Onlayn ictimai-siyasi qəzet
Ukrayna savaşı ətrafında ABŞ prezidenti Donald Trampın “sülh oyunu” real nəticələrdən uzaq qalmaqda davam edir. Ağ Ev sahibi Rusiyanın siyasi-diplomatik dialoq ilə bağlı manipulyasiyaları qarşısında hazırlıqsız yaxalanır, nəticədə ABŞ-ın Ukrayna savaşı ilə bağlı mesajları ziddiyyətli məzmunlarla yüklənmiş olur. Və ən qəribə məqam isə odur ki, Ağ Ev mövqeyi davamlı olaraq, dəyişikliyə uğrayır.
Məsələ ondadır ki, nüfuzlu "The Wall Street Journal" nəşri əvvəlcə prezident Donald Trampın Ukraynanın Qərb müttəfiqlərindən aldığı uzaqmənzilli raketlərindən istifadə etməsinə qoyulan əsas məhdudiyyəti ləğv etdiyi barədə məlumat yaymışdı. Həmin məlumatda qeyd olunurdu ki, bu addım rəsmi Kiyevə Rusiyanın ərazisindəki hədəflərə hücumları genişləndirmək və Kremlin təzyiq altında saxlanması üçün yeni imkanlar yaradacaq. Üstəlik, Ukraynanın Böyük Britaniya istehsalı olan “Storm Shadow” qanadlı raketlə Rusiyanın Bryansk vilayətində yerləşən hərbi-sənaye obyektinə zərbə endirməsi xəbəri də təsdiqlənmişdi.
Digər tərəfdən, bu əməliyyat Ukrayna Baş Qərargahı tərəfindən “uğurlu zərbə” kimi də təqdim edilmişdi. Ancaq hadisədən dərhal sonra ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında "The Wall Street Journal"ın yaydığı məlumatı “tamamilə yalan” adlandırdı. O, bildirdi ki, ABŞ-ın Ukraynaya Rusiyanın dərinliklərinə raket hücumu üçün icazə verdiyi barədə xəbərlər "feyk"dir. Ağ Ev sahibinin sözlərinə görə, ABŞ-ın bu raketlərlə və onların istifadəsi ilə heç bir əlaqəsi yoxdur. Bu ziddiyyətli açıqlamalar ABŞ-ın Ukrayna savaşına yönəlik siyasətindəki strateji qeyri-müəyyənliyi və Rusiya ilə siyasi-psixoloji, eləcə də diplomatik "oyun"un intensivliyini üzə çıxarır.
Məsələ ondadır ki, Rusiya son vaxtlar həm cəbhə xəttində, həm də siyasi-diplomatik sahədə “zaman qazanma” taktikasına üstünlük verir. Kremlin Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə ABŞ-ın Ukraynaya hərbi dəstəyinin zəifləyəcəyinə yönəlik ümidləri doğrulub. Bu baxımdan, Kreml Ağ Evin ritorikasını diqqətlə izləyir və hər bir “sülh çağırışı"nı zaman qazanmaq üçün potensial "imkan pəncərəsi" kimi dəyərləndirir.
Ağ Ev sahibi Donald Trampın Budapeştdə Rusiya prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüşünü ləğv etməsi də Kremlin bu taktikasına verilən reaksiya kimi qiymətləndirilə bilər. Əslində, bu görüş Kremlə həm beynəlxalq imic baxımından, “sülh tərəfdarı” obrazını bərpa etmək, həm də Qərbin sanksiya təzyiqinin istiqamətini test etmək üçün lazım idi. Ancaq prezident Donald Tramp görüşü ləğv etməklə, mesaj verdi ki, ABŞ dialoqa açıq olsa da, Kremlin “diktə etmək istədiyi şərtlərlə” oynamayacaq.
Eyni zamanda, ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın iri enerji şirkətləri “Lukoyl” və “Rosneft”ə qarşı yeni sanksiyalar paketi tətbiq edib. Ağ Evdən bildirilib ki, məqsəd cəzalandırmaq deyil, davranışda müsbət dəyişikliklərə nail olmaqdır. Bu, əslində, həm də siyasi-diplomatik dildə “danışıqlar üçün qapı tam bağlanmır” mesajıdır. Yəni, Ağ Ev sanksiyaları həm təzyiq, həm də mümkün razılaşmaların çərçivəsini müəyyən edən alət kimi işlədir.
ABŞ prezidenti Donald Tramp vurğulaylb ki, Rusiyanın neft şirkətlərinə qarşı sanksiyaların tətbiq olunması həm də Kremlin dərhal atəşkəslə razılaşmağa çağırış deməkdir. Ağ Ev sahibinin "Artıq Rusiyanın dayandırılmasının vaxtı çatıb" deməsi isə bir tərəfdən ABŞ-ın “sülh təşəbbüsləri”ni önə çıxarır, digər tərəfdən də Kremlin davranışlarını dəyişməyə yönəlmiş siyasi-diplomatik təzyiq xarakteri daşıyır.
Belə anlaşılır ki, ABŞ-ın Ukraynaya “Storm Shadow” raketlərindən istifadə üçün məhdudiyyəti aradan qaldırması barədə xəbərin yayılması və ardınca prezident Donald Trampın onu dərhal inkar etməsi iki istiqamət üzrə mesaj siyasətinin əlamətidir. Yəni, bir tərəfdən Kremlə "qırmızı cizgilər" dolayısı ilə xatırladılır, digər tərəfdən isə "sülh variantı"nın hələ də aktual qaldığına eyham vurulur. Bu yanaşma Tramp administrasiyasının “kontrollu gərginlik” strategiyasının tərkib hissəsidir. Yəni, Ağ Ev nə münaqişəni dondurmaq, nə də onu tam alovlandırmaq niyyətindədir. Və əsas məqsəd danışıqlar masasında ABŞ-ın təşəbbüs göstərmək imkanlarını qorumaqdır.
Ona görə də, Ağ Ev sahibi Donald Trampın “sülh çağırışları”, sanksiyalar və ziddiyyətli bəyanatları bir-birinə əks addımlar kimi görünür. Ancaq bütöv strategiyanı nəzərə aldıqda, o, bir tərəfdən Rusiya ilə “sülh gətirən lider” obrazı üzərindən daxili siyasi kapitalını artırmaq istəyir. Və digər tərəfdən isə Ağ Ev sahibi kollektiv Qərb daxilində ABŞ-ın dominant mövqeyini bərpa etməyə çalışır.
Təbii ki, Rusiya bütün bu ziddiyyətlərdən maksimum istifadə edir. Tramp administrasiyasının hər ziddiyyətli addımı Kreml tərəfindən vaxt udmaq və cəbhədə mövqeləri möhkəmləndirmək üçün fürsət kimi istifadə olunur. Beləliklə, prezident Donald Trampın “sülh təşəbbüsü” hələlik reallıqdan çox geopolitik oyun, siyasi-diplomatik "tamaşa" təsiri bağışlayır. Və belə təsəvvür yaranır ki, əsl məqsəd sülhü təmin etmək deyil, məhz strateji təşəbbüsün kimdə olacağını müəyyənləşdirməkdir.
Göründüyü kimi, bu mərhələdə ABŞ və Rusiya arasında yaranmış vəziyyət diplomatiyadan daha yox, təzyiq vasitəsilə üstünlük qazanmaq cəhdlərinin təzahürüdür. Tramp administrasiyası da Kreml kimi, artıq Rusiya ilə sülhü yalnız Ağ Evin şərtləri əsasında müzakirə etmək istəyir. Kreml isə həmin müddət ərzində mümkün qədər çox “zaman qazanmağa” və hərbi dinamikanı dəyişməyə çalışır. Və bu baxımdan, Tramp administrasiyası dövründə ABŞ-ın Ukrayna siyasəti indi artıq bir diplomatik “sülh teatrı”na çevrilib. Halbuki, bu geopolitik "tamaşa"nın son pərdəsi isə hələ heç açılmayıb.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ