Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Paris sammitindən sonra Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Görüşdə qlobal və Avropa siyasəti, eləcə də Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri əsas müzakirə mövzusu olub.
Zelenski Fransa və digər Avropa liderləri ilə Ukraynanın təhlükəsizliyinin təmin edilməsi məsələsində eyni baxışa sahib olduqlarını vurğulayıb:
“Ukraynaya etibarlı və güclü təhlükəsizlik zəmanətləri lazımdır. Əks halda, atəşkəs Rusiyanın növbəti hərbi hücumuna hazırlıq üçün bir vasitəyə çevriləcək.”
O, Rusiyanın zəif və müvəqqəti atəşkəsdən yalnız yeni işğallar üçün istifadə edəcəyini qeyd edərək, yalnız güclü təhlükəsizlik zəmanətlərinin Ukrayna və Avropa üçün uzunmüddətli sülhü təmin edə biləcəyini bildirib.
Makronun digər Avropa və dünya liderləri ilə aparılan müzakirələr barədə Zelenskini məlumatlandırdığı və iki ölkənin bu prosesdə daim təmasda olmağa razılaşdığı qeyd edilir. “Hazırda mühüm qərarlar verilir”, – deyə Zelenski vurğulayıb.
Xatırladaq ki, Parisdə keçirilən sammitdə Avropa liderləri Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə və qitənin müdafiə qabiliyyətini artırmağa hazır olduqlarını bildiriblər. ABŞ-prezidenti Donald Trampın Ukraynanın iştirakı olmadan Rusiya ilə sülh planı hazırlaması fonunda Avropanın öz təhlükəsizlik strategiyasını qurmağa çalışdığı müşahidə olunur.
Musavat.com
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ