İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zəngilan torpağında görmək istəmədikləri başqa şeyləri də görəcəklər”-ŞOK XƏBƏRDARLIQ 

“İran əgər öz oyununu oynayırsa və məncə, hələlik məhz öz oyununu oynayır, onda təlimlərdən o yana keçəcəyini düşünmürəm. Amma paron mollaların hara bağlı olduqlarını bilə-bilə ağayi Paşinyanla komandasına verdikləri dəstək onu göstərir ki, onlar Ermənistana geosiyasi alət kimi baxan qlobal gücün də oyununu oynamağa hazırdırlar”.

Deputat Sahib Alıyev bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. Millət vəkili İranın hərbi təlimlərinin məkrli məqsədə xidmət etdiyinə şübhə eləmir: “İlk baxışda məntiqsiz təsir bağışlasa da, açığı mən bu fikirdəyəm ki, molla rejiminin keçirdiyi təlimlər, Azərbaycana yönəlik hədələri və Ukraynanın altını-üstünə çevirmək üçün Rusiyaya PUA , eləcə də raket satması eyni məqsədə xidmət edir. Bu, “kökə və kötək” şəklində qərbə göstərməkdir ki, əgər rəsmi Tehrana güzəştə gedilərsə, üzərindən sanksiyalar tam götürülərsə, onda hər əmrlərinə “bəçeşm” deyə, Ermənistanı da qanadının altına alaraq onunla birgə bu regionda böyük və kiçik xidmətçiləri ola, şah dönəmində etdiklərini yenidən edə bilər. Hər halda molla rejiminin Qərbə qarşı daha kəskin hərəkət etdiyi vaxtlar “İranqeyt” olayını yaddan çıxarmamalıyıq və bəzi qayanaqların bildirdiyinə görə, ABŞ-la İran arasında yenə gizli danışıqlar gedir. Yəqin həmən danışıqlarda umduğunu hələ ala bilməməsi üzündən İran Rusyanı PUA-larla təmin etməyə razılıq verdi. Yəni gösətərmək üçün ki, itirəcəyi heç nə olmadığı halda, qərbə qarşı əlindən nə gəlirsə, edəcək”. 



S.Alıyevin sözlərinə görə, Böyük Britaniyanın müdafiə nazirinin ABŞ-a təcili səfəri çərçivəsində əldə edilən razılaşmalar İranla bağlı da proseslərin hansı yöndə gedəcəyinə xeyli aydınlıq gətirəcək: “Bilirsiniz, hazırda İran elə bir vəziyyətdədir ki, üzərindən sanksiyalar götürülmədiyi halda, rejim nə qədər amansızlıq etsə də, içəridəki narazılıqların qarşısını alması mümkünsüzləşir. Ona görə də artıq onlar da Rusiya rəhbərliyi kimi “va-banka” gedir. Amma rusiyadakılardan fərqli olaraq, bayaq da qeyd etdiyim kimi, keçirdiyi son təlimlərlə, Paşinyan Ermənistanı ilə sıx əməkdaşlıqla qərbin xidmətində dura biləcəyini də sərgiləyir. Qərbdən dəstək almadığı halda isə İran güclü Azərbaycanı özü üçün ekzistensial təhlükə hesab etsə də, bir daha vurğulayıram ki, hədədən o yana keçəcək həddi yoxdur. Çünki ötən günlərdə kimlərin Bakıya gəldiyinin, niyə gəldiyinin və cənab Prezidentin Astanada Pakistanın baş naziri ilə elə-belə görüşmədiyinin yaxşı fərqindədirlər”. 

Deputat zəruri xatırlatma etdi: “Hər halda biz 2001-ci ildə Xəzərdə həddini aşanda türk şahinlərinin Bakı səmasında görünmələriylə onların köplərinin necə yatdığının biz şahidiyik. İndi isə təkcə qardaş Türkiyə deyil, daha bir neçə dost dövlət molla rejiminə xəbərdarlıq edir ki, gərginlik yaradacağı halda Azərbaycanı tək buraxmayacaqlar. Baxmayaraq ki, Azərbaycan arxasında böyük dövlətlərin, elə İranın da dayandığı Ermənistanı diz üstə çökdürdüyü kimi öz gücü ilə bizə digər düşməncəsinə yanaşanların da öhdəsindən gələ bilər. Və bəziləri özününkü kimi təqdim etdiklərinin bir anda Azərbaycanın gücünə çevriləcəyini, ən azından onların keçirdiyi təlimlərdə necə boz qurd işarəsi sərgilədiklərini görüb də unutmamalıdırlar. Tarixdə türklər üz-üzə gətiriləndə azmı belə hərəkət ediblər? Və onlar düşməncəsinə davranışlarına son verməsələr, əminəm ki, işğal altında ikən hay hərbi xuntasından otlaq olaraq icarəyə götürdükləri Zəngilan torpağında təkcə camış ferması yox, oradakı beynəlxalq və ikili təyinatlı hava limanında heç görmək istəmədikləri başqa şeylər də görəcəklər”. 

S.Alıyev bildirdi ki, yəni əgər Azərbaycanla Türkiyənin irəli sürdükləri çoxtərəfli əməkdaşlıq planına əməl etsələr, Zəngilan Beynəlxalq Hava Limanı İranla Ermənistanın da işinə yaraya bilər, qarşıdurma siyasəti yeritdikləri halda isə təbii ki, başları üzərindəki “Domokl qılıncı”ndan birinə çevriləcək: “İki qardaş dövlətin başçılarının cənab Əliyevlə Ərdoğanın Füzulidəki kimi, bu hava limanının açılışını da birgə etmələri fikrimcə, həm də o deməkdir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR