İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gəncləri yoldan çıxartmağa çalışan qüvvələr var”

Azər Badamov: “Azərbaycanın güclənməsi naminə onların yanında olmalıyıq” 

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi hər bir dövlətin uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarından biridir. Xalqın gələcəyini müəyyən edən məhz gənclərdir və onların mənəvi dəyərlərlə zəngin, milli kimliyinə bağlı şəkildə formalaşması dövlətin sabitliyi və müstəqilliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.  

Tarixi təcrübə göstərir ki, xüsusilə 1990-cı illərin əvvəlində Azərbaycanda yaşanan ictimai-siyasi xaosun əsas səbəblərindən biri də gənclərlə işin düzgün qurulmaması idi. Gənclərin ideoloji boşluqda, məqsədsiz və istiqamətsiz qalması dövlətçiliyə ciddi təhlükə yaradırdı. Məhz bu səbəbdən müasir mərhələdə milli şüurun gücləndirilməsi, Vətənə bağlı, sağlam düşüncəli və fəal gəncliyin yetişdirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi ön plana çıxır. 

Deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyə olunması dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərlə fəal işin aparılmasına, koordinasiya olunmuş şəkildə istiqamətləndirilməsinə başlanıldı: “Belə ki, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildən başlayaraq gənclər forumlarının keçirilməsinə başlanması gənclərimizin qarşısında müəyyən vəzifələrin qoyulması üçün şərait yaratdı. Azərbaycan gəncləri vətənpərvərdir, sadəcə, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında boşluq yaranmamalıdır. Bu baxımdan, ölkəmizin hər bir guşəsində yaradılmış gənclər evləri gənclərlə iş aparılmasında xüsusi rol oynamağa başladı. Belə ki, gənclərimiz özünü tək hiss etməyərək Vətənə sevgi ilə böyüdü. Azərbaycanda idmana ayrılan diqqət də gənclərin vətənpərvərlik ruhunda inkişafına xidmət edən amillərdəndir. Belə ki, dövlətin hesabına idman kompleksləri tikilərək gənclərimizin istifadəsinə verildi. Gənclərimizin sağlam və kamil böyüməsi üçün imkanlar formalaşdırıldı. Bu gün Azərbaycan gənclərinin dünyanın idman və mədəni arenalarında himnimizi səsləndirməsi və üçrəngli dövlət bayrağımızı dalğalandırması hər birimizə qürur verir”. 

A.Badamov xatırlatdı ki, Azərbaycan gəncliyinin qarşısında torpaqların işğaldan azad edilməsi kimi böyük bir vəzifə dayanırdı: “Torpaqlarımız işğal altında olduğu dövrdə hər bir uşaq Şuşada üçrəngli dövlət bayrağımızın dalğalandırılması ruhunda böyüyüb. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında böyüyən gəncliyimiz qəhrəmanlıq göstərərək Azərbaycanı qalib ölkəyə çevirdi. Onu da qeyd etməliyəm ki, sinəsini düşmən gülləsinə sipər edərək torpaqlarımızı işğaldan azad edən gənclərimizin əksəriyyəti torpaqlarımızın işğal altında olduğu dövrü görməyib, amma onlara aşılanan vətənpərvərlik ruhu və milli mənlik şüuru gənclərimizi Vətən fədailərinə çevirdi. Bu gün torpaqlarımız azad olunub, ərazilərimizdə suverenliyin bərpa olunmasına baxmayaraq gənc nəslin tərbiyəsində boşluq yaranmamalıdır. Milli mənlik şüurunun və vətənpərvərlik ruhunun tərbiyəsi istiqamətində işlər davamlı şəkildə aparılmalıdır. Məhz Vətəni sevən və gələcəyimizi etibar edə biləcəyimiz gəncliyimiz sayəsində müstəqilliyimiz əbədi olacaq”. 

Deputat diqqətə çatdırdı ki, xaricdən gəncləri yoldan çıxartmağa və onların şüurunu zəhərlənməyə çalışan çirkin qüvvələrin fəaliyyəti həmişə olub və olacaq: “Həmin qüvvələr gənclərin milli mənəvi şüurunun inkişaf etdirilməsində boşluğun yaranmasını gözləyirlər. Amma dövlət olaraq hər birimiz buna imkan verməməli və doğma Azərbaycanımızın güclənməsi və inkişafı naminə gənclərimizin yanında olmalıyıq. Yəni bu istiqamətdə aparılan siyasətin konkret sərhədi və ya yetərliliyi olmamalıdır. Hər zaman gənclərin yanında olmalı, onlara dəstək göstərərək təcrübəmizi bölüşməli, keçdiyimiz çətin günlər və bu günün qazandırdığı nailiyyətlərimiz haqqında məlumatlandırılmalıyıq. Gənclərimizin milli-mənəvi şüurunun inkişafında təhsil müəssisələri xüsusi rol oynamalıdır, çünki hər bir şagird məktəb skamyasında oturduğu andan Vətəni və milli kimliyimizi  hiss etməli və özündə yaşatmalıdır. Bu baxımdan orta və ali məktəblərdə gənclərin milli mənəvi şüurunun inkişafı istiqamətində xüsusi proqramlar hazırlanmalı, tədbirlər təşkil olunmalıdır. Gənclər heç zaman özünü tək və diqqətdən kənar hiss etməməlidir. Gənclərin asudə vaxtının təşkili istiqamətində tədbirlər və xüsusi proqramların keçirilməsi intensivləşdirilməlidir. Qısa olaraq demək olar ki, gənclərimizin vaxtı dəyərli olmalı, daima onların məşğuliyyəti ilə bağlı məsələlərin həll olunmasına dəstək göstərilməlidir”. 

Hazırladı: Nigar Həsənli

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR