İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizi ilə bağlı SENSASİON DETAL - Ermənistan bunu etməsə...

Politoloq: “Ermənilərin əlinə indiki tarixi şans bir daha düşməyəcək”

Azərbaycan-Ermənistan münasibətləri, şübhəsiz, o vaxt normallaşmış sayılacaq ki, tərəflər arasında Bakının məlum təklifləri əsasında sülh müqaviləsi imzalanacaq və diplomatik münasibətlər qurulacaq. Böyük ehtimalla, Zəngəzur dəhlizi məsələsi də məhz bu proses fonunda öz həllini tapacaq. Daha dəqiqi, sülh müqaviləsindən sonra onun həyata keçməsi xeyli asanlaşacaq. Çünki rəsmi İrəvan o halda sərbəst və yeganə doğru qərarı verə biləcək.

Ancaq məsələdə ilk baxışda “xırda məsələ” kimi görünən, texniki xarakterli, lakin yetərincə mühüm bir detal var. Bu da ərazidən keçən kommunikasiyaların, o sırada yollar və onların keyfiyyəti ilə bağlıdır.

Yəni tutaq ki, dəhliz bu gün açıldı. Məlumdur ki, Azərbaycan öz hissəsinə düşən avtomobil və dəmir yolunun inşasını yekunlaşdırmaq üzrədir. Ermənistan isə faktiki bu illər ərzində əlini ağdan qaraya vurmayıb. Bu isə hətta anlaşma olsa belə, Zəngəzur dəhlizinin hələ bir müddət, bəlkə də illər uzunu işə düşməyəcəyi anlamına gəlir.

Bəs Ermənistan nəyi gözləyir, ərazidə hansısa inşa işləri gedirmi və bu, nə qədər zaman ala, neçə il çəkə bilər?

Azər Badamov: Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq çoxşaxəlidir -  AZƏRTAC

Azər Badamov

Deputat Azər Badamovun sözlərinə görə, Azərbaycanın Ermənistana göndərdiyi sülh təklifləri iki ölkə arasında münasibətlərin normallaşmasına və əlaqələrin formalaşdırılmasına hesablanıb: “Təkliflərimiz beynəlxalq hüquqa əsaslanır və suveren ölkələr arasında münasibətlərin formalaşmasına hesablanan vacib məsələlərdəndir. Amma təəssüf ki, Ermənistan sülh müqaviləsinin imzalanmasının vaxtını müxtəlif bəhanələrlə uzadır və iki ölkə arasında razılaşdırılmış bəzi təkliflərini də geri çəkməyə çalışır. Halbuki  bu sülh müqaviləsinin imzalanması üçün qalmış məsələlərin kökündə  Ermənistan Konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddialarından əl çəkilməsi və Minsk Qrupunun ləğv olunması üçün müraciətin edilməsi dayanır. Əgər sülh müqaviləsi imzalanarsa, iki ölkə arasında kommunikasiyalar və Zəngəzur dəhlizi də açılacaq. Amma qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin açılması başqa bir sənədlə, 10 noyabr 2023-cü ildə imzalanmış üçtərəfli bəyanatla tənzimlənir. Bu bəyanata görə, Ermənistan sülh müqaviləsinə qədər Zəngəzur dəhlizini açmaq öhdəliyi götürüb. Azərbaycan Zəngəzur dəhlizinə qədər olan bütün kommunikasiyaların tikintisini yekunlaşdırmaq üzrə olduğu halda Ermənistanda heç bir iş görülməyib. Əslində bunun üçün Ermənistanın görməli olduğu işlərin həcmi o qədər də böyük deyil. Çünki bu istiqamətdə dəmir yolu əvvəldən mövcud olub. Ermənistan Zəngəzur dəhlizinin açılmasını istəsə, qısa zamanda köhnədən mövcud dəmir yolunu işlək vəziyyətə gətirə bilər. Avtomobil yolunun tikintisi isə müəyyən qədər zaman aparacaq. Ona görə də Ermənistanın Zəngəzur dəhlizini açmaq planları varsa, bu marşrut üzrə yolların təmiri və tikintisi işlərinə başlanmalıdır. Əks halda, biz İran ərazisindən yolumuzu açacağıq və Naxçıvanla yeni kommunikasiya əlaqələrimiz yaranacaq. Ermənistan isə dalanda qalmaqda davam edəcək”.

Sona Əliyeva: “Rusiyaya qarşı iqtisadi sankisyalar heç bir halda müsbət  effektini verməyəcək” Pravda.az

Sona Əliyeva

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva ermənilərin əlinə indiki tarixi şansın bir daha düşməyəcəyini bildirdi: “Hazırda Ermənistanın Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsini bərpa etməyə və ya yenidən çəkməyə iqtisadi gücü yoxdur. Əgər İrəvan bu məsələdə Bakıdan kömək istəyərsə, biz bu məsələdə də öz gücümüzü və dəstəyimizi ortaya qoya bilərik. Təbii ki, bizim maraqlarımız çərçivəsində məsələnin sürətli həllinin tərəfdarıyıq. Yəni Azərbaycan bu xətti çəkəcəksə, o zaman bir neçə illik ümumi xəttin gəlirləri Azərbaycana verilməlidir. Belə görünür ki, İrəvanın başqa çıxış yolu da yoxdur. Çünki Ermənistan Rusiyanı bölgəyə buraxmaq istəmir. Sanksiya qəfəsində çırpınan İranın da Ermənistana bu qədər investisiya ayırmağa gücü yoxdur. Üstəlik, Amerikanın təzyiqi İrəvana farsların Zəngəzura girişinə imkan verməyəcək. Qərb isə Zəngəzur dəhlizinin açılmasının yox, açılışının yubanmasının tərəfdarıdır. O baxımdan, Qərb də Ermənistana iqtisadi dəstək verməkdə maraqlı görünmür. Yenə də İrəvanın ümidi Bakıya qalır. Əks halda, Azərbaycan daha sərt addımlar ata bilər. Biz Azərbaycan Cümhuriyyətinin varisi olaraq tarixi hüquqlarımızın bərbası üçün əlimizdən gələni etmək haqqında düşünəcəyik. Üstəlik, son zamanlar ermənilər Naxçıvan üçün təhlükə yaradırlar. Tez-tez atəşkəs pozulur. Biz Naxçıvanı dardan, erməni təhlükəsindən qorumaq üçün nələrsə düşünə bilərik. Bunu İrəvanda da yaxşı anlayırlar. Ona görə də Ermənistan çalışmalıdır ki, böyük sülh sazişi ilə yanaşı, Zəngəzur dəhlizinin açılması prosesini də sürətləndirsin. Tarix ermənilərə bu şansı bir də verməyəcək”.

qaynarinfo.az

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı Ermənistanın bütün gücü ilə vaxt qazanmağa cəhd etdiyini vurğuladı: “Zəngəzur dəhlizinin Ermənistan hissəsindən keçən hissəsində indiyə qədər heç bir iş görülməyib, buna səbəb İrəvanın bu dəhlizin açılmasında maraqlı olmamasıdır. Ermənistan Azərbaycanın qərb rayonlarını Naxçıvana birləşdirəcək yola özünün nəzarət etməsini istəyir, lakin bunun mümkün olmayacağını da anlayır. Buna görə məsələyə A və B planı olaraq yanaşır. A planı, yəni əsas hədəfi yola özünün nəzarət etməsinə nail olmaqdır, məsələni bu formada qoymaqla prosesin reallaşmasını çətinləşdirir. B planı alınmasa, yəni Ermənistan istəyinə nail olmasa, ən azı onu dəstəkləyən Qərbin dəhlizə nəzarətinə nail olmaq üçün zaman qazanmağa çalışacaq. Dəhlizin Ermənistandan keçən hissəsinin çəkilməməsinin əsas səbəbi belə görünür. Bununla yanaşı, dəhliz reallaşarsa, Ermənistan yolun çəkilməsi üçün lazım olan vəsaitin kənardan verilməsini də əsas tələb kimi irəli sürəcək. Bununla həm maliyyə xərcləməyəcək, həm də əlavə manevr imkanı qazanacaq”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR