Onlayn ictimai-siyasi qəzet
2024-cü il Nobel Sülh Mükafatı Yaponiyanın “Nixon Xidanke” təşkilatına verildi. 286 namizədlər sırasında Rusiya prezidenti Putinin həbsinə order vermiş Beynəlxalq Ədalət Məhkəməsi də vardı, BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyi də, Zelenski də, İlon Mask da, hətta Azərbaycanda həbsdə olan “Dağlıq Qarabağın keçmiş dövlət naziri” Ruben Vardanyan da... Norveç Nobel İnstitutunun əsnaməsinə uyğun olaraq, mükafata təqdim edilmiş namizədlərin adları ən azı 50 il müddətində məxfi saxlanılır.
Yəni namizədlərin tam siyahısı 50 il sonra ictimaiyyətə açıqlanana qədər heç kimin Nobel Sülh Mükafatına namizədliyini təsdiq və ya təkzib edə bilməz. Vardanyanın adının namizədlər siyahısında olması bu baxımdan dəqiq olmaya da bilər, amma bir neçə mənbə bu barədə yazıb...
Sülh Mükafatı alan təşkilatı 1945-ci ildə Xirosima və Naqasakidə nüvə partlayışlarından sağ çıxan insanlar və nüvə silahlarına qadağanın tərəfdarları təsis edib. Dünyada nüvə müharibəsi təhlükəsinin artdığı bir vaxtda məhz bu təşkilatın adının önə çıxarılmasının səbəbləri bəllidir. Təşkilatın məramında diqqətimi iki məqam çəkdi. “Nixon Xidanke” o dəhşəti yaşayanların şəxsi hekayələrini qələmə alıb, yayıb, hətta bu yöndə təhsil proqramları yaradıb. İkinci məram bombalar nəticəsində dəyən zərərin ödənilməsinə nail olmaqdır. Amma “Nixon Xidanke” bomardmana görə kompensasiyanı ABŞ-dan deyil, Yaponiya hökumətindən istəyir. Çünki atom bombasına səbəb olan müharibənin başlanmasına görə məsuliyyəti Yaponiyanın o vaxtkı hakimiyyətində görürlər.
İki həftə əvvəl Xankəndidən sonra ilk dəfə işğaldan azad Ağdama keçəndə dəhşətə gəldim. Fotolarını görmüşdük, amma bu xarabalıqlar içərisinə qalmaq ayrı bir yaşantıdır.
Şuşadan 37 kilometr aralı bu şəhərlə məni bağlayan köklər vardı- şəhərdə bibim, kənddə xalam yaşayırdı. İndi o şəhər yoxdur, bəlkə də o cür bir daha olmayacaq da. Yalnız bu xarabalıq kifayətdir ki, ABŞ və Avropanın bəzi dairələrinin “hərbi əsir” deyib haray saldığı separatçı rejimin üç terrorçu rəhbərinə -Araik Arutyunyana, Bako Saakyana və Arkadi Qukasyana ömürlük həbs cəzası kəsəsən. Çünki Ağdamı bu cür xarabalığa çevirmək qərarını məhz onlar veriblər.
Niderland parlamentinin Nümayəndələr Palatasının Azərbaycan əleyhinə son qəbul etdiyi qətnamələr, bu ölkənin xarici işlər nazirinin separatçı rejimin Bakıda həbsdə olan keçmiş rəhbərlərini “hərbi əsir” kimi qələmə verərək azad edilməsinə dair çağırışı bu dünyanın hələ də gözünün kor, vicdanın şikəst olduğunu göstərir. Bu Niderlan hökuməti ölkələrində gözəl güllər əkirlər, hər yeri abad və çiçəklər içində görmək istəyirlər, amma gözəlim şəhəri xarabalıqlara çevirənlərə “hərbi əsir” deyirlər, üstəlik azadlıqlarını istəyirlər.
1945-ci il avqustun 6-da ABŞ-ın atdığı atom bombasının partlaması nəticəsində bir anın içində 140 minədək insan həyatını itirmişdisə, ermənilər vaxtilə 200 minədək əhalisi olan bu şəhəri və kəndlərini yer üzündən siliblər. İki Amerika atom bombası nəticəsində sonrakı aylarda və illərdə təxminən eyni sayda yaponiyalı yanıq və şüa xəstəliyindən ölüb.
Təkcə ağdamlıların qaçqın həyatı yaşadığı işğal illərdə dərdən çərləyib ölənlərinin sayını mən öz qohumlarından deyim: 60 yaşına çatmamış bu həyatdan köçüb çoxu...Bir böyük nəsildən indiyə bir ovuc qalmışıq, miqyası özünüz təsəvvür edin...Bu adamların da hekayəsi Xirosimada yanıq xəsarəti alanlardan az təsirli deyil. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə rəsmi rəqəmlərə görə, 5897 şəhid, 1871 nəfər uşaq yetim qalmışdı. Minlərlə adam şikəst olmuş, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü. Kərbəlayi İsmayıl demişkən, “bəs, bunları kimin vicdanına yazaq?”
Ağdamı “Qafqazın Xirosiması” adlandırdıqlarından yəqin ki, uzaq Yaponiyanın təşkilatının xəbəri yoxdur. Xəbərləri olsaydı, siyahıda adlarının Vardanyan kimi cani ilə yanaşı olmasına görə bəlkə də etiraz edərdilər. Vardanyan da Qarabağa “atılmış bir bomba” idi, amma “öz əlində partladı”.
Biz o şəhərləri quracağıq da, dünyanın bəzi kor gözləri də açılacaq Ağdamla bərabər, Cəbrayılın da, Zəngilanın da xarabalıqlarını görəcəklər, amma işğalın Azərbaycana vurduğu fiziki-mənəvi yaralarını sağaltmağa bəlkə də 50 il bəs etməz...
Bəlkə 50 il sonra “Qafqazın Xirosiması-Ağdam” təşkilatı da Nobel aldı.
Nazim SABİROĞLU,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ