümkün olmadı. Livanda isə “tamaşa” yeni başlayır. Peycer və rabitə cihazlarının partlaması, lider heyətinin böyük hissəsini itirməsinə rəğmən, Hizbullah sərhəddə İsrail ordusuna ciddi müqavimət göstərir, ağır zərbələr vurur.
Bütün bunların fonunda bu bölgədə amansız müharibə hər keçən gün daha da şiddətlənir və sülh ümidləri daha da azalır. Nə beynəlxalq təşkilatlar, dünya ölkələri, nə region dövlətləri sülh yaratmağa nail ola bilir. Əslində isə bəzi region ölkələri bir mənada İran və İsrailin toqquşmasından məmnundur, bu ölkələr regionun yenidən şəkillənməsinə səbəb olacaq “yeni qiyamət ssenarisinin” baş verməsinə müəyyən mənada hazırdırlar. Bu toqquşmanın nəticəsi kimin qalib gəlməsindən asılı olmayaraq onları məmnun edəcək.
7 oktyabrda HƏMAS-ın hücumu ilə qəfil yaxalanmış Benyamin Netanyahunun hakimiyyəti və həm də şəxsi həyatını xilas etməsi üçün qələbəyə ehtiyacı var. İsrail hesab edir ki, atəşkəsə getsə, indi arxasında dayanıb onu müharibəyə sövq edən qüvvələr eyni rahatlıqla məhkəməyə çıxaracaq, müharibənin bütün məsuliyyətini onun üzərinə qoyacaqlar. Ona görə də dayana bilmir, dayanmaq istəmir. Qələbəyə qədər getməkdə israr edir.
İsrail İran və proksiləri qarşısında geri çəkilmək istəmir, çəkilə bilməz. Çünki İsraildə qorxurlar ki, bu gün bir illik ağır müharibədən sonra HƏMAS-la əl sıxıb atəşkəs razılaşması imzalayıb, HƏMAS-ın Qəzzadakı hakimiyyətini tanısalar, o zaman indi çəkinən, boyun əyən ərəb dövlətləri əvvəlki kimi olmayacaq, İsraili təhdid edəcəklər.
İsrail dövlətinin mövcud olma doktrinası güc və qorxuya əsaslanır. Hər tərəfdən ona nifrət edən, bəlalarının səbəbkarı olaraq görən ərəb ölkələri ilə əhatə olunmuş İsrailin mövcudluğu gücə əsaslanır. 1967 və ya 1973-cü ildə ərəb dövlətləri koalisiyasını 3 həftəyə məğlub edən İsrailin indi İran proksi qüvvələri qarşısında geri çəkilməsi 50 illik mövcudluq və gücə əsaslanan siyasətin iflası deməkdir. Netanyahu isə dəyişmir, çünki o, köhnə nəslin adamıdır. Onun məxsus olduğu nəsil ağır müharibələr apararaq, güc və qorxu hesabına ölkəsini qoruyub.
Amma indi dövr dəyişir, Yaxın Şərqdə oyun qaydaları dəyişir, bölgənin yeni oyunçuları var. Regiona yeni güclər daxil olur, indi 50 il əvvəl olduğu kimi, bir neçə dövlətin ordusu ilə vuruşub 6 və ya 21 günə qalib gəlmək olmur, qarşı tərəfdə vuruşanlar partizanlardır. Üstəlik, onlar, yəni HƏMAS, İslami Cihad, Hizbullah illərdir İsraildən müharibə taktikası öyrənirlər. Yer altında yüzlərlə kilometr uzanan və minlərlə giriş-çıxışı olan tunel-istehkamlar hazırlayıblar. Onlara qalib gəlmək 50 il əvvəlki ərəb ordularına qalib gəlməkdən daha çətindir. Netanyahu və onun həmkarları 50 illik dövrün başa çatdığını anlamaq istəmir, yenə də güc yolu ilə məqsədinə çatmağa çalışırlar. Amma güc yolu həm də kütləvi qırğın, itki və illərlə uzanacaq yorucu müharibə deməkdir.
Necə ki, 1948-ci ildə qonşu ərəb dövlətləri siyasi maraqları səbəbindən Fələstin dövlətinin yaranmasına imkan vermədilər, bu gün də dünyanın böyük dövlətləri faktiki olaraq Yaxın Şərq regionunda sülhün olmasını istəmirlər.
Ötən bir ildən çox müddətdə BMT TŞ-nin daimi üzvü olan və müasir dünya siyasətində ağırlığı olan dövlətlər faktiki olaraq Yaxın Şərq münaqişəsinin bitməsi üçün heç bir təsirli addım atmadılar. Çünki bir qisim Yaxın Şərqdəki mövcud siyasi iqtidarını qoruyub saxlamağa çalışır, bir başqaları isə mövcud sistemin dağılıb yenisinin yaranmasını istəyir. Buna görə də müharibə bitmir, çünki indiki halda bitməsi demək olar ki, heç kimin işinə yaramır. Dəyişiklik isə Şərqdə həmişə ağır və qanlı olur.
Kənan Rövşənoğlu,
xüsusi olaraq Musavat.com üçün
29 Oktyabr 2024
21 Oktyabr 2024
18 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
07 Oktyabr 2024
04 Oktyabr 2024
20:23 İsrail-İran gərginliyi zirvədə: İsrail İranı gözlənilməz cavabla hədələyir, İran meydan oxuyur
30 Sentyabr 2024
01 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
27 Iyul 2024
17 Iyul 2024
05 Iyul 2024
27 Iyun 2024
16 Iyun 2024
27 Mart 2024
29 Sentyabr 2023
ŞƏRHLƏRŞƏRH YAZ