İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “Sülh qovşağı”: erməni xalqı üçün növbəti iqtisadi avantüra

Qlobal nəqliyyat marşrutlarındakı cari tendensiyaları təhlil edərkən, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki münaqişələr kimi geosiyasi hadisələrin logistika marşrutlarının yenidən qiymətləndirilməsinə və dəyişdirilməsinə səbəb olduğu aydın olur. Cənubi Qafqaz ölkələri də yeni nəqliyyat dəhlizlərinin yaradılmasına maraq göstərirlər. Hazırda Azərbaycan Türkiyə, Mərkəzi Asiya ölkələri ilə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz, TBNM) inkişaf etdirməyə, onun yükdaşıma qabiliyyətini artırmağa çalışır. Əlbəttə ki, Ermənistan da son dövrlərdə perspektivli görünən sahədə geridə qalmaq istəmir. Belə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkəsi təşəbbüs göstərdiyi “Sülh qovşağı” layihəsinin reallaşdırılması nəticəsində 10 milyardlarla dollar məbləğində gəlir əldə edə bilər. Amma N.Paşinyanın bu ambisiyalı fikirlərinin heç bir iqtisadi əsası yoxdur, çünki ölkəsi ən nikbin proqnozlarla belə, tranzitdən bu məbləğdə gəlir əldə edə bilməz. Lakin bu proqnozlar Ermənistanın məhdud tranzit potensialını nəzərə alaraq reallığa uyğun deyil.

Bu ilin ilk 6 ayında Ermənistan yük maşınlarının Gürcüstan ərazisindən tranziti üçün təxminən 13 milyon ABŞ dolları ödənilib. Qeyd edək ki, ümumilikdə yanvar-iyun aylarında Gürcüstan ərazisindən 249,4 min yük maşını keçib və bununla büdcəyə 32,3 milyon ABŞ dolları daxil olub. Gürcüstandan tranzitlə keçən ağır yük maşınlarının 99 min 760-ı Ermənistanın payına düşüb. Ermənistan bu ölkəyə yük maşınlarının tranziti müqabilində 12 milyon 968 min 800ABŞ dolları ödəyib. Hər nəqliyyat vasitəsinin Gürcüstan ərazisindən tranziti üçün 130 ABŞ dolları məbləğində rüsum ödənilir.

Bu məqamda qeyd edək ki, 2021-ci ilin yanvarından etibarən Gürcüstan büdcəsi Ermənistan nəqliyyat vasitələrinə tətbiq olunan tranzit rüsumlarından ümumilikdə təxminən 73 milyon ABŞ dollar məbləğində gəlir əldə edib. Yəni qonşu Gürcüstan 3 il ərzində Ermənistandan gələn yük maşınlardan heç bir milyard dollar da qazanmayıb.

Beləliklə, bu onu göstərir ki, Gürcüstandan fərqli olaraq dənizə çıxışı olmayan Ermənistan da öz ərazisindən keçən nəqliyyat vasitələrinə tətbiq edəcəyi tranzit rüsumlarından xəyal etdiyi qədər gəlir əldə edə bilməyəcək. Ermənistanın tranzitdən 10 milyardlarla dollar qazanması üçün bu ölkədən təxminən 77 milyon ədəd yük maşını keçməlidir. Onun bu fantastik göstəriciyə çatması mümkün deyil.

Yeri gəlmişkən, Ermənistan hökuməti iddia edir ki, “Sülh qovşağı”nın işə düşməsinin ilk ilində Ermənistanın nəqliyyat sistemi 4,7 milyon ton yükün tranzitini təmin edə bilər. Eyni zamanda, 2050-ci ilə qədər bu həcmin 10 milyon tona çatacağı proqnozlaşdırılır. Nəzərə alsaq ki, yüklərin əksər hissəsi avtomobillərlə daşınacaq və yük maşınının birini 10 tondan götürsək (beynəlxalq statistikaya görə, yük maşını 15-20ton olur) 26 il ərzində 26 milyon avtomobil keçə bilər. Bu, ən azından 10 milyard ABŞ dolları qazanmaq üçün tələb olunan avtomobil sayının üçdə birini təşkil edir.

Hətta Ermənistanda belə, N.Paşinyanın bununla bağlı fikirlərinin utopik olduğunu başa düşürlər. Məsələn, “Zham.am” nəşrində dərc olunan məqalədə qeyd edilib ki, N.Paşinyanın irəli sürdüyü “Sülh qovşağı” layihəsi əslində insanları aldatmaqdan başqa bir şey deyil: “Bu, zaman keçdikcə hər kəsi qıcıqlandıra bilər və region dövlətləri belə yanaşmaya görə Ermənistanı cəzalandırmaq üçün kollektiv qərar qəbul edəcəklər”.

Beləliklə, dənizə çıxışı olmayan və məhdud nəqliyyat infrastrukturunu nəzərə alaraq, Ermənistanın bu qədər yüksək tranzit həcmlərinə nail olması ehtimalı azdır. Bundan əlavə, böyük miqyaslı nəqliyyat layihələrinin həyata keçirilməsi Ermənistanda müşahidə olunmayan əhəmiyyətli investisiyalar tələb edir. Potensial investorlar infrastrukturu, siyasi sabitliyi və regional layihələrə inteqrasiyanı investisiya qərarları üçün əsas amillər kimi nəzərdən keçirirlər. Hazırda Ermənistan qonşu ölkələrdən, məsələn Azərbaycandan fərqli olaraq, böyük regional təşəbbüslərdən kənarda qalıb ki, bu da onun kapital cəlb etmək şanslarını azaldır.

Beləliklə, Ermənistan rəhbərliyinin tranzit gəlirlərinin əhəmiyyətli dərəcədə artırılması imkanları barədə bəyanatları iqtisadi cəhətdən əsaslandırılmış olmaqdan daha çox siyasidir. Azərbaycan onu beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya edən infrastruktur layihələrini fəal şəkildə təşviq etdiyi halda, Ermənistan dənizə çıxışın olmaması və infrastrukturun kifayət qədər inkişaf etməməsi kimi ciddi məhdudiyyətlərlə mübarizə aparmağa məcburdur. Qlobal marşrutlar və nəqliyyat dəhlizləri transformasiya olunmağa davam etdikcə, region ölkələri üçün uğurun əsas amili artıq mövcud olan və inkişaf edən logistika sistemlərinə inteqrasiya olunmaq qabiliyyəti olacaq. Azərbaycan öz təbii və geosiyasi üstünlüklərindən istifadə edərək artıq Cənubi Qafqazdakı qonşularından daha əlverişli mövqe tutur./report 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR